“Tarixi mədəniyyət obyektlərinin məhv edilməsi bütün bəşəriyyətə qarşı cinayətdir” ÖZƏL-ŞƏRH

“Tarixi mədəniyyət obyektlərinin məhv edilməsi bütün bəşəriyyətə qarşı cinayətdir” ÖZƏL-ŞƏRH

“Azərbaycan torpaqları işğal olunduğu gündən, Ermənistan hökuməti işğal olunmuş torpaqlarımızdakı yüzlərlə tarixi, dini abidələrimizi, kitabələri, mədəni obyektləri, hətta evləri belə məhv etmişdir. Eyni aqibətlə, Ermənistandakı Azərbaycan xalqına məxsus mədəni irs də üzləşmişdir. İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinmiş, Göy məscid isə orijinallığını itirsin deyə “təmir” edilmişdir. Onlar indiyədək bizim torpaqlarımızda qanunsuz arxeoloji qazıntılar aparır, tarixi abidələrimizi, məscidlərimizi məhv edir, tarixi və mədəni irsimizin saxtalaşdırılması ilə məşğul olurlar, bundan başqa işğal olunmuş torpaqlarımızda qeyri-qanuni şəkildə mədənlər qurub, faydalı qazıntıların çıxarılıb xaricə ixracı ilə məşğul olurlar. Azərbaycanlıların işğal olunmuş torpaqlarda yaşadığını təstiq edən bütün izləri silməyə çalışan Ermənistan hökuməti, hakimiyyətdə kimin olmasından asılı olmayaraq bütün tarixi öz xeyrinə yazmağa və Azərbaycan torpaqlarında qeyri-qanuni mövcudluqlarını saxtakarlıq yolu ilə təsdiq etməyə çalışır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycandakı Rus İcmasının sədr müavini, Qarabağın Azərbaycanlı İcmasının müşaviri, siyasi şərhçi Anastasiya Lavrina deyib.

Siyasi şərhçi qeyd edib ki, hər dəfə xalqımıza məxsus hansısa tarixi abidəni məhv edən Ermənistan hökuməti tarixi saxtalaşdırmaqla, bu addımları ermənilərin bu ərazilərdəki mövcudluğunun təbii sübutu kimi beynəlxalq ictimaiyyətə təqdim edir.
“Tarixi mədəniyyət obyektlərinin məhv edilməsi yalnız Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayətdir. Məhv edilmiş mədəniyyət nümunələri bütün bəşəriyyətə məxsusdur və onların qorunması beynəlxalq əhəmiyyətə malikdir. Beynəlxalq strukturlar bunu təkcə Azərbaycan xalqının yox, bəşər övladının mədəni irsinə qarşı yönəlmiş vandalizm kimi qəbul etməlidirlər.
Erməni işğalçılarının vandalizmi nəticəsində tarixi – mədəniyyət abidələrinin dağıdılması və qəsdən zədələnməsi 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına, 1992-ci il tarixli “Arxeoloji İrsin Qorunmasına” dair Avropa Konvensiyasına və 1972-ci ildə qəbul edilmiş UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qoruması Konvensiyasına ziddir.
Problem ondadır ki, ermənilər hər zaman dini faktoru, yəni xristianlığı və islamı ön plana çəkərək özlərini qurban, zərərçəkmiş rolunda təqdim edirlər. Onların yalan təbliğatlarına görə müsəlmanlar, daha doğrusu Osmanlı İmperiyası, daha sonra isə Türkiyə və Azərbaycan ermənilərə daim zülm etmişdir. Erməni lobbisi bu maraqların və saxta arqumentlərin təbliği üçün külli miqdarda vəsait xərcləyir. Bəzən xristianlarla müsəlmanlar arasındakı qarşıdurmaya müdaxilə etmək istəməyən bəzi beynəlxalq strukturlar problemin mahiyyətinə dərindən baxmırlar. Bəzən erməni təbliğat maşını vasitəsilə beyinləri yuyulan və yalnız maddi qazanclarını güdən bəzi xarici şirkətlərin, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunda müxtəlif obyektlərin inşasında və ya yenidən qurulmasında iştirak etdiklərinin şahidi oluruq.
Bu vəziyyət dövlətlər və beynəlxalq təşkilatlar, mülki hüquq müdafiəçiləri və mütəxəssislər tərəfindən beynəlxalq müqavilələrə və beynəlxalq hüquqa uyğun olaraq mədəni irsin qorunmasını gücləndirmək üçün dərhal və daha qətiyyətli addımlar atmağı tələb edir.
Azərbaycan beynəlxalq birliyin diqqətini bu problemə yönəltməkdən əl çəkməyəcək. Bütün bu məqamlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə çox mənfi təsir göstərir və danışıqların uzanmasına gətirib çıxarır ki, bu da yalnız və yalnız Ermənistana sərf edir”, deyə Anastasiya Lavrina bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə