Ceyhun Bayramovla Avropa İttifaqının ali nümayəndəsi arasında telefon danışığı olub

Oktyabrın 18-də Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı olub.

SİA XİN-in Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov, şənbə günü, humanitar atəşkəs barədə ikinci razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu ali nümayəndənin diqqətinə çatdırıb. Nazir humanitar atəşkəs rejimini pozmaqla Ermənistanın beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa dair öhdəliklərinə riayət etmədiyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Ali nümayəndə Cosef Borel, Aİ-nin sözçüsünün Gəncə şəhəri ilə bağlı açıqlamasına toxundu və mülki insanları və mülki obyektləri hədəf almağın qəbuledilməz olduğunu söyləyib. O, hər iki tərəf ilə razılaşdırılmış humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğuladı və münaqişənin həlli üçün mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

Nazir Ceyhun Bayramov, Azərbaycanın Gəncə şəhərinə hücum və mülki şəxslərin hədəf alınması ilə bağlı bəyanatla çıxış etdiyi üçün Avropa İttifaqının ali nümayəndəsinə təşəkkürünü bildirib. Nazir, bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə