Putin Dağlıq Qarabağ və Türkiyə ilə bağlı nə demək istədi? - ŞƏRH ÖZƏL

Putin Dağlıq Qarabağ və Türkiyə ilə bağlı nə demək istədi? - ŞƏRH ÖZƏL

"Rusiya Prezidenti Vladimir Putinin "Rossiya-24" telekanalına verdiyi müsahibəsi, səsləndirdiyi fikirlər və sərgilədiyi mövqe bir neçə aspektdən önəmli olmaqla yanaşı, eyni zamanda bir sıra vacib məsələlərə də aydın işıq tutur. Birincisi, 10 noyabr razılaşmasından sonra Ermənistanda baş verən siyasi prosesləri nəzərə alsaq, düşünürəm ki, Putinin hazırki vəziyyətlə bağlı mövqeyində ən əsas məqam Dağlıq Qarabağın hər zaman Azərbaycana aid olmasıyla bağlı səsləndirilən fikirdir. Bu, olduqca mühüm mesajdır. Belə ki, bu həm tarixi, həm hüquqi baxımdan ermənilərin Dağlıq Qarabağı manipuliyasiya etmək şansına birdəfəlik son qoydu. İkincisi, Rusiya Prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir. Bu baxımdan Türkiyə-Azərbaycan müttəfiqliyindən bəhs edərkən Türkiyənin sərgilədiyi mövqeyinin əsla beynəlxalq hüquqa zidd olmadığını, yəni Azərbaycanın müstəqil dövlət kimi öz seçdiyi müttəfiqləri ilə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının normal hal olduğunu və hər şeyin hüquqi kontekstdə baş verdiyini göstərir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, Putinin müsahibəsində vacib məsələlərdən biri Ermənistanın 10 noyabr razılaşmasından imtina etməsinin böyük səhv, onun intiharı kimi dəyərləndirməsidir ki, beləliklə də Ermənistanın Qarabağla bağlı hazırki razılaşmadan imtina etməsinin qeyri-mümkünlüyü təsdiqini bir daha tapmış olur: "Məlum olduğu kimi Ermənistanda revanşist dairələr bu razılaşmadan imtina edilməsi məsələsini gündəmə gətirirlər. Putin isə bunlara cavab kimi bildirir ki, fərq etməz ya Paşinyan, ya gələcəkdə onun yerinə gələcək başqa şəxsin belə bir addım atması, buna cəhd etməsi Ermənistan üçün fəlakətə səbəb ola bilər. Yəni rəsmi Moskva hakimiyyətdə kimin olacağından asılı olmayaraq mövqeyini açıq və prinspial şəkildə ortaya qoyur. Ermənistanın savaşdan mütləq məğlubiyyətlə ayrılması və Putinin Azərbaycan ordusunun ən müasir və güclü ordulardan biri olduğunu olduqca düzgün qiymətləndirərək vurğulması Ermənistanın ikinci dəfə savaşa girməsinin hansı sonluqla nəticələnə biləcəyinin cavabını vermiş olur. Bununla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının buraya müdaxilə edə bilməməsini vurğulaması, heç kimin Ermənistana təcavüz etmədiyini bildirməsi də Ermənistan üçün açıq mesajdır".

Ş.Həsənova vurğulayıb ki, bütövlükdə Putinin bu müsahibəsi bundan sonrakı mərhələr və proseslər üçün regional və bütün beynəlxalq aktorlara yeni reallığı dərk etmələri üçün siqnallar ötürmüş olur: "Ən vacib məsələlərdən biri də post-münaqişə dövründə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha yüksələn xətt üzrə inkişaf edəcəyi ilə bağlı daha müsbət perspektivlər yaradır ki, bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğun gəlir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə