“Azərbaycan qazının Avropaya ixracı yeni perspektivlər yaradır” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan qazının Avropaya ixracı yeni perspektivlər yaradır” ÖZƏL-MÜNASİBƏT

“Pandemiyanın doğurduğu çətinliklər, 44 günlük ağır müharibə Azərbaycan iqtisadiyyatını sarsılda bilmədi. Müəyyən çətinliklər olsa da hadisələr göstərdi ki, Azərbaycan iqtisadiyyatı davamlıdır, dözümlüdür, rəqabətqabiliyyətlidir və gələcəkdə inkişafı üçün möhkəm bünövrə var. Əlbəttə ki, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın dünyada tanıdılması, Azərbaycan xalqının döyüşlərdə mühüm qələbəsi iqtisadiyyatımızın möhkəmliyini bir daha sübut edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, bütün bu amillər, bu keyfiyyətlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin düşünülmüş siyasi xəttidir və bu xətdin müvəffəqiyyətlə yerinə yetirilməsi bu gün Azərbaycan qazının, neftinin dünya bazarına çıxarılmasını və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atdığını göstərir.

“Bu gün TAP xətti ilə Azərbaycan qazının dünyanın bir çox ölkələrinə, eləcə də İtaliya, Bolqariya, Yunanıstan kimi böyük dövlətlərə ixrac olunması bir daha göstərir ki, Azərbaycan dünya ölkələri ilə iqtisadi əlaqələrini möhkəmləndirir və bu Azərbaycanın beynəlxalq nüfuzuna böyük tövhədir. Əlbəttə ki, Azərbaycan qazının dünya bazarına çıxarılması, Cənub Qaz Layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsi yeni perspektivlər yaradır və bundan sonra Azərbaycan iqtisadiyyatına külli miqdarda vəsaitin cəlb olunmasını təmin edir ki, bu da bizim hər birimizi sevindirir. İqtisadi nailiyyətlərimizin yüksəldilməsi əlbəttə ki, bizim həm daxildə, həm xaricdə nüfuzumuzun yüksəldilməsi üçün, Azərbaycanın dəstəklənməsi üçün, Azərbaycanın dostlarının artması, sözümüzün kəsərli olması üçün çox vacibdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bütün səylərini məhz bu istiqamətdə qurur və Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm layihələrin, proqramların həyata keçirilməsini özünün birinci dərəcəli vəzifələrindən hesab edir.

Bizim hər birimiz sevinirik. Ona görə sevinirik ki, artıq biz Azərbaycan torpaqlarının düçmən işğalından azad olunmasını təmin etdik. Artıq ölkədə koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilir və bu sahədə Azərbaycan dünyada öz sözünü deyən, öz bəşəri dəyərlərini göstərən bir ölkə kim tanında. Əlbəttə ki, 2021-ci ildə Azərbaycanın nailiyyətləri daha böyük olmalıdır. Bu gün Azərbaycan iqtisadiyyatının möhkəmlənməsi gələcəkdə imkan yaradacaqdır ki, Azərbaycan bu zamana qədər işğal altında olan, işğaldan azad edilmiş torpaqların bərpası üçün daha səmərəli tədbirlər həyata keçirə bilsin. Ölkə rəhbərinin qeyd etdiyi kimi, işğaldan azad olunmuş torpaqlar cənnətə çevriləcək, o yerlərdə həyat öz axarına düşəcək və tez bir zamanda həmin torpaqlarda, istər kənd təsərrüfatı məhsullarının istehsal olunması, istər turizmin inkişaf etdirilməsi, istərsə də əhalinin nümunəvi yaşayışı üçün hər cür imkan və şəraiti yaradılacaqdır. Əlbəttə ki, bu, ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsindən keçir və Azərbaycan iqtisadiyyatı nə qədər möhkəm olarsa, azərbaycan xalqının həyat şəraiti də bir o qədər yaxşılaşmış olar. Ona görə də TAP xətti ilə Avropanın bir çox ölkələrinə qazın ixrac edilməsi Azərbaycan vətəndaşlarının hər birini sevindirir və elə bilirəm ki, bu siyasət bundan sonra da davam etdirilməlidir. Çünki, Azərbaycan dövləti bu gün dünyada islahatlar keçirən, həm də iqtisadi cəhətdən inkişaf edən dövlətlərdən biridir və Azərbaycan iqtidarı, Azərbaycan hökuməti bundan sonra da ölkəmizin qüdrətlənməsi, möhkəmlənməsi, dövlətçiliyinin daha davamlı olması üçün iqtisadi amillərə üstünlük verməlidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə