İndoneziyanın Respublika Radiosunda Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev bu ölkənin nüfuzlu Respublika Radiosuna Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müsahibə verib.

SİA xəbər verir ki, müsahibədə səfir oktyabrın 26-da növbəti humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin artıq üçüncü dəfə atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutduğunu, habelə cəbhə bölgəsinə yaxın yaşayış yerlərinin intensiv atəşə məruz qaldığını bildirib.

Ermənistanın oktyabrın 10-da Moskva bəyanatının ardınca Gəncə şəhərinin mülki əhalisini ballistik raketlə atəşə tutduğunu, oktyabrın 18-də isə Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də kobud şəkildə pozduğunu xatırladan diplomat üçüncü atəşkəsin başlamasından dərhal sonra işğalçı ordunun Azərbaycan ərazilərini atəşə tutmasının Ermənistanın heç bir öhdəliyi yerinə yetirmək niyyətində olmamasının sübutu kimi qiymətləndirib. Azərbaycanın atəşkəs razılaşmalarına sadiq olduğunu və hörmət etdiyini bildirən səfir atəşkəsin pozulmasına və bölgədə gərginliyin eskalasiyaya görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Cəlal Mirzəyev ölkəmizin uzun illərdir münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupundakı beynəlxalq vasitəçilərlə əməkdaşlıq etdiyini bildirib, Ermənistanın sülhün əldə edilməsində maraqlı olmadığını və torpaqlarımızı həmişəlik işğal altında saxlamaq niyyətində olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, status-kvonu dəyişmək istəməyən Ermənistanın məhz destruktiv mövqe tutması səbəbindən uzun müddət davam edən danışıqlar heç bir nəticə verməyib.

Diplomat 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdiyini, lakin bu sənədlərin hələ də kağız üzərində qaldığını deyib. Bildirib ki, Ermənistan sözügedən qətnamələrə riayət edərək silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsaydı, bu münaqişə bu vaxtadək uzanmazdı.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına istinad edərək bildirib ki, Ermənistan tərəfi işğal altındakı torpaqlarımızdan çıxacağı ilə bağlı münaqişə üzrə vasitəçilər tərəfindən təsdiq edilmiş ciddi öhdəliklər götürəcəyi və atəşkəs rejiminə tabe olacağı təqdirdə, Azərbaycan da danışıqlara hazırdır.

Səfirin müsahibəsi, həmçinin İndoneziya Respublika Radiosunun rəsmi internet səhifəsində yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə