Qələbəmiz Azərbaycanı dünyada güclü və qüdrətli bir dövlət kimi tanıdıb - MÖVQE ÖZƏL

"1 dekabr 2020-ci il Azərbaycanın şərəfli tarixinə yazılacaq günlərdən biri oldu. İşğal altındakı sonuncu rayonumuz olan Laçın işğaldan azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Laçının işğaldan azad edilməsi ilə Azərbaycan öz dövlət sərhədlərini də bərpa etmiş oldu. Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Laçın işğaldan heç bir güllə atılmadan, şəhidimiz olmadan qaytarıldı. Artıq işğaldan azad olunmuş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva deyib.

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi Müzəffər Azərbaycan Ordusunun əsgərinin rəşadəti, xalqımızın öz Prezidentinin ətrafında yumruq kimi birləşməsi, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində Azərbaycanın tam qələbəsi ilə başa çatdı: "Ermənistan ordusu tam darmadağın edildi. Artıq Dağlıq Qarabağ adlı problem mövcud deyil. Müharibə bitdikdən sonra işğal dövründə Ermənistan tərəfindən Azərbaycana dəymiş bütün maddi ziyan hesablanacaq və beynəlxalq məhkəmələrdə bu barədə məsələ qaldırılaraq ödənilməsi tələb ediləcək. Bu müharibədə şəhidlərimiz də, qazilərimiz də oldu. Erməni faşistləri mülkü əhalimizin qətlə yetirdi, evlərini dağıtdı, amma xalqımız geri çəkilmədi, ruhdan düşmədi. İstər arxa cəbhə, istərsə də səngərdəki əsgərlərimiz Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını canla başla yerinə yetirdilər. Çünki Azərbaycan xalqı öz Prezidentini sevir və ona inanırdı. İndi hər bir Azərbaycanlı qalib bir dövlətin vətəndaşı olmasından qürur duyur və Azərbaycanlı olması ilə fəxr edir".

Ekspert bildirib ki, bu qalibiyyətdən sonra Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyacaq: "Ölkəmiz istər iqtisadi, istərsə də siyasi sahədə daha da güclənəcək. Prezident cənab İlham Əliyevin başçılığı altında işğaldan azad olunmuş regionlarımız yenidən qurulacaq, elə bir infrastruktur yaradılacaq ki, bütün dünya Azərbaycan xalqının inkişaf edən, qurub yaradan bir xalq olduğunun şahidi olacaq. Beynəlxalq iqtisadi qurumlar Azərbaycanla əlaqə qurmağa, Azərbaycana investisiya qoymağa can atırlar. Çünki Azərbaycanın siyasi idarəçiliyinə inanırlar və Xoş niyyətlə gələn bütün qurumlara Azərbaycanın qapıları açıqdır". K.Əliyeva vurğulayıb ki, bu müharibədə Azərbaycan öz dost və düşmənlərini də tanıdı: "Cənab Prezident bu dövrdə Azərbaycana dəstək olan bütün dövlətlərə öz təşəkkürünü bildirdi. Bizə düşmən olan dövlətlərə öz qətiyyətli sözünü dedi və onları yerində otuzdurdu. Artıq bütün dünya əvvəllər Azərbaycanı regionda qüdrətli bir dövlət kimi tanıyırdısa, indi bütün dünyada güclü və qüdrətli bir dövlət kimi tanıdı"

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə