Rusiya XİN Ermənistana xəbərdarlıq siqnal göndərdi ANALİTİK + FOTOFAKT

Məlum olduğu kimi, azərbaycanlı sosial şəbəkə istifadəçisi Fərhad Məmmədov erməni teleqram kanallarının birindən sızmış və işğalçı ölkənin silahlı qüvvələrinə muzdla cəlb edilmiş terrorçular barədə məlumatı ictimailəşdirib. SİA xəbər verir ki, sözügedən məlumatda Yaxın Şərq ölkələrindən gətirilmiş Suriya və Livan terrorçuları, həmçinin PKK barədə danışılır. Qeyd olunur ki, bununla yanaşı ASALA (Ermənistanın gizli azadlığı ordusu) üzvü işğalçı ölkənin ən son hərbi geyimində çıxış edərkən, onun həmin vəziyyəti diqqətdən yayınmayıb.

Livandan olan erməni terrorçusu çıxışında Qarabağda guya “İŞİD”lə döyüşdüyünü iddia edir, bununla da erməni şər-böhtanını ictimailəşdirməyə cəhd edir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu barədə sərsəm iddialarını irəli sürmüşdü. Ancaq fakt budur ki, erməni terrorçusunun çıxışı və çıxışının sızdırılması işğalçı ordunun tərkibində PKK, ASALA və s. Suriya və Livan terror qruplaşmalarının mövcudluğunu isbatlamış olur.

Bundan əlavə, ermənilər terrorçu dəstələrə Rusiya və Gürcüstan vasitəsi ilə də erməni mənşəli insanları cəlb etməyə çalışırlar.

Lakin burada ortaya çıxan daha bir maraqlı məqam Rusiya Xarici İşlər Nazirliyinin (XİN) həmin fakta dərhal münasibət sərgiləməsidir.

“Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi zonaya Suriyadan və Livandan olan silahlıların göndərilməsi, onların hərbi birləşmələrə cəlb edilməsi, bununla da hərbi əməliyyatlarda iştirakları barədə məlumatlar daxil olmaqdadır”, deyilən rəsmi məlumatda o da qeyd edilir ki, yaranmış vəziyyət region ölkələrinin təhlükəsizliklərinə təhdid yaradır.

Beləliklə, Rusiya XİN açıq ifadə etməsə də, dolayısı ilə təqdim edilən səhih informasiya əsasında Ermənistana xəbərdarlıq siqnalı göndərir. Daha dəqiq desək, bu fakt sübut edir ki, işğalçı və təcavüzkar rejimin ifşası onun həm də terrorçuluq məqsədlərini ortaya qoyur.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də sözügedən faktla bağlı xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsində və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlar seqmentində çıxışı zamanı Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə terrorçuların və muzdluların gətirilməsi prosesi olduğunu vurğulamışdı.

“Uzun müddət ərzində Ermənistan tərəfindən bu siyasət həyata keçirilir”, deyən Prezidentin köməkçisi onu da bildirib ki, həmçinin bu terrorçular Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir: “Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi narahatlığına səbəb olan məsələdir. Bununla bərabər, 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMO kimi terror qruplaşmalarını qeyd etmək lazımdır. Elə bu günlərdə Yaxın Şərq ölkələrindən erməni əsilli bir şəxs ASALA terror təşkilatının təmsilçisi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycana qarşı vuruşduğunu özü etiraf edir. Azərbaycanın da narahatlıqları var və beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın bu kimi terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə