Ermənistan müxalifəti hakimiyyəti hədələyir Ümummilli mitinq

Ermənitan müxalifəti Vətənin Qurtuluş Hərəkatının qurulduğunu bəyan edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Vətən” partiya məclisinin üzvü Arsen Babayan, 17 müxalifət partiyasının fəaliyyət formatının genişləndirildiyini və Vətənin Qurtuluş Hərəkatının yaradıldığını elan etdiyi barədə öz Facebook səhifəsində paylaşım edib.

Qeyd edilir ki, son həftələrdə İrəvanda 17 müxalifət partiyası tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları hələ də davam edir. 9 noyabrda Paşinyan tərəfindən Rusiya və Azərbaycan liderləri ilə Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə Azərbaycanın xeyrinə olan bəyanatın imzalanması siyasətçiləri və sıravi vətəndaşları qəzəbləndirib.

“Nikol Paşinyan və onun rejimi, əslində, ölkənin təslim olmasına gətirib çıxardı, bütün erməni xalqına ciddi itkilər verdirdi, onilliklər boyu əldə edilən nailiyyətlərin üstündən xətt çəkdi, ləğv etdi və uzun müddət milli təhlükəsizliyi təhlükə altına atdı. Baş verənlər yaxın gələcəkdə tam siyasi və hüquqi qiymətləndirməsi veriləcək milli bir fəlakət və xəyanətdir", deyə Babayan öz sosial şəbəkə hesabında yazıb.

Babayan, Paşinyan və rejiminin fəaliyyətinin hər saatının Ermənistan vətəndaşlarının təhlükəsizliyi üçün təhlükə yaratdığını qeyd edərək, bütün sahələrdə uğursuzluğa düçar olan rejimin geosiyasi çağırışlara tab gətirə bilməyəcəyini və siyasi, sosial, iqtisadi və psixoloji böhranın öhdəsindən gələ bilmədiyini vurğulayıb.
“Yeni keyfiyyətli hökumətin qurulması vacib bir məsələyə çevrilib. Mövcud vəziyyətə əsaslanaraq, geniş ictimaiyyətin tələblərini nəzərə alaraq, 17 partiyadan ibarət olan şura, formatını genişləndirməyə və Vətənin Qurtuluş Hərəkatını qurmağa qərar verilib. Bu hərəkat bütövlükdə erməni hərəkatıdır və tərəfsizdir. Hərəkat məclisinə partiyaların, ziyalıların və geniş ictimaiyyətin nümayəndələri daxildir”, deyə “Vətən” partiya məclisinin üzvü bildirib.

Babayanın sözlərinə görə, Hərəkatın məqsədi, Ermənistanın dövlətçiliyinin itirilməsinin qarşısını alacaq, ölkənin müharibədən sonrakı reabilitasiyasını həyata keçirəcək, milli-dövlət maraqlarına əsaslanan daxili və xarici siyasət üzərində işləyən keçid, böhran əleyhinə bir hökumətin qurulması yolu ilə Ermənistanın fəlakətli rejimindən konstitusiya yolu ilə ən qısa müddətdə xilas olmaq, vətəndaşların təhlükəsizliyinin təminatlarının gücləndirilməsinə dair və erkən parlament seçkilərini təşkil edilməsidir.

“Şura Vazgen Manukyanı keçid hökumətinin başçısı - anti-böhran idarəçiliyi təcrübəsi, səmərəli danışıqlar aparmaq bacarığı, daxili həmrəylik və milli birliyi təmin etmək iradəsi və qətiyyəti olan Ermənistanın baş Naziri vəzifəsinə təqdim edir. Vazgen Manukyan baş nazir olan kimi partiyasını dayandıracaq, qarşıdakı parlament seçkilərində şəxsən iştirak etməməyi, baş nazir namizədliyini verməməyi öhdəsinə götürəcək. Eyni zamanda, bir il sonra Seçki Məcəlləsinə uyğun olaraq bütün siyasi qüvvələr üçün bərabər şərait təmin edilərək erkən parlament seçkiləri təşkil etmə borcunu boynuna götürür”, deyə o məqsəd və məramlarını paylaşıb.
Babayan, baş nazir postuna vahid namizədin 5 dekabr 15: 00-da keçiriləcək böyük bir milli mitinqdə yeni hökumətin prioritetlərini və böhran əleyhinə addımlarını təqdim edəcəyini bəyan edib.

Xatırladaq ki, son həftələrdə Ermənistanda mitinqlərin, etiraz aksiyalarının, küçə nümayişlərin ardı-arası kəsilmir və kütlənin tələbi Nikol Paşinyanın Ermənistanın baş naziri postundan istefa verməsidir. Bununla belə qeyd edək ki, erməni baş nazirin istefa vermək fikrində olmadığı müşahidə edilir və buna görə də Ermənistan müxalifəti bu dəfə Paşinyana hədə kəsərək, 5 dekabr tarixində ümummilli mitinq keçirəcəyini bəyan edib və bu mitinqdə irəli sürüləcək tələblərdən bəhs edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...