Ermənistan ordusuna kömək etmək üçün xalq dəstələrinin yaradılmasının zəruriliyi barədə məlumatlar haqlı olaraq müzakirələrə səbəb olub və erməni cəmiyyətini hal-hazırda ən çox məşğul və narahat edən məsələ məhz elə budur. Çünki, hər bir dövlətdə ordu vətəndaşların təhlükəsizliyinin qarantıdır. İndi orduya kömək üçün xalq dəstələrinin toplanması Ermənistan vətəndaşlarında bu qarantın zəifliyi barədə əsaslı şübhələrə yol açıb.
Bu vaxta qədər Ermənistanın öz sərhədlərini qorumaq əzmində olan ordusunun olması barədə çox böyük bir mif yaradılıbsa da, bu mif xalq dəstələri məsələsində tamamilə dağıldı. Hər zaman Ermənistan ordusunun guya ki, qüdrətli, məğlubedilməz olması barədə pafoslu çıxışlar edən Ter-Petrosyandan tutmuş Nikol Paşinyanadək bütün erməni rəhbərləri güclü ordularının olması barədə ermənilərdə bir rahatlıq yaratdıqlarını zənn etdikləri halda, xalq ordusu məsələsi Ermənistan vətəndaşlarının beyninə qurd salıb, içinə də bir qorxu. Çünki, erməni hərbi idarəsinin xalq dəstələri barədə təklifi hər bir pafoslu tərifin şişirtmə və göstərmə olduğunu təsdiqləyir və ermənilərin içini şübhə doğramağa başlayıbsa, bu deməkdir ki, mövcudluqları dövründə məhz bu şübhədə birinci dəfə haqlıdırlar.
Hazırda erməni cəmiyyətini ən çox məşşul edən məsələnin məhz xalq dəstələrinin yaradılması təklifidir ki, bu təklif ermənilərə göstərdi ki, heç də Ermənistan ordusu onlara göstərilən qüdrətə malik deyil və onun xalq dəstələrinə bərk ehtiyacı var. Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi xalq dəstələrinin yaradılması layihəsini ictimai müzakirəyə təqdim edib. Qeyd edək ki, bu dedi-qodu deyil və rəsmi məlumat qədər ciddidir. Çünki, bu barədə idarənin mətbuat katibi Şuşan Stepanyan öz Facebook səhifəsində elan edib.
"Qanunvericilik Ermənistan Respublikasının müdafiəsi məsələsini ümumdünya və milli əhəmiyyətə vermək, könüllü bir xalq dəstələri sistemi yaratmaq və təşkil etməklə potensial düşmənin istənilən təcavüzünə layiqli cavab vermək zərurəti ilə izah olunur", deyə Stepanyan öz səhifəsində yazıb. Bu isə o deməkdir ki, Ermənistan Müdafiə Nazirliyi mətbut katibi səviyyəsində etiraf edir ki, Ermənistan ordusunun kimin olmasından asılı olmayaraq dəstəyə, köməyə ehtiyacı var. Qanun layihəsində qeyd olunduğu kimi, xalq dəstələri silahlı bir hücum və ya hərbi əməliyyat zamanı vətəndaşların Ermənistanın hərbi müdafiəsində könüllü iştirakı sistemidir. Bu da ondan xəbər verir ki, Ermənistan ordusu heç də vətəndaşların müdafiəsinə qadir deyil. Qanun layihəsi təsdiq edir ki, sözügedən ordu heç hazır da deyil və hansısa yardıma qəti şəkildə ehtiyac duyur.
İndi erməni cəmiyyətinin yuxusunun ərşə çəkilməsini başa düşmək çətin deyil. Səhv etmiriksə, ordu düşmənin hücumunu dayandıra bilmədikdə və geri çəkilmək məcburiyyətində olduqda, yəni, kritik vəziyyətlərdə olduqda nizamlı qoşunlara kömək etmək üçün xalq dəstələri yaradılır. Bu halda, Ermənistanda yaradılan xalq dəstələri adlı yardımı biçarə ermənilər ordularının zəif olması etirafından başqa cür necə başa düşməlidirlər axı? Bir növ ermənilər indi-indi reallıqla, həqiqətlərlə üz-üzə qalıblar və bu da bu vaxta qədər işğalçılıq siyasəti yürüdən, qonşu dövlətin ərazilərini müvəqqəti işğalda saxlayan bir ölkənin vətəndaşı üçün fəlakətdən başqa bir şey deyil. Ermənilər bu gün və ya yaxın gələcəkdə ölkələrinin, vətəndaşlarının vəziyyətini təsəvvür etməkdən də qorxuya düşüblər ki, qeyd etdiyimiz kimi, məhz bu yöndə haqlıdırlar.
İrəvandakı hərbi-siyasi rəhbərlik, həm 2016-cı ilin aprel ayında, həm Dağlıq Qarabağda və həm də 2020-ci ilin iyulunda sərhəddəki Tovuz istiqamətində Ermənistan ordusunun qarşı tərəfi geri çəkilməyə vadar etdiyi barədə iddialar səsləndirməsini bu zamana qədər nə utanmayıb, nə də deyəsən bundan sonra da utanmaq fikrində deyil. Belə olan halda həmin o erməni siyasi rəhbərliyinə bir sual vermək, bir məsələni xatırlatmaq yerinə düşərdi ki, bəlkə utana, yaxud da ar-abır edələr. Təbii ki, əgər belə bir sifəti özlərində tapa bilsələr. Deyək ki, avqustun 14-də Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin iyul ayında Tovuzdakı döyüşlərdə iştirak etmiş 72 hərbçini mükafatlandırmaq üçün onlara hədiyyə verdi və "Onların hamısı qələbəli döyüşlərin fəal iştirakçılarıdır", dedisə də buna özü inandımı? Düşünmürəm ki, erməni baş nazir öz yalanına özü inana. Lap elə onun özü öz yalanına inansa belə, erməni cəmiyyətində belə bir sual yaranıb ki, “döyüşlər zamanı qələbə qazanmışdısa, niyə bu gün Müdafiə Nazirliyi yerli əhalidən xalq dəstələri yaratmaq təşəbbüsü ilə çıxış edir? Yeri gəlmişkən, bu sualı ermənilər repressiya qorxusundan Nikolun özünə ünvanlaya bilməsələr də biz qorxmadan, çəkinmədən ünvanlayırıq. Qoy bu vəzifə oğrusu olan, acgöz və populist küçə nümayişçisi cavab versin görək, onun ordu dediyi dağınıq hərbi sistemi niyə xalq dəstələrinin yardımına ehtiyac duyur, əgər dediyi kimi qalib və qüdrətlidirsə?
Populist bəyanatlarla özünü sığortaladığını zənn edən erməni baş nazirinə bir məqamı da xatırlatmaq yerinə düşərdi, hansı ki, bunu bütün ermənilər çox yaxşı anlayırlar artıq. Beli çantalı küçə nümayişçisi fərqində olsun ki, Ermənistan əhalisi az qala 30 ilə yaxındır davam edən münaqişə zamanı, yəni Tovuz hadisələrinə qədər nədənsə erməni hərbçilərinin sərhədləri və ya təmas xəttinin təhlükəli hissələrini, xüsusi əhəmiyyət kəsb edən obyektləri qorumaq üçün mülki xalq dəstələri yaradılması ideyasının, fikrinin, təklifinin belə şahidi olmayıb. Ümumiyyətlə, heç kim belə bir təklifin, ideyanın şahidi deyil. İndi belə bir sual verməkdə hər kəs haqlıdır ki, belə bir dəstənin, Ermənistan ordusuna yardım məqsədi ilə yaradılması nəzərdə tutulan xalq dəstəsinin təşkil edilməsi fikri, ideyası niyə Tovuz döyüşlərindən sonra peyda oldu? Yaxşı, Tovuz döyüşlərini Ermənistan ordusunun qələbəsi kimi sırımağa çalışan Paşinyan belə bir dırnaqarası qələbədən sonra o “qüdrətli” ordusu üçün yardım istəməməli idi axı.
Əslində, Paşinyanın deyil, həqiqətin prizmasından baxdıqda vəziyyətin erməni baş nazirinin təqdim etdiyi kimi deyil, tamam fərqli olduğu qənaətinə gəlməkdə hər kəs haqlıdır və onsuz da artıq hamı bu qənaətdədir. Hamı bu qənaətdədir ki, əgər Tovuz döyüşlərinin ardınca Ermənistan ordusuna yardım üçün xalq dəstələri yaradılırsa, deməli bu döyüşlərin qalibinin Ermənistan deyil, hansı tərəf olduğu bəlli olur. Bəlli olur ki, Ermənistan bu vaxta qədər nə qədər gizlətsə belə, Azərbaycanın qələbələrinə kölgə sala bilmir və xalq dəstələri yaradılması ehtiyacı ilə bunu dolayısı ilə etiraf edir. Etiraf edir ki, bu gün Ermənistanın silahlı qüvvələri, nizami ordusu təkbaşına öz üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir.
Ermənistan cəmiyyəti indi hərbi rəhbərliyin susdurulduğu hallar, gizlədilən faktlara görə qorxu içərisindədir. Ermənilər hətta qorxurlar ki, onların səlahiyyətliləri hərbi əməliyyatların başlanacağını bilə-bilə susurlar, yaxud susacaqlar. Ondan da narahatdırlar ki, müdafiə üçün müvafiq tədbirlər görülmür. Amma bu vaxta qədər aldadıldıqlarına görə, başa düşməkdə çətinlik çəkirlər ki, onların qondarma qüdrətə, əldəqayırma şan-şöhrətə sahib orduları elə erməni baş nazirinin özü də daxil olmaqla müdafiə tədbirləri görməkdə acizdirlər.
Sonda Ermənistan ordusunun “yenilməzliyi”, “yüksək döyüş hazırlığı” barədə bütün tribunalardan qışqırmağa alışan erməni səlahiyyətliləti bilsinlər ki, Ermənistan ordusunun şişirdilmiş, yalançı imici dağılıb. Bu yalançı imic, 2016-cı il aprel döyüşləri zamanı və onun ardınca bu ilin iyul hadisələri, Ermənistanın təxribat törətmək cəhdləri zamanı tamamilə yerlə yeksan edildi. Ən nəhayət, həqiqətən də Ermənistan vətəndaşları Ermənistan ordusunun xalq dəstələrinə niyə ehtiyac duyulması barədə bilmək hüququna malikdirlər. Ən azından, Ermənistan əhalisi nəinki Ermənistan silahlı qüvvələrinin, ümumilikdə Ermənistan dövlətinin onları qorumaq iqtidarında olmadığını bilmək haqqının sahibidirlər və bunu da artıq bilirlər. Bilirlər ki, işğalçılıq siyasəti yürüdən Ermənistan dövləti bu siyasətin sayəsində cavab reaksiyasının acı nəticələrindən vətəndaşlarını qorumaq iqtidarında deyil və bu işğalçı ölkə öz vətəndaşları ilə bərabər fəlakətlə üz-üzədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB