“Gəncəni atəşə tutmaqla işğalçı ölkə daha ağır dərslərə haqq edir” ÖZƏL-MÜNASİBƏT
Danışıqların 11 saat davamlı olaraq aparılması, prosesin mürəkkəbliyini, gərgin ortamı tam ifadə edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
O, qeyd edib ki, humanitar atəşkəs birinci mərhələ olmalı idi, amma heç yarımmərhələ də olmadı.
“Əlbəttə, hərbi əməliyyatlar gedişində dəyişilmiş “status-kvo”nun siyasi və diplomatik müstəviyə daşınması əvvəl-axır olacaq. Cənab Prezidentin dediyi kimi, Azərbaycan göstərdi ki, uzun illərdir “bu məsələnin hərbi həll yolu yoxdur” deyənlər yanıldı. Bizi yanıltmaq, çəkindirmək istəyənlər isə başarılı ola bilmədi. Biz isə Cənab Prezidentin timsalında “hərbi həll var və biz bunu sübut etdik” demiş olduq. Artıq yalnız siyasi-diplomatik deyil, məhz hərbi-siyasi yolun doğruluğu sübut edildi. Bu əsərin müəllifi Ali Baş Komandan və onun əmrlərini fədakarcasına yerinə yetirən müzəffər ordumuzdur! Hər bir əsgəri, çavuşu, giziri, zabiti, generalı vətənpərvər olan şanlı Silahlı Qüvvələrimiz milli qürurumuzdur! Məhz bu milli qürur istənilən masada da əlimizi güclü, sözümüzü ötkün edəcək. Sözümüzü ötkün, əlimizi güclü edən bir önəmli səbəbsə, əlbəttə, Cənab Ali Baş Komandanın ordumuza, xalqımıza bəxş etdiyi yüksək döyüş ruhudur! Ölkə başçısı, Cənab İlham Əliyevin alovlu vətən-pərvərliklə diplomatiya ustalığını bir arada tuta bilməsi özü bir örnəkdir!
Biz, əlbəttə, atəşkəsin atəşi kəsməyəcəyini bilirdik. Ona görə yox ki öncəgörən idik, ona görə ki, düşmənimizin “kəramət”inə yaxşı bələd idik. Ötən əsrin 1992-ci ilində, İran Prezidenti Rəfsəncaninin vasitəçiliyi ilə Yaqub Məmmədovla Levon Ter-Petrosyan arasında atəşkəs razılaşması əldə olunan saatlarda, başqa havadarının dəstəyi ilə Şuşanı işğal edən Ermənistan, sonrakı illərdə də, dəfələrlə xainlik edib, pambıq içində dəmir gizlədib. O dövrlər keçib artıq. Moskva masasında iştiraka razılıq verməklə respublikamıza qarşı artırılması nəzərdə tutulan siyasi-diplomatik təzyiqləri önləmiş olduq. Nə hərbi, nə də sülhü bacarmayan Ermənistan, əlbəttə, Moskva masasında qazana bilmədiklərini Qarbağda da qazana bilməyəcək! Bu, sadəcə mümkün deyil! Nə Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil, nə də Ermənistan. Ermənistan o zaman da güclü deyildi, yalnız beynəlxalq səviyyədə hərbi-siyasi havadar dəstəyi güclü idi, bizimsə o illərdə elə gücümüz yox dərəcəsindəydi. 90-cı illərdə qanlı hücumlara, Ağdaban, Bağanis-Ayrım, Qaradağlı, Xocalı soyqırım aktlarına məruz qalan Azərbaycanın ermənilərin beynəlxalq əlaqələrindən, onların havadarlarından necə basqı gördüyünü ifadə etməkçün yalnız ABŞ qanunvericilərinin “907-ci düzəliş”ini xatırlamaq yetərlidir.
Biz öz dövlətimizdən emosianal deyil, rasional qərarlar gözləməkdə haqlıyıq və o anlamda, hər danışıq masasını öyməsək də, masada qarşımızda, yaxud yanımızda kimlərin oturmasından məmnun olmasaq da, masadan imtina etməyin məsuliyyətini də anlayırıq. Biz onu da anlayırdıq və anlayırıq ki, dünyanın ən hiyləgər, hüquqtanımaz düşməni ilə üz-üzə olduğumuzçün, onunla danışıq gedə-gedə də, atəşkəs qüvvəyə minən andan sonra da daha güclü özünümüdafiəyə və əks-hücuma hazır olmalıyıq. Çünki, düşmənin “kəramət”inə yaxşı, çox yaxşı bələdik… Tanrı heç düşmənə də erməni kimi düşmən qismət eləməsin! Biz Azərbaycanıq, ermənilik bizə yaddır. Biz hərbdə də, sülhdə də qızıl ləyaqətimizi sübut etmişik. Dövlətimizin xarakteri var. Cənab Prezidentin dediyi kimi, sözümüz imzamız qədər dəyərlidir!
Budur, Hadrut və Cəbrayıl istiqamətində əks-hücuma keçib, azadlığa qovuşdurduğumuz torpaqlarımızı yenidən qəsb etmək istəyən Ermə¬nistan silahlı qüvvələri daha bir xeyli canlı qüvvə, hərbi texnika, silah-sursat itirərək, dərsini aldı. Bunun da düşmənə yetərli dərs olmadığını bilirik. Əlbəttə, Gəncəni, insanların sıx yaşadığı məntəqəni, gecəykən “Toçka-U” raket sistemindən istifadə edərək ağır atəşə tutması işğalçı ölkənin daha ağır dərsləri artıqlaması ilə haqq etdiyini çox dəqiq ifadə etməkdədir.
“Hərbi həll yolu yoxdur” tezisi də darmadağın edilib! Nəyin var, nəyin yox olduğunu müzəffər Azərbaycan ordusu müəyynləşdirir artıq! Öz hərəkət və hərəkətsizliklərinə min cür don geyindirməyə, baş qatmağa çalışanlar, Gəncədəki yeni raket qurbanlarına, sayı artıq doqquz olmuş dinc əhali ölümünə, 34 dinc sakinin yara almasına, hələ-hələ cocuqların qanbağır olmasına qiymət versin, izah etsinlər görək, öz çarpayısında uyuyan cocuqların günahı nə idi?! Məsələn, Ermənistanın müdafiəsi üçün dəridən-qabıqdan çıxan Makron desin görək, Xocalı soyqırımında tökülən Azərbaycan qanı, öldürülən körpələr, qadınlar, qocalar yetərli olmadımı ki, Ermənistan silahlı qüvvələrini daha yeni qətliamlara əl atırlar?! Ermənistan və onun “guya demokrat” hökumət başçısı Paşinyan, eləcə də, Ermənistanın dünənki, bugünkü mənfəət dostları kar qulaqlarını açıb da, eşitməlidir ki, biz bu torpaqlarda vardıq, varıq və var olcağıq! Bəlkə zəfərə yürüyüşümüzü bir qədər ləngidə bilərlər, bir xeyli soydaşımızı öldürə, şikəst edə bilərlər, ancaq durdura bilməzlər bizi! Azərbaycan işğalla nəinki daha bir 30 il, heç 30 gün də barışmayacaq!
Həsənovla danışmağı bacarmayanlar, Bayramovla da adam balası kimi danışa bilmirsə, yenidən Həsənovla danışmağa məhkumdurlar və “humanitar atəşkəs”in ilk sutkası bunu göstərmiş oldu! Gəncəni vuracağını daha öncədən elan etmiş və “humanitar atəşkəs”in ilk gecəsindəcə bir daha Gəncəni raket atəşinə tutan Ermənistan silahlı qüvvələri, onun Xankəndindəki kuklasını qınamaq, cəzalandırmaq ATƏT həmsədrlərinin ağlının ucundan keçmədisə, artıq o mübarək iş, Azərbaycan “ağıllı PUA-lar”ına düşər!
Biz Ali Baş Komandanın “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik” sözlərinə inanırıq. Sentyabrın 27-dən başlayan uğurlu əks-hücum hərbi əməliyyatları dövlət başçımızın fikirlərinin tam əsaslı olduğunu təsdiq edir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
ORDUMUZ ZƏFƏR ÇALSIN!
BAYRAĞIMIZ UCA OLSUN!”, deyə Əkbər Qoşalı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB