Mayın 5-də Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Monteneqronun Prezidenti Filip Vuyanoviç, Baş Naziri İqor Lukşiç, Parlamentin Sədri Ranko Krivokapiç və Bar şəhərinin meri Jarko Paviçeviç ilə görüşlər keçirib. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyindən SİA-ya daxil olan məlumata görə, görüşlərdə AR Xarici İşlər Nazirinin Monteneqroya səfərinin, eyni zamanda 26-27 noyabr 2010-cu il tarixində Monteneqronun Xarici İşlər və Avropa İnteqrasiyası Naziri Milan Roçenin Azərbaycana səfərinin qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğu vurğulanmış, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağına əminlik bildirilib.
Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə dövlətinin bütün ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığını bildirib. İkitərəfli münasibətlərin genişləndirməsi zəruriliyi qeyd olunmuş və bu əlaqələrin inkişaf etdirilməsində hər iki dövlətin maraqlı olduğu bildirilib. E. Məmmədyarov Azərbaycan ilə Monteneqronun dost ölkələr olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı imkanlar yarandığını qeyd edib.
Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov qarşılıqlı səfərlərin mübadiləsinin ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu söyləyərək, Azərbaycan ilə Monteneqro arasında əlaqələrin təkcə ikitərəfli müstəvidə deyil, eləcə də ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirməyin vacibliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB