Fransada üz örtüklərindən istifadə edən qadınların sayı azalıb. SİA-nın məlumatına görə, parlamentdə verilən qərarın qüvvəyə minməsi örtükdən istifadənin azalmasını sürətləndirib.
Fransa vətəndaş cəmiyyəti təşkilatının nümayəndəsinin sözlərinə görə, ölkədə üz örtüyündən istifadə edən qadınların sayı tamamilə azalıb, hətta yarıya enib. Lakin qərardan sonra örtüyünü çıxarmaq istəməyən qadınlar isə küçəyə çıxmaqdan imtina edərək evdə otururlar.
Qadağaya qarşı çıxan dini təşkilatlardan biri, qadınların örtüklərini açmamasını dəstəkləyib. Təşkilat nümayəndəsi bildirib ki, qadınlar evdə oturmaqla ən doğrusunu edirlər: "Belə bir qanunla vətəndaş cəmiyyətinə heç nə qazandırmaq mümkün deyil. İnsanların sərbəst seçiminə qarşı çıxmaq ən böyük qanunsuzluqdur. Əgər bu qanuna uymayıb üz örtüyünü açmaq istəməyən qadınlar varsa, biz hər mənada onlara dəstək olacağıq. Yəni, hansı qadınlar örtüyə görə cərimələnsə, təşkilat bunu ödəyəcək".
Daxili İşlər Nazirliyi may ayının əvvəlində yaydığı bəyanatda qanunun qüvvəyə minməsindən sonra üz örtüyünü çıxarmayan 28 qadın haqqında protokol yazıldığını bildirmişdi: "Fransada ictimai yerlərdə üz örtüyündən istifadə qadağası haqqında qanun oktyabr ayında qəbul edilib, aprel ayının 11-də isə qüvvəyə minib. Qadağanı pozan şəxslər 150 avro dəyərində cərimə ediləcək. Qadınları belə geyimə məcbur edənlər isə 1 il həbs və ya 30 min avro ilə cəzalandırılacaq. Təzyiqə məruz qalan şəxs 18 yaşından kiçikdirsə, cəza 60 min avro olacaq".
Qeyd edək ki, Fransa, uzunmüddətli müzakirələrdən sonra bu məsələ ilə bağlı qadağa qanunu qəbul edən ilk Avropa ölkəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB