“Azərbaycanın Ermənistan üzərində qələbəsini həzm edə bilmirlər” ÖZƏL-MÜNASİBƏT
“Bakıda dekabrın 10-da keçirilmiş Qələbə paradı ağır bir daş olub, düşüb həm “cənubun”, həm də “şimalın” başına. Biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirakından qıcıqlanır, o birisi paradda nümayiş etdirilən texnikaları görüb, “özündən gedir”. Rusiyadakı qaragüruh RF tərəfindən Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən məhv edilmiş, modern çağırışlarla uzlaşmadığı isbat edilmiş texnikanın nümayişini həzm edə bilmir”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, həmin qrup Qələbə Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakından da bərk qıcıqlanıb: “İndi bunun qisasını alırlar. Nə ilə? Azərbaycan pomidorunun idxalına qadağa qoymaqla! Anlamırlar ki, Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsinin səbəblərini Azərbaycan xalqı yaxşı anlayır, bilir ki, bu, süni şəkildə əngəl yaratmaqdan başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti görür və başa düşür ki, sülhməramlı qüvvələr səlahiyyət həddini aşaraq, Dağlıq Qarabağda son günlərdə cızdığı yeni xəritələr, oradakı erməni tör-töküntüsünü aktivləşdirmək Qələbə Paradında nümayiş etdirilənlərə “cavabdır”. Amma bu, Azərbaycan xalqında öz davranışlarına görə məyusluq yaratmır, əksinə, anti-Rusiya meyillərinin daha da güclənməsinə səbəb olur, Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə vurur. Azərbaycan xalqında suallar formalaşır: 44 günlük Vətən Müharibəsi dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını, Gəncə, Bərdə və Tərtər şəhərlərinin, məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulmasını hara yazaq? Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanı davam etdirmək, bu regiondakı imicini yaxşılaşdırmaq istəyirsə, Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB