“Təxribatçı informasiyalar sosial təbəqələri, fərdləri, hətta dövlətləri təhdid edir” ÖZƏL-MÜNASİBƏT

“Təxribatçı informasiyalar sosial təbəqələri, fərdləri, hətta dövlətləri təhdid edir” ÖZƏL-MÜNASİBƏT

"Sosial şəbəkələr azad fikir paylaşımı platforması olmaq baxımından ciddi əhəmiyyət daşısalar da, qeyri-dəqiq, fake məlumatların yayılması, manipulyasiyalara meydan vermələri baxımından ciddi problem yaradırlar. Təhlilçilər göstərirlər ki, sosial şəbəkələr üzərindən yayılan xəbərlərin 60 faizi qeyri-dəqiq, yalan və təxribatçı informasiyalardır. Burada etibarlılıq, xəbər standartlarına uyğunsuzluq bir problemdir, digər problem isə, düşünülmüş, şüurlu şəkildə paylaşılan manipulyativ informasiyalardır”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, belə təxribatçı informasiyalar cəmiyyəti, sosial təbəqələri, fərdləri, hətta dövlətləri təhdid edir, təhlükəsizlik problemləri yaradır: “Təəssüf hissi ilə qeyd edilməlidir ki, sosial şəbəkələrdə baş verən neqativlərin qarşısını almaq üçün, hələlik, effektiv, hər kəs üçün qəbul edilə biləcək konkret modellər tapılmayıb, dünyaya təqdim edilməyib. Bu yolda ayrı-ayrı nümunələr, təcrübələr olsa da, hələlik, tam effek verən və hər kəs üçün qəbul edilən təkmil model yoxdur”.

M.Ələsgərlinin fikrincə, hələlik, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi, qanunvericiliyin uyğunlaşdırılması və inzibati məhdudlaşdırmalardan istifadə edilir: “Amma bir daha qeyd edirəm ki, hələlik bu variantlardan heç biri tam effekt vermir. İş o yerə çatdı ki, bu ilin may ayında ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi üçün ən sərt tədbirlərin görülməsu yönündə sərəncam imzaladı. ABŞ-da “Onlayn senzuradan müdafiə barədə” sərəncamdan irəli gələn tələblər üzərində iş gedir. Problemin mahiyyəti odur ki, elə bir model axtarılır ki, burada həm ifadə azadlığının imkanları qorunub saxlanılsın, həm də neqativlərin qarşısını almaq mümkün olsun”.

M.Ələsgərli onu da bildirdi ki, indi ayrı-ayrı ölkələr sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin uyğunlaşdırılması, bəzi ölkələr isə sərtləşdirilməsi üzərində iş qururlar: “Mən nümunə olaraq ən yaxşı modellərdən biri kimi Türkiyə variantını göstərə bilərəm. Türkiyədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi üçün xüsusi qanun qəbul edildi. Bu qanunun digər ölkələrdən fərqlənən müsbət tərəfi odur ki, çox yığcamdır, anlaşılandır, effektivdir, həm də, sosial şəbəkələrlə bağlı problemlərin əsl səbəblərini də ortaya qoymuş olur. Orada göstərilir ki, hər hansı bir sosial şəbəkə platformasının Türkiyədə istifadəçilərinin sayı 1 milyon nəfəri keçirsə, həmin platforma ölkədə özünün təmsilçiliyini, ofisini yaratmalıdır. Bu, çox ciddi məqamdır. Yerli ofisin, təmsilçiliyin olması imkan yaradır ki, hər hansı bir sosial şəbəkə platformasında yaranmış problemi operativ şəkildə müraciət edib dərhal aradan qaldırmaq mümkün olur. Mən Azərbaycanda da bənzər qanun qəbul edilməsini istərdim”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə