Azərbaycan Parlamentinin sədri MDB PA-nın iclasında iştirak edəcək

Azərbaycan Parlamentinin sədri MDB PA-nın iclasında iştirak edəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 36-cı növbəti iclasında iştirak etmək üçün mayın 14-də Sankt-Peterburqa səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O, qeyd edib ki, MDB Parlamentlərarası Assambleya Şurasının iclasında Azərbaycanda, Moldovada parlament, Belarus və Qazaxıstanda isə prezident seçkilərinin nəticələri, beynəlxalq və milli seçki sistemləri, Rusiya parlamentarizminin 105 illiyi, yollarda təhlükəsizliklə bağlı keçirilmiş beynəlxalq konfransların sənədləri müzakirə olunacaq, təşkilatı məsələlərə baxılacaq: "Nümayəndə heyətinin tərkibinə Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Elton Məmmədov, Rüfət Quliyev, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Deputatlarımız MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər. Səfər zamanı Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Deputatlarımız burada Nyurenberq prosesinin 65 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda və IV Neva Ekologiya konqresində iştirak edəcəklər".

 

Onun sözlərinə görə, komitələrdə MDB ölkələri parlamentlərarası əlaqələrinin gələcəkdə möhkəmləndirilməsi məsələlərinə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə