Senator: "Ermənistan mülki əhalini hədəf alaraq Cenevrə konvensiyalarını pozub" FOTO

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının üzvü, hakim “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferrara mətbuata açıqlamasında Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar vaxtı Azərbaycan mülki əhalisinin yaşadığı məntəqələrin hədəf alınmasının Cenevrə konvensiyalarını pozduğunu bildirib. O deyib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir. SİA xəbər verir ki, italyan senator habelə Ermənistan və Azərbaycan arasındakı münaqişənin kəskinləşməsindən və yeni böhranın Avropanın kandarında beynəlxalq müdaxilə riskini artırmasından narahatlığını ifadə edib.

Canluka Ferrara Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin daha da pisləşməməsi üçün uzun müddətdir ki, durğun vəziyyətdə olan danışıqların bərpa edilməsinə dəstəyini ifadə edib, Avropa İttifaqınin diplomatik kanallardan istifadə edərək toqquşmaların dayandırılmasına zəmanət verə biləcəyinə ümid etdiyini deyib.

İtalyan senatorun açıqlaması İtaliyanın İl Tempo, Agenzia Nova, Politicamente Corretto, Adnkronos, Fortune İtalia, Maxim İtalia, Notize Yahoo, Libero Quotidiano, TW News kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

İtaliyanın Agenzia Nova xəbər agentliyinə açıqlamasında parlamentdə İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri, “Leqa” partiyasından olan deputat Rossana Boldi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların artmasından narahatlığını ifadə edib. İtalyan deputat ümidvar olduğunu bildirib ki, İtaliya Minsk qrupunun üzvü kimi dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanaraq, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən irəli gələrək Dağlıq Qarabağ probleminin danışıqlar vasitəsilə həlli üçün öz səylərini gücləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...