"Kənd sakinləri də bilir ki, təmas xətti haradan keçir" ÖZƏL - AÇIQLAMA
"Hətta, yerli kənd sakinləri belə çox gözəl bilirlər ki, qoşunların təmas xətti hansı tərəfdə yerləşir və ya obyektlər hansı tərəfdədir. Təbii ki, bütün bunlar Ermənistanın səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu göstərib". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə Ermənistanın son vaxtlar törətdiyi təxribatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən həm Tovuz, həm də Goranboy təxribatları qeyri-professional şəkildə hazırlanıb və təxribatı belə professional səviyyədə hazırlaya bilmirlər: "Tovuz hadisələrində guya Azərbaycana məxsus "UAZ" markalı maşın Ermənistanın sərhəd xəttini pozub. Guya, Azərbaycan tərəfi Ermmənistanın sərhəd xəttində təxribat törətməyə çalışıb. Hansı məntiqlə Azərbaycan tərəfi "UAZ" markalı maşınla təxribat yarada bilərdi? Bunların hamısı tamamilə sığortalanmamış və ya məntiqi əsası olmayan əməliyyatlardır. Bu göstərir ki, açıq-aşkar Ermənistan qurma işlərlə məşğuldur. Lakin, biz Ermənistana layiqli cavabı verdik".
Ekspertin fikrincə, Ermənistanın diversiya-kəşfiyyat qrupunun rəhbərinin itkin düşməsinin Ermənistanın Müdafiə Nazirliyi tərəfindən bəyan edilməsi də tamamilə qurma bir oyundur: "Bu dəfə də təcrübəti bir zabit, əlində xəritəsi olan, xüsusi təlim keçən bir komandir, guya ki, yolunu azıb. Adi kənd sakini, sadə vətəndaş və ya hər hansı bir hərbi biliyi olmayan şəxs, naviqasiya sistemindən xəbərdar olmayan insan belə bir halda yolunu aza bilər. Hətta, yerli kənd sakinləri belə çox gözəl bilirlər ki, sərhəd hansı tərəfdə yerləşir və ya müəyyən obyektlər hansı tərəfdədir. Təbii ki, bütün bunlar Ermənistanın səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu göstərir".
İlqar Vəlizadə qeyd edib ki, bu diversiya qrupunun məqsədi və nəyə görə təşkil olunduğu əslində heç kəsə sirr deyil. Ermənistan tərəfi bununla Azərbaycan ərazisində yolların minalanmasından tutmuş, hərbi və mülki obyektlərə xəsarət yetirməyə qədər təxribat aktlarına gedə bilərdi: "Bu diversiya qupu xüsusi proqram əsasında təşkil olunur yaxud bu kəşfiyyatçı qruplar Azərbaycan tərəfinin kommunikasiya xətlərini, hərbi infrostukturanı öyrənmək məqsədi ilə əraziyə müdaxilə etməyə çalışırlar. Yəni, onların əsas məqsədi sadalananlardan ibarətdir idi. Digər tərəfdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri olacaq və çox güman ki, Ermənistan tərəfi bununla əlaqədar Azərbaycana bir "hədiyyə" hazırlamaq istəyirdi, lakin, bu cəhdlər alınmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB