"Rusiya Türkiyə arasında danışıqlarda ciddi nəticələr əldə olunsa..." ÖZƏL-RƏY

“Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakan danışıqlara hazır olduqlarını qeyd edir. Bununla işğalçı ölkə Azərbaycanın artan müharibə hazırlıqlarından narahatdır və manipulyasiya edərək hədəfi yayındırır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfindən verilən bu açıqlama, heç də onların danışıqlarda maraqlı olduğunu göstərmir: “Ermənistan xarici işlər naziri sülhdən danışır, müdafiə naziri isə, cəbhədə təxribatları davam etdirir. Bu, işğalçı ölkənin avantürist siyasətidir və əsas strategiya yeni ərazilər əldə edərək mövcud vəziyyəti idarə etməkdir.

Ermənistan tərəfi danışıqlara ona görə getmir ki, Rusiya buna imkan vermir, həmçinin Nikol Paşinyan öz hakimiyyətini itirəcəyindən qorxur. Ona görə də işğalçı olkədə iki ildən artıq davam edən hakimiyyət dəyişikliyinə baxmayaraq, Qərbin siyasi-iqtisadi dəstəyini ala bilmir. Çünki Paşinyan Qarabağ probleminin əsiri olub, onun "demokratik inqilabı" artıq fiaskoya uğrayıb.

Ermənistan Baş naziri nəinki islahatlar, öz hakimiyyəti düşündürür və ona görə də Qarabağ məsələsindən bu qədər yapışıb. Baş nazir Paşinyan müharibə variantına əl ataraq xalqın nəzərini bu istiqamətə yönəldib. Yeni müharibə başlayarsa, bu, Ermənistan üçün yeni siyası böhrana səbəb olacaq. Rusiyaya məhz bu lazımdır ki, Ermənistanda hakimiyyətin dayaqları zəifləsin. Öz himayə etdiyi şəxsləri iqtidara gətirsin. Qarabağ məsələsində Rusiyanın geosiyasi maraqları var. Türkiyə faktoru Rusiyanı qarşısında bir çəmbərdi. Müharibənin başlanması və Azərbaycanın yeni ərazilər əldə etməsi, yeni danışıqlar raundu başlada bilər. Münaqişənin həlli bir neçə aydan sonra, Ankara və Moskva arasında danışıqlar predmeti olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin münaqişənin həlli ilə bağlı görüşə bilərlər. Azərbaycan bu məsələdə Rusiyanın qarşısına Turkiyəni çıxarmaqla təzyiqlərdən yayınmaqla düzgün siyasi xətt həyata keçirir. Rusiya əvvəlki illərdə Ankara ilə danışmaq istəmirdi. Hazırda Türkiyə qoşunun Azərbaycanda olması Rusiyanı buna məcbur edir.

Lokal döyüşlərə ehtiyac yaranıb ki, yeni danışıqlarda nəticə əldə olunsun. Hər iki istiqamətdə uduzan tərəf Ermənistan olacaq. Rusiya Türkiyə arasında danışıqlarda ciddi nəticələr əldə olunsa, Qarabağda hər iki ölkənin sülhməramlı qüvvələri yerləşdirilə bilər. Hələ ki, müharibə variantı gündəlikdədi. Müsbət nəticələr Azərbaycanın təşəbbüsü ələ almaqdan asılı olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...