Türkiyədə Rusiya pilotlarından hesabat tələb olunub İNSİDENT

Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün Rusiya FHN-nə məxsus Amfibiya Be-200 təyyarələrini idarə edən heyətindən hesabat tələb olunub. SİA ria.ru-ya istinadən xəbər verir ki, təyyarələr Antalya ətrafındakı meşələrdə çıxmış yanğını söndürərkən, onların uçuşları sakinlərdə narahatlıq yaradıb. Bu haqda "Milliyyet" qəzeti də yazır.

Qeyd edilir ki, sentyabrın 28-də "Atəşli qartal" adlandırılan Be-200-lər şəhərin rayonlarının üzərində uçuş edib.

"Rus pilotları tərəfindən idarə edilən hava gəmilərini görən şəhər sakinləri mənzillərinin balkonlarına axışıblar. Təyyarələr dənizdən su yığdıqdan sonra yaşayış binalarına ən yaxın məsafələrdən uçublar və bu da sakinlərdə təlaş yaradıb", deyə türk mətbuatı yazır və onu da qeyd edir ki, pilotlar geri döndükdən sonra yerli regional meşə idarəçiliyinin rəhbərliyi pilotlardan baş verənlərə görə hesabat tələb edib.

Rus mətbuatı isə xatırladır ki, iyun ayında iki Amfibiya təyyarəsi Türkiyəyə uçub. Məqsəd meşə yanğınlarını söndürməyə yardım etməkdən ibarətdir. Təyyarələr heyətləri ilə birgə Antalya, İzmir və Bodrum ətrafında dörd ay növbə çəkəcəklər. Təyyarələrdən biri iyulun əvvəlində Sakaryada feyerverk fabriklərinin birində baş vermiş güclü yanğının söndürülməsində iştirak edib.
Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...