Ekoloji terrora dərhal son qoyulmalıdır! ANALİTİK+FOTOLAR

Yaxud, Rusiya sülhməramlıları hara baxırlar?

İşğalçı Ermənistanın Azərbaycan Ordusu qarşısında aldığı sarsıdıcı məğlubiyyətinin ardınca şanlı qələbəmizlə başa çatmış Qarabağ münaqişəsi diplomatik mərhələyə keçid aldı. Artıq azad olunmuş ərazilərimiz öz daimi sakinlərini gözləyir, tikinti-quruculuq, əkin-biçin işləri, yeni-yeni sosial və s. infrastruktur layihələrinin icra edilməsi perspektivləri isə düşmən tapdağından azad olunmuş yerlərimizin çiçəklənməsinə, yeni həyata qədəm qoymasına yol açacaq. Bəli, hər birimiz – Azərbaycan vətəndaşları gələcəyimizə nikbin baxırıq və bu nikbinlik hər zaman bizlərdə olub. Çünki dövlətinə, dövlət başçısına inanan, etimad edən istənilən şəxs bilirdi ki, gec, ya da tez mənfur düşmən tapdağı altında qalan torpaqlarımız Onun – Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi, əzmi sayəsində azad olunacaq.

Bəli, indi söz diplomatiyanındır və əsas mübarizə də diplomatiya cəbhəsində aparılacaq. Fakt budur ki, Azərbaycan ötən 30 ildə diplomatiya sahəsində əldə etdiyi uğurları sayəsində öz sözünü dedi. Beynəlxalq aləmin dəstəyini əldə etdi, Qarabağın Azərbaycanın tarixi, əzəli və ayrılmaz ərazisi olduğunu dəfələrlə sübuta yetirdi, işğalçıların torpaqlarımızdan qovulmaları üçün silah gücündən istifadə haqqında olduğunu isbatladı.

Bu gün düşmən tərəfi illərdir törətdiyi əməllərinin ağrı-acılı cavablarını almaqda haqq edir və hələ bundan sonrakı çoxilliklər ərzində də haqq edəcək!

Artıq o da bəllidir ki, işğalçılıqla yanaşı, rəsmi terror siyasəti də həyata keçirən Ermənistan bu reallıqlardan nəticə çıxarmağı bacarmadı və indi də ağır siyasi, iqtisadi, hərbi və sosial böhranlar içində can verir. Təkcə müharibədən sonra qoşnu ölkədə baş verən olayları bir daha nəzərdən keçirərsək, vəziyyətin nə yerdə olduğunu rahatlıqla görə bilərik. Yəni bu gün düşmən tərəfi illərdir törətdiyi əməllərinin ağrı-acılı cavablarını almaqda haqq edir və hələ bundan sonrakı çoxilliklər ərzində də haqq edəcək!

Beləliklə, söz diplomatiyanındır. Məhz diplomatiya cəbhəsində davam edən döyüşdə də Azərbaycanın qələbə çalacağına qətiyyən şübhə yoxdur. Artıq bu qələbələrin də ilkin cücərtiləri görünməkdədir. Misal üçün, sentyabrın 27-dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan dövləti apardığı haqlı mübarizəsində daha çox dostlar əldə etdi, nəinki əks tərəf...

Ən yaxın dostluğu, qardaşlığı Türkiyə tərəfi göstərir, Fransa isə müvafiq cavablarını alır və alacaq!

Ən yaxın dostluğu və qardaşlığı isə bizə regionda söz sahibinə çevrilmiş Türkiyə dövləti, rəhbərliyi əməli, praktiki tərəfləri ilə göstərdi və göstərməkdə davam edir. Düzdür, Fransa və s. kimi bənzər ölkələr bu gün də qazandığımız və haqqımız olan qələbəmizə kölgə salmaq üçün əlindən gələni əsirgəmirlər. Amma görünən budur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa rəhbərliyi yerindəcə müvafiq cavabını alır və alacaq. Əslində, artıq mövcudluğu yox olmuş qondarma, saxta “dqr” adlı bir rejimin tanınıb-tanınmaması da heç nəyi dəyişə bilməz.

Məhz qardaş Türkiyə dövlətinin bütün cəhətlərdən göstərilən dəstək artıq növbəti hərbi-diplomatik qələbəmizə yol açmaqdadır.

Məlum olduğu kimi, Rusiya, Azərbaycan və Ermənistan ölkə başçılarının imzaladıqları bəyannaməyə əsasən, Rusiya sülhməramlıları Qarabağa yerləşdirilib və atəşkəsə nəzarət, eləcə də digər sülhməramlı missiyaları həyata keçirmək öhdəliyini daşıyır. Türkiyə isə daim Azərbaycanın maraqlarını birmənalı olaraq dəstəklədiyinə görə, hərbi kontingentinin yerləşdirilməsi yönündə Rusiya tərəfi ilə danışıqlara start verdi və birgə müşahidə məntəqəsində iştirakı qərarı verildi. Ancaq...

Diplomatik cəbhədə apardığımız mübarzizənin daha bir tərəfi işğalçıların törətdikləri əməllərinə görə ödəməli olacaqları təzminatlardır

Ancaq məsələnin digər tərəfi də var və bunu Prezident İlham Əliyev işğaldan azad eidlmiş ərazilərimizə etdiyi səfəri zamanı kifayət qədər dəqiq şəkildə bəyan etdi. Erməni işğalçıları 30 il həmin ərazilərimizi viran qoyublar, tarixi, mədəni isrimizi dağıdıblar, ekoloji terror törədərək meşələrimizi qırıblar, demək olar ki, bütün sosial infrastrukturlarımız məhv edilib. Əlbəttə ki, diplomatik cəbhədə apardığımız mübarzizənin daha bir tərəfi işğalçıların törətdikləri əməllərinə görə ödəməli olacaqları təzminatlardır və beynəlxalq məhkəmələrdə həmin məsələ də geniş müzakirəyə çıxarılacaq, günahkarların mühakiməsi isə qaçılmaz olacaq. Azərbaycan azad eidlmiş əraziləri tamamilə sıfırdan başlayaraq tikib-quracaq, tikinti-abadlıq işlərinə start verəcək, nəhəng layihələri icra edəcək. Bu birmənalıdır. Fəqət təəssüfedici məqamlar da var və həmin məqamları Rusiya sülhməramlılarının bəzi məsələlərdə etinasız mövqe sərgiləmələri ilə əlaqələndirmək olar.

Rusiya sülhməramlıları ermənilərin ekoloji terrorlarına niyə biganə yanaşırlar?

Misal üçün, azərbaycanlılara məxsus evləri zəbt etmiş erməni əhali bəyannaməyə əsasən, həmin əraziləri tərk edərkən demək olar ki, bütün evləri yandırırlar, tikinti və s. materialları özləri ilə söküb Ermənistana aparırlar və bu barədə kifayət qədər videomateriallar mövcuddur, dünya da bundan halidir. Üstəlik, bu da azmış kimi, indi də ərazilərimizdə ekoloji terror hadisələri törədirlər. Kəlbəcərdə, Laçında, Ağdamda və s. tərk edəcəkləri yerlərdə böyük yaşıllıq massivi olan meşələrimizi çapıb-talayır, çoxillik, nadir ağacları kəsib-doğrayır, bu vasitə ilə külli miqdarda zərər vururlar. Bəli, bu, açıq-aşkar ekoloji terrordur və təəssüf ki, hər bir azərbaycanlıda qıcıq, hiddət yaradan bu məsələyə Rusiyanın sülhməramlıları, sadəcə, seyrçi qalırlar. Niyə, hansı səbəbə əcəba?!

Məgər onların işləri erməni əhalinin ərazilərimizdən çıxarılaraq təhlükəsiz şəraitdə Ermənistana göndərilmələrindən, bu əraziləri mühafizə etməkdən ibarət deyilmi?! Nəyə görə rus hərbçiləri baş verənlərə biganə yanaşırlar?! Axı Azərbaycanın rəsmi dairələri bu barədə bəyanatlar səsləndirib, üstəlik, həmin məsələləri cinayət adlandırıb!

Rusiya sülhməramlıları müşahidə postlarını qurmaqla, minalanmış əraziləri təmizləməklə işlərini bitmiş hesab etməməlidirlər!

Bax, bu kimi vəhşiliklərin də qarşısının alınması üçün qardaş Türkiyənin sülhməramlı kontingentinin Rusiya ilə birgə məlum missiyanı həyata keçirməsinin vacibliyi artıq daha çox görünməyə, tələbə çevirlməyə başlayır. Və bu gün hər kəs əmindir ki, əgər erməni işğalçılarının, eləcə də sakinlərinin ərazilərimizi tərk etdikləri son saata qədər onlar öz köhnə peşələrinə sadiq qalaraq talançılıqla, çapıb-talamaqla məşğul olacaqlar. Bunun isə qarşısını almaq vacibdir. Yəqin ki, Rusiya sülhməramlıları müşahidə postlarını qurmaqla, minalanmış əraziləri təmizləməklə işlərini bitmiş hesab etməməlidirlər və ən qısa zamanda Qarabağımızda ekoloji terror yaradan erməniləri yerlərində oturtmalıdırlar. Bu, onların vəzifələrdir və öhdələrinə düşən vəzifələrini də yerli-yerinə icra etmək borcunu daşıyırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə