Hər şeydən keçilər, Vətəndən keçilməz! - MƏQALƏ

Koronavirus pandemiyası bütün dünyanı sarsıtdığı bir zamanda Azərbaycan dövləti elə bir çeviklik və siyasətlə virusa qarşı mübarizəyə keçdi ki, səfərbərliyimiz möhkəm, iradəmiz yenilməz, itkimiz az oldu. Çünki 30 ilə qədərdir ki, Azərbaycan daha qəddar, daha rəzil, daha riyakar bir virusa qarşı-erməni aqressiyasına qalib gəlmək üçün ciddi addımlar atır.

Ölkə Prezidenti cənab İlham Əliyev bütün dünyada dövlətinin, millətinin haqqını, ölkəsinin mütərəqqi ruhunu, xalqının həyat eşqini, iradəsini, məqsədini, tərəqqi arzularını və bütün bunlardan daha qüdrətli olan Vətən, torpaq sevgisini müdrik, orijinal siyasəti, yüksək qabiliyyəti, diplomatik gedişləri ilə nümayiş etdirir, bu virusa qarşı mübarizədə böyük bir təcrübə qazandı, dünyaya səs saldı. Ən nüfuzlu qurumlar, siyasi ustalığı ilə tanınan dövlət rəhbərləri bu təcrübənin təqdimatında Azərbaycanın həqiqətlərinə inanmaya bilmədi, bu reallıqlarda ehtiva olunan ədaləti rədd etməyi bacarmadılar. Çünki küçələrdən hakimiyyətə gəlmiş erməni rəhbərliyi ilə Azərbaycanın müdrik siyasət ustadının müqayisəsində həqiqətlər üzə çıxdı. Uzun illər Azərbaycanın ev sahibliyi etdiyi onlarla yüksək məramlı, hər dövlətə müyəssər olmayan ustalıqla təşkil olunmuş müxtəlif istiqamətli tədbirlərdə xüsusi məqamlara, zənginliyə, müasirliyə, zövqə, dərin mənaya, gözəlliyə, millətə məxsus istedada, qonaqpərvərliyə və bunların fövqündə sarsılmaz vətənpərvərliyə nəinki xalqlar, hətta dövlət rəhbərlərinin özləri də şəxsən şahid oldular. Bu tərəqqi Azərbaycanın bütün sahələrində, həm də ən böyük prinsipiallıqla Azərbaycan Ordusunun müasir quruculuğunda özünü göstərdi. Azərbaycan bütün məqsədləri, sürətli inkişafı ilə sanki zamanı qabaqlamaq iddiasını təqdim edirdi.

Bir zamanlar əlçatmaz xəyal kimi görünən ən möhtəşəm layihələr tez bir zamanda real həyata vəsiqə aldı.Müxtəlifyönümlü sammitlər, dialoqlar, humanitar beynəlxalq forumlar, idman yarışları, müsabiqələr Azərbaycanın hansı imkanlara, heyranedici cəhətlərə mailk olduğunu əyani göstərdi. Belə bir ölkənin bu yüksəkliyini yaradana, qurana qədər rəhbərin, onun xalqının hansı meyarlardan uğurla keçdiyini əyani olaraq isbat etdi. Bu yüksəlişdə hərb həvəsi, müharibə arzusu, məhv etmək, yıxmaq, talamaq, başqalarının tarixi nemətlərinə, bir qarış torpağına sahib çıxmaq həvəsi duyulmadı. Bütün bunlar öz torpağında əks-hücuma keçən Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalmaq kimi sönməz, yenilməz missiyasını həyata keçirmək naminə dünya dövlətlərinin razılığını almaq istəyi ilə, humanist, müasir, ədalətli hərbə başlamaq planı ilə bağlı idi. Bu gün bu arzumuza qovuşmuşuq. 28 ildir ki, hər birimizin ürəyindən düşmənə atəşlər açılır. Bu gün yurd həsrəti olan ürəklərimiz, nəhayət ki, yüngülləşir. Övladlarımız igid bir xalqın cəsarətli oğulları kimi cəbhədə vuruşduqca qürur duyuruq. "Hər şeydən keçilər Vətəndən keçilməz" deyirik. Azərbaycan, onun övladları Vətən müharibəsi aparır, Vətən uğrunda şəhid olur. Son günlərdə cəbhə xəttindən gələn qələbə xəbərləri hər birimizdə sevinc, qürur, fərəh hissləri doğurur. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirir. Biz müharibə istəmirik, amma torpaqlarımızı işğaldan azad etmək qeyrəti, niyyəti bir an da bizi tərk etməyib. 30 ildən artıqdır dövlətimizin uğurlu siyasəti, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı nəticəsində dünya ermənilərin əsl simasını, onların beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadan öz riyakarlığını davam etdirdiyinin şahididir.

Prezidentimiz İlham Əliyev bu günlərdə “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli televiziyalara müsahibəsində, həmçinin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini, yalana söykənən əsassız təbliğatını ifşa etməklə yanaşı, dünyaya bu reallığı da çatdırdı ki, Ermənistan açıq təxribatları ilə yenidən müharibəyə hazırlaşır. Həmçinin dövlətimizin başçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən fevral ayındakı görüşdən bu günə regionun təhlükəli bir məkana çevrildiyini önə çəkərək diqqəti Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına yönəltmiş və bildirmişdir ki, onlar Azərbaycana hücum edə, dövlət sərhədini keçə və yeni əraziləri işğal edə biləcəklərini düşünürlər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən vermişdir və demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir.

Göründüyü kimi, Azərbaycan dövləti Ermənistanın törətdiyi təxribatların məqsədini ən yüksək səviyyələrdə bəyan edərək və beynəlxalq təşkilatlardan işğalçı dövlətə bunun qarşısını almaq üçün təsir göstərilməsini tələb edir, lakin nədənsə dünya biganəliyi ilə cəbhə xəttində hərbi təxribatların törədilməsinə açıq-aşkar rəvac verir. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Bunun nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər və yaralananlar var. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət işğalçı dövlətin faşist mahiyyətini bütün dünyaya nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində, eyni zamanda, Təhlükəsizlik Şurasının iclasında bir daha törədilən təxribatların mahiyyətini açıqlayaraq bildirmişdir ki, dinc əhaliyə qarşı qəddarlıq faşist dövlətlərə aid olan bir siyasətdir. 1992-ci ildə törədilən, tarixə XX əsrin ən dəhşətli soyqırımı kimi yazılan Xocalı faciəsi erməni vəhşiliyinin tarixdən heç zaman silinməyən göstəricisidir. Bu faciə erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmiş qaniçən bir millətin sərhəddi görünməyən vəhşiliyi idi.

Ermənilərin döyüş meydanlarında məğlubiyyətdən sonra növbəti dəfələrdə mülki şəxslərə, yaşayış məntəqələrinə hücum etmələri məlum olaylardandır. Azərbaycan Ordusu bu hərbi təxribatların qarşısını qətiyyətlə alır. Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirmişdir: “Mən Ermənistana Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik.Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir”. Cənab İlham Əliyev bu bəyanatı da səsləndirmişdir ki, biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı hec kimə verən deyilik. Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bugünkü hadisələr bunu bir daha göstərir.

Diplomatik mübarizədə qələbə qazanan Azərbaycan döyüş meydanında da qalibdir.Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişlənməsi bütün sahələrdə, əsasən ordu quruculuğu istiqamətində mühüm addımların atılmasını şərtləndirir.Eyni zamanda, dövlət büdcəsindən ayırmalarda müdafiə xərcləri əsas yer tutur.Bu da təbiidir.Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli Ordunun olması vacib amillərdəndir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev vaxtilə bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü Ordunun olması vacibdir. Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı addımlar, müdafiə xərclərinin artırılması hər zaman işğalçı Ermənistanı narahat edir. Ermənistan hakimiyyəti bunu hər zaman beynəlxalq ictimaiyyətə Azərbaycanın sülh danışıqlarında maraqlı olmaması kimi təqdim etməyə çalışıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan etmişdir ki, Azərbaycanın müdafiə qabiliyyətini gücləndirməsi onun suveren hüququdur, bunun sülh danışıqlarından imtina etməyə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, Azərbaycan artan maliyyə imkanlarını müdafiə ilə yanaşı, digər istiqamətlərə də yönəldir. Bu gün ermənilər öz naqis xislətlərinə, qorxaq təbiətlərinə bələd olduqları üçün Azərbaycan ilə döyüşə xarici ölkələrdən muzdlu əsgərlər gətiriblər. Burada da səriştəsiz, dünyanın sirlərindən xəbərsiz bir mövqe tutdular. Heç bir muzdlu əsgər öz Vətəni, torpağı, bayrağı, anası uğrunda cəbhələrə atılan müzəffər əsgərə qalib gələ bilməz! Muzdlu əsgərin qəlbində Vətən eşqi, dizində, biləyində xalqının gücü, belində qeyrətin təpəri, cəsarəti, rəşadəti ola bilməz! Ölümün gözünə dik baxa bilməz!

Azərbaycan Ordusunun gücü, qüdrəti, döyüş hazırlığı Azərbaycan Silahlı Qüvvələri Günündə kecirilən paradlarda hər zaman nümayiş olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, ordu quruculuğu mənim fəaliyyətimdə birinci yerdədir: “Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir.Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib.Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Son hadisələr Prezident-xalq-ordu birliyini bir daha nümayiş etdirir. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq! Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda Vətənə bağlılığı, illərdən bəri işğal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi deməkdir. Möhtərəm Prezidentimiz daim bəyan edir ki, Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideoloji fəaliyyətinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir. Təbii ki, bu hisslərin formalaşması kiçik dövlət olan ailədən, təhsilin əsasını təşkil edən məktəblərdən başlayır. Hər bir ana övladını ölkəsi üçün gərəkli, vətənpərvər vətəndaş kimi yetişdirməyə çalışır. Onlara hələ uşaq yaşlarından tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə, ədəbiyyatımıza bağlılıq aşılanır. İllər keçdikcə yad təsirlərdən qoruyaraq sağlam əqidəli, sadiq, ədalətli, vətənpərvər, hərtərəfli şəxsiyyət kimi yetişdirmək naminə ömürlərini bu müqəddəs məqsədə həsr edirlər. Bu gün hər bir ana öz övladını müstəqilliyimizin daimiliyinin, Vətənin ərazi bütövlüyünün qorunması naminə göstərdiyi qəhrəmanlıqlardan qürur hissi keçirir. Vətən, torpaq uğrunda öz həyatlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə ucalırlar.

Şəhid verən xalq yenilməzdir. Şəhidlərimizin həyat yolu gənclərimiz üçün vətənpərvərlik məktəbidir.Bu gün bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan gəncliyi yüksək əhval-ruhiyyə ilə ordu sıralarına daxil olur, əsgərlik xidmətlərini sevə-sevə yerinə yetirirlər. Yeganə amal, məqsəd işğal altında olan torpaqlarımızın azad olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması, həyatımızın bütün sferalarında inkişafın dinamikliyinin təmin olunması, Azərbaycanımızın daha da qüdrətlənməsi, inkişaf etməsidir. “Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır: “Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq".

Bir mühüm məqamı da böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı İlham Əliyevin çağırışına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək məqsədilə könüllü müraciət edənlərin sayı onminlərlədir. Vətənpərvərlik hissinin göstəricisi kimi qəbul edilən bu statistika, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrasında vətəndaşlarımızın böyük ruh yüksəkliyi ilə iştirak edəcəklərinin təsdiqidir. Xalq-dövlət, xalq-ordu birliyi qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün stimulverici amil rolunu oynayır.Orduya dəstək hər bir vətəndaşın borcudur. Vətəndaşlarımızın vətənpərvərliyi, onların səfərbərlik elan olunmasına dəstəkləri, ordu sıralarında qulluq etmək niyyətləri sevindirici və qürurverici haldır. Bugünkü hadisələr bizləri müstəqilliyimizin ilk illərində yaşananları bir daha xatırlamağı bir zərurətə çevirir. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, siyasi savadsızlığı, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları bütün sahələrdə, o cümlədən Orduda uğursuzluqlara yol açmışdır. O dövrdə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Orduda özbaşınalıqlar, xaos hərbi xidmətdən yayınmalara, fərariliyin baş alıb getməsinə səbəb olurdu. Torpaqlarımızin biri-birinin ardınca işğalı xalqın sabaha ümidlərinin tamamilə itməsinə səbəb olan inkaredilməz amillər idi. Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu məqama da xüsusi diqqət göstərmişdir.

“Qarabağ torpaqlarının itirilməsinin səbəbkarları Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik”, söyləyən cənab İlham Əliyev bildirmişdir ki, mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq: “Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.”AXC-Müsavat dövrünün reallıqlarına diqqət yetirməyimiz səbəbsiz deyil.

Qeyd etdiyimiz kimi, bugünkü hadisələr, cəbhə xəttində yaşananlar, işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində böyük şücaətlər göstərən Ordumuza dəstək dövlət-xalq-ordu birliyinin nə qədər sarsılmaz olduğunu nümayiş etdirir. Bir neçə yaşayış məntəqəmizin işğalçılardan azad edilməsi, bir neçə strateji yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında sabahımıza böyük inam yaradır, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığına inandırır.

2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir.Dağlıq Qarabağ problemi ümummilli məsələ olaraq hər bir vətəndaşdan münaqişənin həlli istiqamətində atılan addımlara dəstək göstərməyə, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırışdır. 50 siyasi partiyanın cənab İlham Əliyevin ətrafında sıx birləşərək göstərilən qətiyyətli addımlara dəstək verməsi də ölkəmizdə vətəndaş həmrəyliyinin göstəricisidir. Diqqət çəkən məqam bu birliyə, dəstəyə torpaqlarımızın itirilməsinin səbəbkarları olan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının qatılmamasıdır. Onlar bu addımları ilə bir daha erməni sevgilərini, onlarla işbirliklərini ortaya qoydular. Azərbaycan dövlətinin, xalqının bugünkü çətin, eyni zamanda, qələbə sevincli, qürurverici günlərində kənarda dayanan belə ünsürlərin ancaq və ancaq bir adı var-Xəyanətkarlar. Təbii ki, bu ünsürlər dövlətimizin qətiyyəti, Ordumuzun gücü nəticəsində qazandığımız qələbəni qəbul etmək şüuruna malik deyillər. Çünki onlar Dağlıq Qarabağ problemindən hakimiyyətə qarşı bir təzyiq, ictimai fikri çaşdırmaq üçün bir vasitə kimi istifadə edirlər. Daim dövlətimizin qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımların əhəmiyyətini azaltmaq, ictimaiyyətdə çaşqınlıq yaratmaq üçün belə fikirlər gündəmə gətirirdilər ki, guya hakimiyyətin bu addımları Dağlıq Qarabağ münaqişəsini unutdurmaq məqsədi daşıyır. Lakin möhtərəm Prezidentimiz İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman çıxışlarında bildirirlər ki, atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə işğal altında olan torpaqlarımız azad olacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımı da qürurvericidir. Paylaşımda deyilir ki, Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir: "Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram.Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!".

Ermənilərin bu təxribatı da dünyadan, xüsusilə dost, qardaş Türkiyədən Azərbaycana olan dəstəyi bir daha nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Azərbaycanla bir olduqlarını bildirdilər. Hər iki dövlət istər çətin, istərsə də xoş anlarda daim bir-birinin yanındadırlar. Türkiyə Prezidenti dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dəfələrlə dünyaya bu çağırışı edir ki, işğalçı Ermənistana "dur" demək zamanıdır. Son təxribatla bağlı bəyanatlarında da bu fikirlər öz əksini tapır. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edən dost Türkiyənin hər bir məsələdə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, dünyaya nümunə olan birlik kimi səciyyələndirilir.

Bugünümüzün reallığı budur ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını davam etdirərək işğal altında olan torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, işğala son qoyulmalıdır və Azərbaycan xalqının ən ülvi arzusu məhz budur.İşğal altında olan torpaqlarımızın azad olunması, şəhidlərimizin ruhu qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə və inamla bildirir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bəlkə indiyədək Azərbaycan dilində özünəməxsus missiyası olan nida işarəsi heç bir zaman belə qətiyyətli görünməyib. Çünki Qarabağ Azərbaycandır! hökmü ölkə rəhbərinin dilində israrla, qətiyyətlə, inamla təsdiq edilir!

Cəbhə bölgələrimizdən gələn qələbə xəbərləri işğalçı dövlətin, onlara havadarlıq edən dövlətlərin məyusluğunun aydın mənzərəsini yaradır ki, bu mənzərə Ordumuzun döyüş ruhunu daha da artırır, sabah, biri gün Qarabağı işğaldan azad edəcəyimizə, dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyondan artıq azərbaycanlılara qələbə sevincini yaşadacaqlarına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına əminliyi artırır. Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir. Biz birlikdə güclüyük! Tarixi faktlara, real həqiqətlərə əsaslanan Azərbaycanın deməyə sözü var. Ən nüfuzlu təşkilatların tribunasından işğalçı Ermənistana və dünya birliyinə çatdıracaq mesajları, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunu seçmək üçün güvəndiyi Ordusu var! Dünya dövlətləri, beynəlxalq təşkilatlar artıq kağız üzərində qalan bəyanatlarından real addımlara keçməyin fərqində olmalıdırlar. Sözün bitdiyi məqam artıq gəlib çatdı. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev özünün qətiyyətli mövqeyini ortaya qoydu, xalqımız dəstəklədi, güclü siyasi iradəyə əsaslanan qüdrətli Azərbaycan Ordusu öz vəzifəsini uğurla yerinə yetirir. Möhtərəm Prezidentimiz İlham Əliyevə ünvanlanan çoxsaylı təbrik və minnətdarlıq məktublarında da bildirilir ki, Sizin uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində bu günlər cəbhədən şad xəbərlər alırıq. Bu xoş xəbərlər Sizin xalqımıza verdiyiniz vədlərə sadiqliyinizin bariz nümunəsidir. Azərbaycan xalqı Prezidentinə, Dövlətinə, Ordusuna güvənir. Hər bir Azərbaycan vətəndaşı silaha sarılıb işğal altında olan torpaqlarımızı azad etmək üçün səfərbər olmağa hazırdır. Torpaqlarımızın işğaldan azad olacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır! Uzun illər bu qələbənin intizarı, həsrəti ilə yaşayan və öz ülvi arzusuna çatmaq ərəfəsində olan xalqımız xoşbəxtdir!

Bu gün doğma Azərbaycanımızın düşmənimizdə olmayan üç möhtəşəm, sarsılmaz silahı var: Dünyada apardığı ideoloji müharibədə ağlı, nadir, müdrik siyasəti, təkzibedilməz məntiqi, qətiyyəti, elmi, biliyi, təfəkkürü ilə zəfər qapılarını öz xalqının üzünə taybatay açan Prezidentimiz; ən müasir texnika ilə silahlanmış, dünyanın ən yeni təlimlərini keçmiş, damarlarında qeyrət, namus, təəssübkeşlik qanı axan əsgərlərimiz, zabitlərimiz; üçüncüsü isə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış igidlər yetişdirən Azərbaycan anası!

Eşq olsun Azərbaycan dövlətinə! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə! Qələbə bizimlədir!

Nurlana Əliyeva,

YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri,

Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor

Bütün xəbərlər Facebook səhifəmizdə