"Əgər biz bunları edə bilməsək, yoluxmaların sayı çoxalacaq" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Covid-19 koronavirus pandemiyasına yoluxmada ən mühüm amil həmin o yoluxma zəncirinin qırılmasıdır. Təbii ki, burada da insanın özünün həmin o yoluxma zəncirinin qırılmasında rolu mühüm əhəmiyyətə malikdir". Bunu SİA-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputatın sözlərinə görə, tibbi maskadan, dezinfeksiyaedici məhlullardan istifadə etmək, ara məsafəsinin saxlanılması və insanların sıx toplaşdığı məkanlardan uzaq olmaq ən vacib amildir: "Ərzaq dükanına, digər yerlərə getdikdə isə təbii ki, sadaladığım qaydalara əməl etmək lazımdır. Bütün bunlar insanın fərdi qorunmasıdır və bu çox önəmlidir. Digər vacib şərt isə administrativ tədbirlərin yəni ictimai nəqliyyatda, ərzaq dükanlarında, əhalinin sıx toplaşa biləcəyi digər məkanlarda məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır. Həmin məkanlarda dezinfeksiyaedici məhlulların olması, insanların hərarətinin ölçülməsi mühüm əhəmiyyətə malikdir. Bunlar heç bir nəticə vermədikdə isə əvvəlki qaydada məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi vacibiyyət daşıyır.

Nəqliyyatda, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarında yaranan sıxlığa gəldikdə isə qeyd etmək istərdim ki, bunun qarşısının alınmasında hər bir özəl və dövlət müəssisəsinin, eləcə də yerli strukturların çox mühüm rolu var. Belə olan halda xətlərə əlavə nəqliyyatlar verilməlidir. Əgər biz bunları edə bilməsək, yoluxmaların say həddinin artmasının qarşısını almaq çox çətindir. Hal-hazırda cəmiyyətdə kütləvi immunitetin formalaşması üçün o rəqəmin riski çoxdur. Siz fikirləşin ki, biz nə qədər yoluxma potensialı yüksək olan cəmiyyətdə yaşayırıq. Ona görə də bu rəqəmlərin artması çox risklidir.

Karantin qaydalarının sərtləşdirilməsinə gəlincə, bu, aparılan statistik analizlərin nəticəsində müəyyən olunacaq. Beləki yoluxmaların sayı, səhiyyə sistemində çarpayıların miqdarı, səhiyyə sisteminə düşən yük analiz edilir və buna müvafiq olaraq qərar qəbul edilir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...