“İşğalçı Ermənistan çabaladıqca, özünü daha dərinə salır” ÖZƏL-MÜNASİBƏT
Düşmənin, beynəlxalq səviyyədə tanınmış Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuzda yerləşən Azərbaycan mövqelərinə təşkil etdiyi hərbi hücum cəhdinin qarşısı qətiyyətlə alındıqdan sonra, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi son “ipə-sapa yatmazlığ”ının uğur¬suzluğunu başqa platformalarda “balanslaşdır”mağa çalışır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Əkbər Qoşalının sözlərinə görə, düşmən və havadarları Tovuzda bir daha gördü ki, qarşılarındakı Azərbaycan, düşündükləri, arzuladıqları Azərbaycan deyil, çağdaş Azərbaycan həm öncəbhədə öz layiqli cavabı ilə, həm də, hadisəyə obyektiv beynəlxalq reaksiyanın təminində özünəxas bacarıq, güc, ləyaqət və təmkinlə seçilir.
“Açığı, şəxsən mən, getdikcə daha çox əmin oluram ki, işğalçı ölkənin hökuməti və onu Tovuzda hücuma təhrik edənlər, mövcud nəticəni hesablamış olsaydı, bəlkə də, məlum hərbi-siyasi qələtə girişməzdi.
Bəli, öz daxilində günbəgün kəskinləşən koronavirus böhranından, ümumən sosial, iqtisadi, siyasi, ideoloji və başqa plandakı gərginliklərdən diqqət yayındırmaq niyyəti ilə təhrikedici hərə¬kətlərini, təxribatçı açıqlamalarını durdura bilməyən düşmən dövlət, yeni gerçəkliklərlə üz-üzə qalmaqdadır. Nə öncəki yalanları ilə “qarın doymur”, nə də, yeni hiylələrini, təxribatlarını həyata keçirə bilmir və belə olunca da, bataqlıqda çabalayan adam kimi, özünü daha dərin təhlükəyə salmış olur. Əlbəttə, bu və digər yaramazlıqlar, alışqanlıqlar, ərköyünlüklər Ermənistanın özünün səbəb olduğu, elanolunmamış müharibədə müəyyən bir barış ovqatının yaranmasına deyil, qanunsuz güc tətbiqi ilə şəkillənmiş işğal durumunu davam və inkişaf etdirməyə xidmət edir.
İndi fikir verin, işğalçı tərəf, bizim ərazidə yaratdığı qondarma rejimin qondarma “prezident”inin ağzı ilə, bizi, artıq Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid cəhdində bulunur. Ermənistan hərbi-siyasi dairələrinin, Mingəçevir SES-in, başqa strateji mülki obyektlərimizin, iri yaşayış məntəqələrimizin “hərbi hədəf”də olduğunu bir neçə dəfə açıqlamasının ardınca, növbəti “açıqlama” ilə tanış olduq. Qondarma “prezident” bir az da, “təkmil hədəf”lərini açıqladı, Gəncənin hərbi hədəfdə olduğunu ifadə etdi. Uzun illər ərzində Gəncədə, ümumən Azərbaycanda yaradılmış mədəni irsə sahib durmağa çalışan, cild-cild “kitablar yazan, yazdıran, hətta, adı, əsərlərinin mətn-mündəricəsi aləmə bəlli Nizami Gəncəvinin qəhrəmanlarını, məsələn Şirini erməni elan edə bilən, sovet vaxtı “Vtoroy çast”da məqsədyönlü şəkildə sıx məskunlaşmaqla öz ağıllarınca perspektiv cızan “zehniyyət”, bugün Gəncəni vurmaqdan danışır. Bu açqılama, özəlliklə, Tovuz toqquşmasından sonra verilməsi ilə diqqəti cəlb edir. Respublikamızın Qərb bölgəsi ilə bağlı açıq-gizli planlarının olduğunu büruzə verən Ermənistan, illər öncə “Yevlaxa qədər tutarıq”, “Kürə qədər gələrik”, “Sizi Xəzərə tökərik” kimi axmaq, boylarını aşan açıqlamalarda bulunmuşdu. Gəncənin biləvasitə hərbi hədəf göstərilməsi, düşmənin respublikamızın Qərb bölgəsi ilə bağlı sərsəm “plan”ların xəbərçisi kimi görünməkdən daha artıq, Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə “dişində qalmış şirə”nin zəhərə döndərilməsi vaxtının yetişdiyini ifadə edir. Öz işğalçılıq siyasətindən əl çəkə bilməyən Ermənistanın, birgəyaşayışdan, ədalətli sülhdən uzaq terrorçu, işğalçı “mahiyyət”i bir daha və bu dəfə “Gəncə kodu” ilə qarşımıza çıxır.
Hücum, təxribat cəhdlərinin ordumuz tərəfindən operativ şəkildə dəf edilməsi ilə arzuolunmaz duruma düşən Ermənistan, hərbi ritorikasını yenə (ənənəvi şəkildə) mülki obyekt və əhalini hədəf göstərməklə, öz ağıllarınca, dinc əhali arasında xof yaratmaqla “zənginləşdirmək” istəyir.
Digər yandan, Ermənistan və havadarlarının, işğal edilmiş Azərbaycanın ərazilərində yaratdığı qanunsuz rejim üzərindən həyata keçirdiyi planlar, qanunsuz məskunlaşma, vaxtı ilə mövcud olmuş infrastukturun dəyişdirilməsi, ekologiyanın korlanması, sərvətlərin talan edilməsi, maddi mədəniyyət abidələrin vəhşicəsinə dağıdılması, dəyişdirilməsi, habelə, Şuşanın qondarma rejimin “paytaxt”ı elan edilməsi ermənilər arasında “sabitlik ovqatı”, “komfort” yaratmaq cəhdlərini göstərir.
İşğalçı Ermənistan Yaxın Şərq ölkələrində, konkret olaraq, Livanda yaşanan məlum humanitar fəlakətlərdən öz mənfur məqsədləri üçün sui-istifadə etməkdən çəkinməyərək, Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra, Livan vətəndaşı olan erməniləri, qanunsuz şəkildə, işğal edilmiş Azərbaycan ərazilərinə gətirib, yerləşdirmək planındadır.
Bunların qarşılığında beynəlxalq ictimaiyyətdən gələn təpkilər, Azərbaycanın diplomatik həmlələri, parallel olaraq, ordumuzun intensiv məşqləri, qardaş Türkiyə ilə birgə keçirdiyimiz böyük hərbi təlim, silahlanmaya qəbul etdiyimiz yerli və xarici silahlar, bir sözlə, hərbi hazırlıqlarımız, əlbəttə, yalnız qondarma rejim başbilənləri tərəfindən deyil, düşmən tərəfin əhalisi tərəfindən də izlənir, öyrənilir. Haqsız savaşdan əziyyət çəkən sadə erməniləri, övladları mənasız yerə (və əvvəl-axır nəticəsiz qalacaq müharibə girdabında) öldürülən erməni anaları, ağlı başında olan hər kəs anlayır ki, qondarma rejim, o rejimi yağlayıb-ballayan Ermənistan və havadarları gec-tez geri çəkiləcək. Azərbaycanın işi haqq işidir, tarixi həqiqətlər, beynəlxalq hüquq Azərbaycanın yanındadır. Azərbaycan güclənir, Ermənistan sosial-iqtisadi baxımdan geri gedir. Bütün bu və bənzəri gerçəkliklər fonunda, “acqarına ideologiya” ilə uzağa getmək mümkün deyil, “məğlubiyyətə bərabər qələbə”ni ictimai şüurda möhkəmlətmək alınmır. 2016-cı ilin aprel, 2018-ci ilin Günnüt, bu ilin Tovuz hadisələrindən, yeni beynəlxalq münasibətlər sistemindən, habelə irimiqyaslı Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən sonra, daxili auditoriya ilə daha çox işləmək məcburiyyətində qalan Ermənistan, özünü daha güclü göstərmək məcburiyyəti hiss edir.
İşğalçı özünün təhrikedici hərəkətləri, təxribatçı açıqlamaları ilə bir yandan daxili auditoriyanı sakit tutmaq, başqa yandan beynəlxalq ictimaiyyətin, ilk sırada, Azərbaycan dövlətinin və ictimaiyyətinin səbrini sınağa çəkməyə çalışır. Düşmən bu “qatır çalışqanlığ”ına, “eşşək arısı kimi boşuna işləməy”ə son qoymalıdır.
Xarici İşlər Nazirliyimizin bugünlərdə “hədəf: Gəncə” ilə bağlı verdiyi səbatlı və kəskin Bəyanatda da bildirildiyi kimi, dövlətimiz, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, konstitusiya quruluşunun müdafiəsi, vətəndaşlarının təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin edilməsi üçün bütün imkanlardan istifadə etməklə, gərəkən zəruri addımları atmaq əzmindədir. Bu əzmi, qətiyyəti bizə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq verir. BMT Təhlükəsizlik Şurasının müvafiq – 822, 853, 874, 884 saylı Qətnamələri və ATƏT-in qərarları əsasında siyasi-hüquqi çərçivəsi müəyyən edilmiş danışıqlar prosesinə sadiqlik, ədalətli sülhə tərəfdarlığımız bizim düşmənə edə biləcəyəimiz güzəştin ən yuxarı həddidir. Ancaq Ermənistan, bundan sonra da öz qanunsuz fəaliyyətlərini, təhrikedici, avantürist açıqlamalarını dayandırmasa, yalnız diplomatlarımızla masa arxasında deyil, hərbçilərimizlə öncəbhədə qarşı-qarşıya gəlməkdən, ağır zərbələrdən və darmadağından qurtula bilməyəcəkdir. Gəncə hədəf olmayacaq, Gəncə düşmənə gözdağı olacaq, necə ki “Arabao”nun məhvini xatırlasalar, Gəncəni o kirli ağızlarına almazdılar…
Dövlətimiz zaval görməsin!”, deyə Əkbər Qoşalı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB