"Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir" MÜNASİBƏT

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə dair qətnamələri 27 ildir kağız üzərində qalıb. Ötən müddət ərzində nümayişkaranə sürətdə bu qətnamələrə məhəl qoymayan işğalçı Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla BMT və beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiq göstərilmədi. Bu günə qədər dünya birliyi təcavüzkarla təcavüzə məruz qalana eyni prinsiplər əsasında yanaşdığına, hətta əksər hallarda işğalçıya dəstək olduğuna görə Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarımızı ilhaq etmək xəttini tutdu. Bu münasibətdən ruhlanan Ermənistanın bugünkü Paşinyan rejimi o qədər həyasızlaşmışdı ki, “Qarabağ Ermənistandır” deyirdi, hətta yeni ərazilərin işğal edilməsi üçün müharibəyə hazırlaşırdı”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxarmışdı. Ən acınacaqlı mənzərə isə odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həmsədr ölkələrin yadından çıxmışdı. Digər ölkələrə münasibətdə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda Ermənistanla bağlı həmin sənədlərə toxunmurdular: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın zəbt edilmiş ərazilərindən çıxarılması tələb edilirdi. Lakin çox təəssüflər olsun ki, özünü tam cəzasızlıq mühitində hiss edən Ermənistan bu tələbləri qulaq ardına vurur, qudurqanlığına və özbaşınalığına görə işğalçı dövlətə güldən ağır söz deyən olmurdu. Faktiki olaraq 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Azərbaycanın işğal altında olan torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin edir. Bununla da Azərbaycan Ordusu beynəlxalq hüququ və ədaləti öz silahı gücünə, zəfər döyüşləri ilə təmin etməli olur. Bir az da konkretləşdirmiş olsaq, Azərbaycan Ordusunun gücü və qətiyyəti sayəsində 1993-cü ildən bu günə qədər kağız üzərində qalan BMT TŞ tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin icrası təmin olunur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə