Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkliyi ilə müxtəlif sahələrdə iqimiqyaslı kompleks layihələr həyata keçirilməkdədir

Ölkəmizdə bol xammal bazasının, təbii resursların, metal tələbatlı sənaye və tikinti sahələrinin, təcrübəli kadr potensialının və əmək ehtiyatlarının olması ağır sənayenin, o cümlədən metallurgiya sənayesinin inkişafı üçün geniş imkanlar açır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və təməli möhkəm əsaslara söykənən iqtisadi siyasət strategiyası bu gün də çoxşaxəli nailiyyətləri ilə inkişaf tariximizə imzasını atmaqdadır. Xüsusilə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar konsepsiyasını reallaşdırması fonunda bu faktor özünü sübuta yetirməkdədir. Eyni zamanda, fəaliyyət göstərən hər bir sahədə əldə edilən nəticələr də belə qənaətə gəlməyə zəmin yaradır ki, mövcud perspektivlər daha nəhəng layihələrin həyata keçməsinə münbit zəmin yaradır. Belə sahələrdən biri də metallurgiya sənayesinin inkişafıdır. Belə ki, bunun üçün Azərbaycanda kifayət qədər yerli xammal, təbii resurslar vardır. O cümlədən, metallurgiyanın inkişafı ölkə iqtisadiyyatı, sənayesi üçün müstəsna əhəmiyyətə malikdir. Bu gün müstəqil dövlət kimi, bizim öz sərvətlərimizdən yetərincə bəhrələnmək, sənaye məhsullarını dünya bazarına çıxarmaq imkanlarımız tam realdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, Daşkəsəndə metallurgiya sənayesinin inkişafı və bu sahədə yeni, ən müasir standartlara söykənən müəssisələrin istifadəyə verilməsi qarşıda daha mütərəqqi planların realizə olunmasına şərait yaratmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkliyi ilə müxtəlif sahələrdə iqimiqyaslı kompleks layihələr həyata keçirilməkdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın regionlarında müasir infrastruktur quruculuğu geniş vüsət alıb. Regionların inkişafından danışarkən ilk növbədə dövlət başçımızın müvafiq Fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları xüsusi qeyd edilməlidir. Uğurla həyata keçirilmiş bu Proqramlarda regionların mövcud təbii və iqtisadi potensialından səmərəli istifadə, aqrar-sənaye sektorunun inkişafı, müasir istehsalat müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması kimi məqamları qeyd etmək olar.

“Yeni Daşkəsən” layihəsi peşəkar və ixtisaslaşmış alimlər tərəfindən elmi əsaslarla işlənib hazırlandı

Artıq bu gün Daşkəsəndə “Çovdar” qızıl mədəni və “Dəmir filizi yataqları”nın mədəni beynəlxalq standartlara uyğun, müasir infrastrukturları ilə fəaliyyətə başlamağa hazırlaşır və müəssisələr fəaliyyətə başlayarkən həm rayonda işsizliyin tamamilə aradan qaldırıması mümkün olacaq, həm də həmin istehsal müəssisələr ölkəmizə iqtisadi gəlirlər gətirəcəklər. Əlbəttə ki, bu eyni zamanda beynəlxalq standartlara uyğun modern infrastrukturun da yaradılmasına böyuük töhfə verən danılmaz fakktordur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə mən 2011-ci ildə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən gündən başlayaraq, ilk növbədə rayondakı mövcud vəziyyət düzgün təhlil olundu, nöqsanlar, çatışmazlıqlar, neqativ hallar yerindəcə araşdırıldı, uzun illər, sovetlər dövründən bəri yığılıb-qalmış problemlərin həlli, rayonun inkişafı üçün 53 bənddən ibarət kompleks layihə - “Yeni Daşkəsən” layihəsi peşəkar və ixtisaslaşmış alimlər tərəfindən elmi əsaslarla işlənib hazırlandı.

Belə ki, rayonda həlli vacib olan bütün məsələləri özündə əks etdirən “Yeni Daşkəsən” layihəsi hazırlanarkən, ayrı-ayrı məsələlərə dair aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun ziyalıları və ağsaqqalları müzakirələrə dəvət olundu və onların da fikirləri nəzərə alınaraq layihəyə daxil edildi. Layihədə Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin uzaqgörənliklə həlli əsas vəzifə kimi qarşıya qoyuldu.

Beləliklə, “Yeni Daşkəsən” layihəsi rayonun özünün yeni inkişaf mərhələsinə daxil olması üçün zəmin yaratdı, yaşayış məntəqələrinin simasını dəyişməklə insanların həyatına böyük rahatlıq gətirdi.

Prezident İlham Əliyev cənabları tarixi səfəri zamanı Daşkəsəndə görülən işləri yüksək qiymətləndirdi, öz tövsiyə və tapşırıqlarını verdi

Daha bir tarixi məqam 2014-cü ilin oktyabrın 17-də çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfərləri ilə bağlıdır. Bu səfər hər bir daşkəsənliyə böyük bayram və qürur hissi bağışladı. Səfəri çərçivəsində dövlət başçımız rayonumuzda tikilmiş Heydər Əliyev Mərkəzinin, rayon İcra hakimiyyətinin yeni inzibati binasının, avtovağzal kompleksinin, Gənclərin təlim və istirahət mərkəzinin açılışlarında iştirak etdi, səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb olması ilə yanaşı, həm də onların yaradıb-qurmaq, inkişaf və tərəqqi etmək əzmini daha da artırdı, insanlara ruh yüksəkliyi verdi. Tarixi səfər zamanı çox Prezident İlham Əliyev cənabları Daşkəsəndə görülən işləri yüksək qiymətləndirdi, öz tövsiyə və tapşırıqlarını verdi. Belə ki, cənab Prezidentin bu tapşırıqları bizim gələcək fəaliyyət proqramımızın əsasını, perspektivdə dayanan növbəti planlarımızın təməlini təşkil etdi.

Qarşıya qoyulan məqsədlər uğurla həyata keçirilməkdədir

Daha bir məqamı də etmək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çalışdığım 10 il ərzində Daşkəsəndəki bir çox açılışlarda iştirak edən dövlətimizin başçısı inzibati binalarla yanaşı aşağıda qeyd edilən digər bir sıra yeni tikinti-quruculuq işləri ilə də tanış olmuşdur.

Belə ki, həmin tanışlıqdan sonra Daşkəsən rayon Mərkəzi xəstəxanasının yeni inzibati binası istifadəyə verildi. Rayonun girəcəyində Bayraq meydanı və istirahət parkı yaradıldı. Əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olanın binanın sakinləri üçün yeni yaşayış binası və fərdi yaşayış evləri tikildi. Bayan kəndi ərazisində iki dəmir yolu körpüsü əsaslı təmir edildi, 2 körpü tikildi. Daşkəsən şəhərinin bütün küçələrinə yeni asfalt örtüyü salındı, istinad divarları və səkilər yenidən quruldu, bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri metal lövhələrlə əvəzlənərək dəyişdirildi.

O cümlədən, rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə fasiləsiz təminatının yaxşılaşdırılması üçün ayrı-ayrı ünvanlarda yeni elektrik yarımstansiyaları tikildi, SİP-ləşmə aparıldı, müasir transformatorlar quraşdırılaraq istifadəyə verildi. Hazırda isə Xoşbulaq kəndi ərazisində yeni elektrik yarımstansiyasının tikintisinə başlanılıb.

Rayonda təhsil siyasətinin yüksək tələblərə cavab verməsi istiqamətində də münbit, davamlı işlər həyata keçirilib. Buna misal olaraq, çoxsaylı ümumtəhsil müəssisələrində təmir-tikinti işlərinin aparıldığını, o cümlədən 21 məktəbin yenidən inşa olunmasını, habelə uşaq bağçalarında əsaslı təmir-bərpa işlərinin görülməsini göstərmək olar.

Daşkəsən şəhərinin su-kanalizasiya sistemləri də yenidən qurulmuş, Sukanal idarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Rayonda yol infrastrukturunun yenilənməsi də daim diqqət mərkəzində saxlanılmaqdadır. Belə ki, cənab Prezident İlham Əliyevin sərəncamları əsasında 47.4 km uzunluğu olan Gəncə-Daşkəsən-Xoşbulaq, 27.3 km uzunluğu olan Zağalı-Kollu-Çıraqlı, 25 km uzunluğu olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yollarının tikintisi başa çatdırılıb, hazırda 20 km uzunluğu olan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunda son tamamlanma işləri görülür.

Rayonda qazlaşdırma işi də geniş vüsət alıb. Daşkəsənin 49 yaşayış məntəqəsindən 1 şəhər mərkəzi də daxil olmaqla, 5 qəsəbə və 7 kənd yaşayış məntəqəsi artıq tam şəkildə qazlaşdırılıb. Hazırda rayonun ucqar dağlıq ərazisində yerləşən Aşağı Daşkəsən və Kəmərqaya kəndlərinə təbii qaz xəttinin çəkilişləri davam etdirilir ki, bu da qarşıya qoyduğumuz məqsədlərin tərkib hissəsidir.

O cümlədən, “Çovdar” qızıl zavodu beynəlxalq standartlara uyğun müasir formada tikilərək istifadəyə verilib və yuxarıda qeyd edilən bütün bu reallıqlar qısa zaman içində gerçəkliyə çevrilməklə, rayonumuzun inkişafı mənzərəsini bütün cəhətləri ilə gözlər önündə nümayiş etdirməkdədir.

“Daşkəsən Filizsaflaşdırma” ASC uzunmüddətli fasilədən sonra yenidən əsaslı təmir olunaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 31 oktyabr 2006-cı ildə obyekt yenidən işə salınıb.

Daha bir mühüm məqamı qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2020-ci il Sərəncamı ilə Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılması nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırılıb.

Məlumdur ki, Daşkəsən rayonu respublikamızın ən mühüm mədən-filiz olan sənaye rayonlarındandır. Rayon ərazisində zəngin dəmir, alunit, mərmər, qızıl, gümüş, qranit, əhəng və s. bu kimi faydalı filiz yataqları vardır.

Məlumat üçün onu da bildirim ki, Daşkəsən şəhəri 1954-cü ildən fəaliyyətə başlamış Daşkəsən Dağ-mədən Filizsaflaşdırma Kombinatının (hazırda “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti) yaradılması ilə əlaqədar Daşkəsən rayonu salınmışdır.

Kombinatın Filizsaflaşdırma fabriki 1954-1970-ci illərdə, elektromaqnit üsulu ilə, quru halda 53,5 %-li dəmir konsentratı istehsal etmişdir 1969-cu ildə yaş üsulla, 60%-li dəmir filiz konsentratı almaq üçün filizsaflaşdırma fabrikində yenidənqurma işləri aparılıb. 1970-1972-ci illərdə isə həm quru , həm də yaş üsulla konsentrat istehsal edilib.

Həmin məhsul uzunluğu 4 km olan asma-hava kanat yolu ilə Quşçu qəsəbəsinə, oradan Gürcüstan Respublikasının Rustavi metallurgiya zavoduna, Qaradağ ağırlaşdırıcı məhlul zavoduna və Bolqarıstana daşındı. Fabrikin su ehtiyacını ödəmək üçün Qoşqar çayı üzərində 4 milyon kub metr tutumu olan su anbarı və işlənmiş texnoloji sudan təkrar istifadə üçün qurğu tikildi. Qeyd edim ki, kombinat ildə 2,55 milyon ton dəmir filizi və həmin filizdən 1,15 milyon ton dəmir konsentratı istehsal etmək imkanına malik olmuşdur.

1957-ci ildə müəssisənin adı dəyişdirilərək “Azərbaycan Dağ-Mədən Kombinatı, 1959-cu ildən isə “Azərbaycan Dağ-Mədən Filisaflaşdırma Kombinatı” adlandırılıb. Respublika Əmlak Nazirliyinin 30 aprel 2002-ci il tarixli, 219 saylı sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətə çevrilib.

“Daşkəsən Filizsaflaşdırma” ASC uzunmüddətli fasilədən sonra yenidən əsaslı təmir olunaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 31 oktyabr 2006-cı ildə obyekt yenidən işə salınıb.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksi yaradılmışdır. Sərəncama əsasən səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilib.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ölkəyə böyük valyuta gətirməklə yanaşı, bölgənin inkişafına və işsizliyin aradan qaldırılmasına da səbəb olub

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı qüvvəyə minib. Həmin Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilib və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilib. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqə vasitəsilə özəlləşdirilməsi bu günə kimi başa çatdırılmamışdır.

Hazırda “AzerGold” QSC Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlanılıb.

Məlumat üçün onu da bildirim ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi hazırlandıqdan sonra dövlətə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq standartlara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Xatırladım ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib.

Sovetlər dövründə Daşkəsən rayonu ərazisində 269 milyon dəmir filizi ehtiyatı göstərilsə də, hazırda 540 milyon ton çox olduğu ehtimal edilir. Yeni yanaşma ilə ehtiyatların həcmi daha artıq olacaqdır. Rayonumuzda 2012-ci ildə tikintisinə başlanılmış və ölkəyə iqtisadi gəlir gətirən Çovdar filiz emalı sahəsindən "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ölkəyə böyük valyuta gətirməklə yanaşı, bölgənin inkişafına və işsizliyin aradan qaldırılmasına da səbəb olub. Sevindirici haldır ki, rayon sakinləri orada işləyərək, yüksək əmək haqqı alırlar. Bu gün "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq dərəcəli mədənçilik şirkətinə çevrildiyini görürük. Qürur hissi ilə bütün görülən işlərə görə ölkə rəhbərinə - Prezident İlham Əliyev cənablarına öz dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk.

Daşkəsənin dəmir filizi mədənləri də “Çovdar” qızıl mədəni kimi müasir bir istehsalat sahəsinə çevriləcək, bütövlükdə Azərbaycanımızın inkişafına, tərəqqisinə öz böyük töhfələrini bəxş edəcəkdir

Xüsusilə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamı ilə tərkibinə “Çovdar” qızıl zavodunun daxil olduğu “AzerGold” QSC yaradılıb və 26 may 2016-cı il tarixli sərəncamı ilə “AzerGold” QSC-nin idarə heyətinə respublikada işgüzarlığı ilə tanınmış iş adamı Zakir İbrahimov sədr təyin edilib. Belə ki, bu müəssisələrdə görülən işlər və gələcək perspektivləri barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri hörmətli Zakir İbrahimovla tez-tez əlaqə saxlayırıq. Rayonda uzun müddət problemli olan məsələləri birgə həll edirik. Buna görə də hörmətli Zakir müəllimə öz təşəkkürümüzü bildiririk.

Qeyd edim ki, 2016-cı ilin iyul ayından hörmətli Zakir İbrahimov fəaliyyətə başlayandan sonra “AzerGold” QSC qısa müddət ərzində bir sıra çox əhəmiyyətli işlərin görülməsinə nail olunmuşdur. Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən Çovdar qızıl emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilmiş, optimallaşdırmış, istehsalat 24 saatlıq iş rejiminə keçirilmiş, hasilat işlərinə başlanmışdır. Habelə, ərazidə ekoloji tarazlığın qorunması üçün 6 mindən artıq ağac və kol əkilmiş və həmin əraziyə gedən yol və körpülərlə bağlı yüksək səviyyədə böyük işlər görülmüşdür. Çovdar mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək şəraitinin yaxşılaşdırılması üçün lazımi işlər görülmüş və beynəlxalq standartlara uyğun müasir infrastruktur yaradılmışdır.

Beləliklə, əldə edilən çoxsaylı uğurları önə sürməklə həm də birmənalı olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkliyi ilə Daşkəsənin dəmir filizi mədənləri də “Çovdar” qızıl mədəni kimi müasir bir istehsalat sahəsinə çevriləcək, bütövlükdə Azərbaycanımızın inkişafına, tərəqqisinə öz böyük töhfələrini bəxş edəcəkdir.

Əminliklə vurğulaya bilərik ki, dəmir filizi yatağının yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda mövqeyinin güclənməsinə səbəb olacaq. Ölkəmizdə qara metallurgiyanın əsas sütunu sayılan dəmir filizi yatağının istismarının tezliklə işə başlaması həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli olan bəzi məsələlər öz həllini taparaq Daşkəsən regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir. Əllbəttə ki, biz də rayon ərazisində olan hər iki müəssisənin yenidən işə başlaması və fəaliyyəti üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Daşkəsənlilər Azərbaycanın növbəti uğur və qələbələrə doğru irəliləməsi üçün Prezident İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında daha sıx birləşəcəklərini vurğulayırlar

Bu arada daha bir amilə toxunaraq qeyd etmək istərdim ki, Prezident İlham Əliyev cənablarının humanist siyasətinə, atdığı addımlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsəndə birlik və həmrəyliyə çağıran müxtəlif sosial kampaniyalar təşkil olunaraq aztəminatlı ailələrə, ahıl sakinlərə maddi yardımlar edilir, ərzaq bağlamaları verilir, vətəndaşlara evlərdə sosial-məişət xidmətləri göstərilir, xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir. Demək olar ki, ərazidə yaşayan bütün aztəminatlı, tənha, köməyə ehtiyacı olan insanlara İcra hakimiyyəti tərəfindən daxili imkanlar hesabına ərzaq yardımları edilib, heç kim əliboş qaytarılmayıb.

Görülən işlərin nəticəsinə görə çox sevindirici haldır ki, sərt karantin rejimi tətbiq olunmuş Gəncə şəhəri və Göygöy rayonu ilə həmsərhəd, qonşu olmasına baxmayaraq bu gün Daşkəsəndə koronovirus xəstəliyinə yoluxmuş şəxs yoxdur.

Daşkəsənlilər hər zaman onların qayğısına qalaraq insanların rifahı üçün yorulmadan çalışdıqlarına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirir, Azərbaycanın növbəti uğur və qələbələrə doğru irəliləməsi üçün daim Onların ətrafında daha sıx birləşəcəklərini vurğulayırlar.

Əhəd ABIYEV,

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Bütün xəbərlər Facebook səhifəmizdə