Ermənilər etiraf etməlidirlər və əslində, ağlı başında olan az bir qismi də dəhşət və kədər hissi ilə etiraf edir ki, dırnaqarası inqilab olan, reallıqda isə dövlət çevrilişi edilən doğma ölkələrində vəziyyət Avropanın ən axırıncı diktatoru tərəfindən idarə olunan Belarusiyadan heç də yaxşı deyil. Bu ölkələr arasında yeganə fərq var və bunu elə bir kəsim erməni də yaxşı bilir ki, əgər sözügedən ölkədə xalq diktator saydığından canını qurtarmaq üçün çabalayırsa, Ermənistanda diktator demokrat cildində ortaya atılıb və aldatdığı daxili auditoriya da həqiqətin gözünə düz baxmaq, etirazlar və küçə nümayişlərindən avantüristcəsinə istifadə edərək, hakimiyyət çevrilişi edərək baş nazir postunu qamarlayanın əsl diktator olduğuna hələ də inanmaq istəmir. Əslində isə, bu bir həqiqətdir ki, Ermənistanın baş naziri repressiyalarla, həbslərlə, təqiblərlə və digər üsullarla rəqib saydıqlarını, əmrlərinə müntəzir olmayanları, əvvəlki hakimiyyətlə işləyənləri, ümumiyyətlə, onunla eyni fikirdə belə olmayanları təhdidləri ilə boğaza yığıb. Bu isə onun diktator olduğuna inanmaq istəməyənlərin də istək və arzularını ürəklərində qoyur və inanmaq məcburiyyətində qalırlar.
Manqurtlaşma, göründüyü kimi, bir çox xalq və ölkələr üçün tanış bir fenomendir. Xüsusilə, "rus qardaş"ın təsiri altında olanlar üçün bu daha nəzərəçarpacaq dərəcədədir. Bunlara xüsusilə, ukraynalılar, belaruslar və ermənilər aiddir. Bunu ermənilər arzulamasa da, istəməsə də, etirafdan çəkinsələr də bu belədir. İndi isə bu hərəkətin son, yekun mərhələsini Belarusiyada baş verənlərin timsalında görürük. Uzun müddət özünü "millətin atası" kimi göstərən, sonda öz qurtuluşu üçün ölkənin suverenliyi də daxil olmaqla hər şeyi hərraca çıxarmağa hazır olan, hakimiyyət sevgisi ilə yaşayan zalım obrazı, siması ortaya çıxdı. Lukashenko sadəcə olaraq, xalqını eşitmək belə istəmir. Ancaq digər tərəfdən, dörddə bir əsr müddətində bəlli oldu ki, onun Avropanın son diktatoru adlandırılması boş yerə deyildi!
Budur, Ermənistanın halı, oradakı vəziyyət sadalananlardan üstün, yaxud da yaxşı deyil. Müxalifətə və müstəqil medianın qalıqlarına təzyiq sadəcə ağlasığmaz və misilsizdir bu ölkədə. Heç bir zaman olmayan şəkildə təzyiqlə qarşılaşıb Ermənistan və ermənilər. Gör vəziyyət nə yerdədirsə, Nikol Paşinyanla müqayisədə Serj Sarkisyan belə demokrat hesab olunur indi erməni cəmiyyətində. Halbuki, onun özünü diktatorluqda ittiham edərək uzaqlaşdırdılar. Həqiqətən də, nəzərə alsaq ki, küçə nümayişçisi Nikolun həyasızlıqları, hakimiyyət iddiaları, xalqı qarşıdurmalara belə sövq etmələri fonunda Serj Sarkisyan geri çəkildisə, deməli, hər şeyi qurban verməyə hazır olan erməni baş nazir ondan da daha mənfur siması ilə Ermənistan tarixində iz qoydu və onun diktatorluqda tayı-bərabəri olmayıb.
Nikol Paşinyanla bağlı erməni tarixinə hər istiqamətdə uğursuzluqları da əlavə etdikdə görürük ki, o Ermənistan üçün bir baş ağrısına çevrildib. Xatırladaq ki, istər küçə nümayişləri zamanı, istərsə də hakimiyyəti ələ keçirdiyi ilk günlərdə Paşinyan xalqa saysız hesabsız vədlər versə də, bu günə qədər o vədlərin heç biri reallaşmayıb. Bu adam utanmadan hələ də vədlər verməkdə davam edir və əsassız vədlərinin sayını artırdıqca zərrə qədər utanmır da. Görünür, utanmaq hissindən elə əvvəldən məhrum imiş. Əgər məhrum olmasaydı, ən azından Amulsar mədəni, bu mədənin bağlanması, fəaliyyətinin dayandırılması ilə bağlı küçə nümayişləri zamanı dövlətdən tələblərini unutmazdı. Unutmasaydı, yaxud utansaydı indi baş nazir kreslosunu ələ keçirdikdən sonra erməni toplumunun eyni tələbini hesaba almadan Amulsarın istismarının davam etdirilməsinə çalışmazdı. Hazırda Amulsarın istismarının dayandırılması ilə bağlı saysız-hesabsız etiraz aksiyalarına məhəl qoymayan Paşinyan ən azından bu istiqamətdə vədini yerinə yetirməmiş olur. Belə olan halda, yəni ən adi qərarı belə vermək səlahiyyətlərinin olması fonunda bu vədinə də xilaf çıxdığı halda ondan başqa vədlərini gözləyən ermənilər yanıldıqlarını dərk etməlidirlər və edirlər. Küçə nümayişləri zamanı polisi xalqın xidmətçisi adlandıran beli çantalı nümayişçinin dövlət çevrilişi ilə səlahiyyətləri əlində cəmləndirdikdən sonra polisin köməyi ilə xalqı əzməsindən sonra isə ondan demokratiya, söz azadlığı, ali dəyərləri nəzərə alacağını gözləmək sadəlövhlükdən də ziyadə, axmaqlıq olar. Bu axmaqlığı qəbul edən ermənilərlə yanaşı indi onun yalançı, avantürist və manipulyator olduğunu etiraf edən erməni kəsimi də var.
Buna da diqqət etmək lazımdır ki, Ermənistan vətəndaşlarının, bütövlükdə Ermənistanın müflisləşməsi fonunda bu avantüristin ancaq özü və ailəsi çox zənginləşib. İndi Paşinyan utanmadan milyonlarla dəyəri olan saatını reklam etdirir və bununla lovğalanır. Halbuki, bir qol saatına milyonlarla vəsaiti sərf etməyi özünə rəva bilən erməni baş naziri Ermənistanın çörək almağa belə çətinlik çəkən ac vətəndaşlarını vecinə də almır. Yaxud, baş nazirin öz Facebook səhifəsində “məzuniyyətin son saatlarının həzzi” yazan arvadı Anna Akopyan sağa-sola, öz “həzzinə” pullar məsrəf edəndə düşünmür ki, Ermənistan əhalisinin böyük əksəriyyəti aclıq, səfalət içərisində inləyir, həzz almır. Yəni, bu ailə üçün erməni cəmiyyəti zərrə qədər maraqlı deyil. Bunu erməni lobbisi də yaxşı bilir və əbəs yerə deyil ki, Paşinyanın diaspor təşkilatlarına büdcə üçün pul toplamaq çağırışlarının müqabilində bütün dünya erməniləri bir milyondan da az vəsait topladı. Bunu toplamadı desək daha doğru səslənər. Çünki, əgər erməni baş nazirinin bu çağırışına, yaxud elə onun özünə məhəl qoyulsaydı bütün dünya üzrə deyil, dünyanın cəmi bir ölkəsindəki ermənilər bundan da çox vəsait göndərərdilər. Deməli, Ermənistanın öz daxilindəki vətəndaşlarından tutmuş, diaspor təşkilatlarına, dünyaya səpələnən bütün ermənilərə qədər erməni cəmiyyəti artıq onun kimliyini yaxşı tanıyır və o hesaba alınmır.
İndi bir az ağlı başında olan ən sıravi erməni belə yaxşı başa düşür ki, demokratiya komuflyajı altında çox hiyləgər bir avantürist Ermənistan adlı ölkəni də, erməni cəmiyyətini də barmağına dolayıb və diktatorun yekəsi də elə onun özüdür. Elə başa düşdükləri üçün də narazılıqları, ona qarşı ermənilərin qəzəbi də artır və biri-birini əvəz edən, ardıcıl olaraq keçirilən etiraz aksiyaları bütün bunları, bu qəzəbi təsdiq edir. Əslində, vətəndaşlar öz qəzəbini ifadə edirlər və bu barədə haqlıdırlar. Çünki son 2 ildə Nikolun bütün hoqqabazlıqlarını onlar öz gözləri ilə görüblər. Sonuncu dəfə Paşinyan öz ölkəsinin iqtisadi inkişafını utanmadan söyləməsinə iqtisadçı ekspertlər açıq şəkildə kəskin reaksiya verir və tənqid edirlər. Bildirirlər ki, belə səfalət içərisində olan Ermənistanda nəinki iqtisadi göstəricilərindən, heç iqtisadiyyatından da danışmaq mümkün deyil.
Təsəvvür edəndə ki, Ermənistan deyilən bir ölkə heç bir qlobal layihəyə qoşulmayıb, ərazilərindən faydalı qazıntılar hasil edilmir, heç bir iqtisadi fəaliyyətdən, iqtisadi əlaqələrdən, ticarətdən, emaldan, ümumiyyətlə büdcə gəlirlərindən söhbət belə gedə bilməz, bu zaman Paşinyanın dediklərinə, vədlərinə bizim gülməyimiz gəldiyi kimi ermənilərin də ağlamağı gəlməlidir. Çünki, bu adam, yəni küçədən gələn erməni baş nazir öz fəaliyyəti ilə rəhbərlik etdiyi dövlətin sonuna çıxır. Ən yaxın zamanda Ermənistanın tamamilə çökməsində şəxsən Paşinyanın da əvəzsiz xidmətləri var. Bu adam manqurtcasına ölkəsinin iflasını, məhvini yaxınlaşdırır və bu onun vecinə də deyil. Hətta Ermənistana məxsus bəzi mətbuat səhifələrində “o manqurtdur” deyə açıq-aşkar bildirilir. Yalanlarla və vədlərlə ələ keçirilmiş hakimiyyətini qorumaq üçün öz ölkəsinə hər cür xəyanətə hazır olan birini manqurt adlandırmaqda hər kəs haqlıdır. Ermənistan mediasında Paşinyanın hətta Lukaşenkodan da daha böyük Rusiyapərəst olmağa hazır olduğu qeyd və etiraf olunur. Etiraf olunur ki, ancaq daha faciəli olan, uzun müddətdir manqurt klanının nümayəndələri də aktivdirlər. Bir sözlə, manqurtlaşan Ermənistanın, diktatorun hakimiyyətinin mahiyyəti çoxdandır nəinki ermənilərin özünə, beynəlxalq aləmə belə tanışdır, bəllidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB