30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin 28 il ərzində dumanlı fəaliyyəti yalnız vədlərdən, səmərəsiz danışıqlardan ibarət olub. Ermənipərəst qüvvələrin göstərişlərinə əsasən "fəaliyyət göstərən", öhdəliklərindən başqa gərəksiz işlərlə məşğul olan Minsik qrupu həmsədrlərinin vasitəçilik missiyası özünü doğrultmadı. Minsk qrupunun, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında vasitəçilik missiyasını üzərinə götürən, obyektivlik, tərəfsizlik, qərəzsizlik öhdəliklərinə əməl etməyən ABŞ, Fransa, Rusiya onlara göstərilən inamı doğrultmadılar. Xüsusi diqqət çəkən Fransanın ermənipərəst mövqeyi bütünlüklə qrupun fəaliyyətini göstərir.
Azərbaycan Ordusunun Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdikdən sonra iç üzünü, əsl mövqeyini ortaya qoyan Fransa Senatında "Dağlıq Qarabağ Respublikası"nın tanınmasının zəruriliyinə dair" qətnamənin müzakirəsi təxribat olmaqla, erməni təəssübkeşliyindən qaynaqlanır. Vasitəçi ölkənin bitərəf və qərəzsiz olmasını unudan Fransanın qərəzli addımı Ermənistanın status-kvonun saxlanılması istəyinə dəstəkdir. Qətnamədə Azərbaycan və Türkiyə ilə bağlı böhtanların yer alması bu ölkə üçün utancverici hərəkət, terrora "yaşıl işıq" yandırmaqdır.
Ermənistanın işğalçılıq siyasətini hər vasitə ilə müdafiə edən Minsk qrupunun həmsədr ölkələrinin təmsilçilərinin 44 gün davam edən müharibəni müşahidəçi kimi izləməsi, səssiz qalması, torpaqlarını işğaldan azad edən Azərbaycanın haqlı mövqeyini müdafiə etməməsi, ermənilərin Gəncəni, Bərdəni, Tərtəri daim atəşə tutmasını pisləməməsi, dinc sakinlərin, o cümlədən uşaqların qətlinə göz yumması, əksinə Ermənistanın məğlubiyyətini məyusluqla qarşılaması Minsk qrupunun öhdəliklərinə biganə yanaşmasıdır.
Bu günlərdə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri Stefan Viskontini, Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən Prezidentİ lham Əliyevin vurğuladığı kimi, reallıq budur ki, fəaliyyət göstərdiyi 17 ildə ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsada, bunlar heç bir nəticə verməmişdir. Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu bildirən Prezident İlham Əliyevin "Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu, siyasi vasitələrlə nail oldu… Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi" sözləri də təsdiqləyir ki, hazırda regionda yeni vəziyyət mövcuddur. "Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdırki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar" söyləyən Prezident İlham Əliyev bildirdi ki, bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Prezident İlham Əliyev görüşdə qısa müddətdə humanitar atəşkəsi pozan Ermənistanın tərk etdikləri Kəlbəcərdə, Laçında, Ağdamda törətdikləri vəhşilikləri, barbarlıqları diqqətə çatdıraraq bildirdi ki, dini abidələrə belə hörmət etməyərək insanlıqdan kənar əməllər törədən ermənilər milli mahiyyətlərindən irəli gələn dağıdıcılıq və faşizm ideologiyasına sadiqliklərini göstərdilər.
Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının bəyanatlarına diqqət çəkən Prezident İlham Əliyev həmsədr ölkələrin başçılarının Akvildə, Muskokoda söylədikləri "status-kvo dayanıqlı deyil" sözlərini işğalçıya dəstək adlandırdı. Vurğulandı ki, status-kvonun saxlanılması Ermənistanın işğalçılıq siyasətinə, terrora dəstəkdir.
Prezident İlham Əliyevin qonaqlara müraciətlə söyləydiyi "buraya gəlmək sizin ideyanızidi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm" sözləri dünya siyasi müstəvisində özünəməxsus çəkisi, yeri və xidmətləri olan, sülhsevər təşəbbüsləri dəstəklənən, diplomatik səyləri ölkəmizə uğur qazandıran liderin, döyüşlərdə zəfər qazanan müzəffər ordunun qalib Ali Baş Komandanının qətiyyətinin ifadəsidir.
Görüşdə Ermənistanın hələ də təxribatlar törətdiyi diqqətə çatdırılaraq bildirildi ki, Azərbaycanın bölgədə lokal anti terror aparmaq hüquqü var. Son günlərdə Azərbaycan Ordusunun nəzarətində olan Hadrutun kəndlərin də ermənilərin törətdikləri təxribatlar, guya partizan müharibəsinə cəhdlərə adekvat cavab vermək üçün Azərbaycan dövləti terrorçulara qarşı barışmaz mövqeyində qalır. Bunu məğlubiyyətini rəsmən təsdiqləyən Ermənistan heç zaman unutmamalıdır.
Regionda yaranan keçid mərhələsinə toxunan Minsk qrupu həmsədrlərinin də etiraf etdikləri kimi, regionda qərəzsiz və kollektiv qaydada sabitliyin mövcudluğu ilə yeni vəziyyət yaranıb. Bu sabitliyin müəllifi isə sivilizasiyalar arası münasibətlər, xalql ararasında siyasi, iqtisadi, mənəvi, humanitar körpü yaradan təşəbbüskar, qüdrətli Azərbaycandır.
Rəşad İmanov, politoloq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB