Rus jurnalist Qarabağ savaşını XXI əsrin ən qanlı müharibəsi adlandırdı ANALİTİK
Vyaçeslav Şurıqin: “Erməni ordusunu müharibənin qazanında qaynadıb-yox etdilər”
Azərbaycan Ordusunun Qarabağda apardığı və dünyaya səs saldığı Vətən müharibəsi bir sıra xarici media qurumlarının diqqəti mərkəzində qalmaqdadır. Tanınmış hərbi-siyasi ekspertlər, jurnalistlər hələ uzun illər danışılacaq müasir hərb sistemimizdən bəhs edir, fikir və mülahizələrini irəli sürürlər. Xüsusilə, Azərbaycan Ordusunun hərbi texnologiyaları ilə yanaşı, digər hərbi birliklərinin qəhrəmanlıq salnaməsi barədə edilən qeydlərdən də nəticə çıxarmaq olar ki, müzəffər Silahlı Qüvvələrimiz işğaldan azad etdiyi torpaqlarımızın hər qarışında yeni dünyanın yeni tarixini yazdılar.
"Ermənistan bu müharibədə tam dağıdıcı məğlubiyyətə uğradı"
“Azərbaycanın Baş Qərargahının ən yaxşı əməliyyatı müharibənin kulminasiyası olaraq kəşfiyyat qrupları və xüsusi təyinatlılar tərəfindən Şuşanın alınması oldu”. SİA xəbər verir ki, bu haqda Rusiyanın “Jurnalistkaya pravda” (Jurnalist həqiqəti) qəzetinin baş redaktoru Vyaçeslav Şurıqin “Svobodnaya pressa” (Azad mətbuat) nəşrində 44 günlük Qarabağ müharibəsinə həsr etdiyi məqaləsində yazıb.
Onun fikrincə, “Dağlıq Qarabağ ordusu” faktiki olaraq Azərbaycan tərəfindən məhv edildi, Ermənistan bu müharibədə tam dağıdıcı məğlubiyyətə uğradı.
O, həmçinin qeyd edib ki, sözügedən müharibənin gündəlik itkiləri rəsmi məlumatlara görə XXI əsrin ən qanlı hadisələrindən hesab olunur.
Azərbaycan komandanlığı hərb meydanında, xüsusilə müharibənin sonuncu mərhələsində, erməni müdafiə xətlərinin bir neçə tərəfdən yarıldığı zaman özünün uğurlu fəaliyyəti ilə seçilib
“Bakı üçün qələbə elə də rahat əldə olunmayıb və o, əsasən düşmən üzərində ümumi iqtisadi və hərbi üstünlüyünü təmin edib, həmçinin, müharibəyə daha dəqiq hazırlıq, eləcə də kifayət qədər ehtiyatın olması, o cümlədən hərbi peşəkarlıq da öz sözünü deyib. “Erməni ordusunu müharibənin qazanında qaynadıb-yox etdilər, halbuki Azərbaycan tərəfinin müharibəni davam etdirməsi üçün kifayət qədər resursları, imkanları var idi”, yazan Şurıqin əlavə edib ki, Azərbaycan komandanlığı hərb meydanında, xüsusilə müharibənin sonuncu mərhələsində, erməni müdafiə xətlərinin bir neçə tərəfdən yarıldığı zaman özünün uğurlu fəaliyyəti ilə seçilib.
Rus jurnalist uğurlu Şuşa əməliyyatının müharibənin kulminasiyası hesab etdiyini yazaraq bildirib ki, müharibənin sonlarında erməni tərəfi daha düşkün vəziyyətə düşməyə başlamışdı. “Təhlükələrə verilən reaksiyalar gecikirdi və vəziyyət daha tez-tez nəzarətdən çıxırdı”, yazan rusiyalı baş redaktoru erməni tərəfinin, hətta azərbaycanlıların harada olduqları, hansı hədəflərə doğru irəlilədikləri planlarından da xəbərsiz olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin Rusiyanı müharibəyə cəlb etmək üçün “strateji məqsədi” də işləmədi.
Azərbaycan vəziyyətin dəyişməməsi üçün Ermənistanın ərazilərinə zərbələr endirmədi
Şurıqin yazır ki, Türkiyə aviasiyası tərəfindən Ermənistan ərazisi üzərindən vurulan erməni qırıcı təyyarəsindən başlayaraq, Azərbaycan ərazilərinin Ermənistan ərazisindən əməliyyat-taktiki raketlər vasitəsilə, nümayişkaranə şəkildə atəşə tutulmasına və Ermənistanın ərazilərinə cavab zərbələrinin endiriləcəyi gözləntilərinə, ardınca isə KTMT-nin nizamnaməsinə ediləcək müraciətlərə qədər edilən cəhdlər nəticəsiz qaldı. Azərbaycan vəziyyətin dəyişməməsi üçün Ermənistanın ərazilərinə zərbələr endirmədi.
Rusiyalı baş redaktor Ermənistanın daha əvvəllər işğal etdiyi ərazilərin Azərbaycana geri qayratacağını, sonrakı prosesdə Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdiriləcəyini ehtimal etdiyini də bildirib.
Azərbaycanın qələbəsini onun quru qoşunları, tankları, artilleriyaları, kəşfiyyatı və xüsusi təyinatlıları təmin ediblər
Şurıqin əlavə edir ki, bəzi hərbi ekspertlərin dedikləri kimi qələbəni yalnız türklərin və israillilərin PUA-ları əldə etməyib və 2700 azərbaycanlı həbrçi koronavirusdan həyatlarını itirməyiblər, onlar erməni artilleriyasının və minaatanlarının açdıqları atəşlər nəticəsində həlak olublar.
“Erməni minalarına düşüblər, erməni snayperlərinin güllələrinə hədəf olublar, erməni piyadalarının pulyemyot və qumbaraatanlarının atəşləri altına düşüblər. Azərbaycanın qələbəsini onun quru qoşunları, tankları, artilleriyaları, kəşfiyyatı və xüsusi təyinatlıları təmin ediblər. Bu, qanlı müharibə idi...”, Vyaçeslav Şurıqin yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB