BMT TŞ-nın Dağlıq Qarabağa dair 5-ci qətnaməsinin qəbul edilməsi labüddür - ŞƏRH ÖZƏL

"Dağlıq Qarabağın ətrafında Ermənistanın işğal etdiyi torpaqların şərtsiz azad edilməsini nəzərdə tutan və 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni BMT yox, Azərbaycanın özü yenilməz ordusunun gücü ilə nəhayət 27 ildən sonra həyata keçirir. Artıq rayonların böyük hissəsi azad edilib, Laçın və Kəlbəcər də daxil rayonların tam azad edilməsi indi an məsələsi kimi qarşıda dayanır. Konkret desək, çox qısa bir zamandan sonra Azərbaycan ordusu BMT TŞ-nin icra etməli olduğu vəzifəni tam icra edəcək. Əslində bunu BMT-nin özü etməli, onun bütün maliyyə, iqtisadi və təşkilati tərəflərini həll etməli idi. Axı Azərbaycan illərdi ki, BMT üzvü olaraq üzvlük haqqı ödəyir. Həm də heç də az olmayan məbləğ ödəyir. Buradan beynəlxalq hüquqa görə çıxan nəticə odur ki, BMT onun qətnamələrinin bütün icra problemlərini öz üstünə götürmüş Azərbaycanın məsrəflərinin kompensasiyası yollarını axtarmalıdır. Əks halda "Azərbaycan illər boyu böyük məbləğdə üzvlük haqqını yalnız bu qurumun icra edilməmiş 4 qətnaməsinin sadəcə qəbul edilməsi üçünmü ödəmişdir?" kimi kəskin sual meydana çıxır". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspert bildirib ki, digər tərəfdən, Azərbaycanın DQ ətrafında öz torpaqlarını müharibə ilə azad etməsi beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi baxımından yeni vəziyyət yaradıb: "Bu vəziyyətin mahiyyəti odur ki, qətnamələri qəbul edən BMT, onları icra edən isə Azərbaycan oldu. Halbuki Liviya və başqa nümunələrin timsalında praktika tam fərqli olmuş, qətnamələri qəbul edən də, icra edən də məhz BMT özü olmuşdu. Bu onun nizamnamə funksiyasıdır. O başqa məsuliyyət məsələsidir ki, BMT illər boyu Dağlıq Qarabağa dair qəbul etdiyi 4 qətnamənin icrasını təşkil edə bilmədi".

A.Quliyev vurğulayıb ki, bu gün Azərbaycan ordusu BMT-nin özünün rəsmən tanıdığı və təəssüf ki, icra edə bilmədiyi legitim dövlətlərarası sərhədləri bərpa edir: "Ermənistanın işğal və hərbi təcavüz nəticəsində 30 il ərzində faktiki yarada bildiyi qeyri-legitim dövlətlərarası sərhədləri özünün legitim halına qaytarır. Azərbaycan ordusunun de-fakto bərpa etdiyi dövlətlərarası sərhədlərin və işğaldan azad etdiyi ərazilərin Ermənistan tərəfindən məcburi tanınma öhdəliyi müəyyənləşdirən yeni sayca 5-ci qətnamə qəbul edilməlidir. Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbulu bir neçə ciddi arqumentə görə labüddür. Təcavüzkarlıqda adətkar olmuş Ermənistanın bir neçə on illərdən sonra "bu sərhəd konfiqurasiyasını BMT yox , Azərbaycan yaratdı" kimi irticaçı iddialarla yeni addımlara başlamayacağına kim təminat verə bilər? Odur ki,BMT TŞ-nın Dağlıq Qarabağa dair yeni qətnaməsi Ermənistanın sonradan güclənərək ortaya yeni iddialar qoymasını bu başdan neytrallaşdıracaq. Həm də yeni qətnamə 1993-cü ildə qəbul edilmiş 4 qətnamənin inkarı yox, prinsipcə onların davamı və hüquqi gücünün artırılması deməkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə