Roland Kobia: “Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar problemini anlayırıq”
Qərb Universitetində "Səfir saatı" proqramı çərçivəsində təşkil olunan görüşün qonağı Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia olub. SİA-nın xəbərinə görə, tədbir Avropa ölkələrində qeyd olunan 9 may – Avropa Gününə həsr edilib. Məhz həmin tarixdə - 1950-ci il mayın 9-da Fransanın xarici işlər naziri Şuman Fransa ilə Almaniyanın polad-kömür sənayelərinin birləşdirilməsi ideyası ilə çıxış edib və bu ideya Avropa Polad və Kömür Birliyinin – yəni müasir Avropa Birliyinin yaranmasına gətirib çıxarıb.
Avropa Birliyi, onun institutları və strukturu, AB-Azərbaycan münasibətləri haqqında məlumatlar verən R. Kobia Dağlıq Qarabağ münaqişəsinə toxunub: "Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar problemini anlayırıq. Çünki bu cür münaqişələr Avropada da olub. Avropanın seçimi konfrontasiya yerinə əməkdaşlıq yollarının axtarılması oldu. Bu birlik hər ölkənin özünəməxsusluğu və milli ənənələrinin qorunub saxlanmasına mane olmadı. Avropa Birliyinin devizi "Müxtəlifliyi qoruyaraq birləşmək"dir".
R. Kobia AB-nin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa başladığı vaxtdan bu yana həyata keçirilən TRASECA, İNOGATE, TEMPUS proqramlarına da toxunub: "AB bölgə ölkələri ilə əməkdaşlıq çərçivəsində daha çox təməl azadlıqlar, əməkdaşlıq və sülh təklif edilir. Belə ki, Avropa Birliyi Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və mən tez-tez eşidirəm ki, AB yalnız enerji sahəsində Azərbaycanla əməkdaşlığa maraq göstərir. Belə deyil. Enerji məsələsi bizim gündəmimizdədir, amma təkcə bu məsələ yox. Belə olsaydı biz hələ 1992-ci ildə - enerji məsələlərindən söhbət getməyən bir vaxtda bura gəlməzdik. Avropa Birliyi ilə Azərbaycan arasında geniş siyasi gündəm mövcuddur. Sizin ölkəniz zəngin təbii ehtiyatlara malikdir. Lakin Beynəlxalq İqtisadiyyat Agentliyinin məlumatlarına əsasən 10 il sonra Azərbaycanda neft istehsalı azalmağa başlayacaq. İqtisadiyyatını müxtəlifləşdirmək Azərbaycanın marağındadır".
Səfir həmçinin Türkiyənin AB-yə üzvlüyü və Azərbaycanın üzvlük perspektivləri haqda danışıb: "Din faktoru bu məsələdə rol oynamır. Bu gün Avropada vəziyyət dəyişib. Fransa və digər Avropa ölkələrində çoxlu sayda müsəlman var, məscidlər fəaliyyət göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB