Paşinyan hakimiyyəti südəmərlər krallığına bənzədildi ANALİTİK

Politik: “Bu hakimiyyətin təkəbbür, narsissizm və etika qıtlığı yaşayan monumenti əlbəttə ki, Nikol Paşinyandır”

“Müstəqil Ermənistanın heç bir hakimiyyəti böyük intellektə sahib olmayıb, ancaq yeni hakimiyyətin intellekt və etika şkalası elə bir səviyyəyə çatıb ki, əvvəlki hakimiyyətlər bu fonda idarəçi dinastiyanın sələflərinə oxşayırlar”.

SİA xəbər verir ki, bu barədə Ermənistanın politik portalındakı “Südəmərlər Krallığı” başlıqlı analitik yazıda qeyd olunur.

Yazıda bildirilir ki, yeni hakimiyyət nəinki intellekt çatışmazlığına malikdir, o cümlədən təkəbbürlüdür və öz qabalığı ilə fəxr edir. SİTAT: “Bu hakimiyyətin təkəbbür, narsissizm və etika qıtlığı yaşayan monumenti əlbəttə ki, Nikol Paşinyandır. O, heç vaxt özünün publik çıxışlarına fikir vermir. Belə ki, onun əsas dəstəyi - cəmiyyətin ən savadsız qatıdır, Paşinyan elə çıxış edir ki, yalnız özünə aydın olsun və özü dərk etsin, hər şey ancaq onun özü üçündür. Paşinyan nümunəsi hakim “elita” üçün yoluxucu oldu. Daha dəqiqi, hakim “elita” Paşinyanın intellektindən kənar formalaşıb...”

“Bu, həqiqətən də dövlət üçün faciədir, çünki dövlətin ən yüksək vəzifəli şəxsləri dövlətçiliyin təməlini dağıdan bəyanatlar səsləndirirlər”

Erməni portalı qeyd edir ki, Paşinyanın hakimiyyəti əvvəlinci günündən yalan üzərindəki reputasiyada qurulub: “Yalan bu hakimiyyətin ictimaiyyətlə münasibətlərində əsas alətinə çevrilib. Bu günkü hakimiyyət sözlərinin qiymətsiz olmasından narahat deyil. Elə bir düşüncəli insan yoxdur ki, Paşinyan hakimiyyətində təmsil olunan hər hansı bir nümayəndənin bəyanatına ciddi yanaşsın. Məntiqə görə, belə bir təəssürat yaranır ki, elə onların özləri də öz sözlərinə ciddi yanaşmırlar və bu da yüksək vəzifəli məmurların faktlara əsaslanmayan çıxışlarına söykənir. Bu, həqiqətən də dövlət üçün faciədir, çünki dövlətin ən yüksək vəzifəli şəxsləri dövlətçiliyin təməlini dağıdan bəyanatlar səsləndirirlər. Buna misal kimi hakim “elitanın” Rusiyanın “Dosye” mərkəzi tərəfindən dərc edilən məruzəsindən sonrakı davranışlarını göstərmək olar”.

Erməni portalı yazaraq davam edir: “Ermənistan parlamentnin deputatı, Nikol Paşinyanın qaynı – Qraç Akopyan məruzənin dərcindən sonra işarə edir ki, milli təhlükəsizlik xidmətinin sabiq direktoru Artur Vanetsyan xarici agentdir. Eyni vasitə ilə digər deputat – Nikol Paşinyanın daha bir qohumu Sipan Paşinyan da çıxış edib. Deputatların müvafiq bəyanatlarından sonra hüquq-mühafizə orqanları Artur Vanetsyana qarşı hər hansı fəaliyyət göstərmirlər. Bu isə onu göstərir ki, hakim ailənin üzvləri növbəti dəfə əvvəlki müttəfiqlərini, indiki əsas müxalifətçini – Artur Vanetsyanı öz elektoratı qarşısında gözdən salmaq üçün “toz qaldırırlar”. Ancaq bütün bunlar nəticəsiz də qalmır...”

“Bu, milli azadlıq banditizmi deyil ki, bir kürdün inəyinə görə bütöv bir erməni kəndini satıb-məhv edəsən”

Məqalədə bildirilir ki, bunun nəticəsində dövlət institutları öz nüfuzlarını itirirlər, bu da dağılmağa doğru aparır: “Burada yazıçı Vano Siradeqyanın məntiqli sözləri yada düşür – Dövləti idarə etmək küçə uşaqlarının söyüş söyərək qaçması, dava-dalaşı deyil. Bu milli azadlıq banditizmi deyil ki, bir kürdün inəyinə görə bütöv bir erməni kəndini satıb-məhv edəsən və dağı aşaraq digər tərəfə keçəsən. Sizlər isə mənim xilaskarlarım, dövlətin daxili və xarici siyasətini müəyyən edənlər, dövlətçilik münasibətlərini Tsaxa deyilən bazar meydanındakı dava səviyyəsinə endirmisiniz. Ölkəni Südəmərlər Krallığına döndərmisiniz””.

“Paşinyan dayanmaq zamanının çatdığını anlamırsa, ictimaiyyət onu dayandırmalı, hakimiyyətindəki nümayəndələri hökumət binasından qovmalı, “südəmərlər krallığını” dağıtmalıdır”

Politik sonda yazır ki, əslində, bu sözlər gözəl deyilib və bugünkü hakimiyyətin vəziyyətini əks etdirir: “Paşinyan özünün “ailəvi dövlət” prinsipləri ilə, özünün yalanları və falsifikasiyaları ilə ölkəni “südəmərlər krallığına” çevirib. Dayanmaq lazımdır, yox, əgər Paşinyan dayanmaq zamanının çatdığını anlamırsa, onda ictimaiyyət onu dayandırmalı, özünü və hakimiyyətindəki nümayəndələri hökumət binasından qovmalı, üç il əvvəl təməli qoyulmağa başlamış “südəmərlər krallığını” dağıtmalıdır. Əks halda mövcud vəziyyətlə barışılmalı və Paşinyanın “südəmərlərindən” birinə çevrilməlidir. Başqa çıxış yolu yoxdur”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...