“Tovuz hadisələri zamanı Ermənistana silah göndərən Serbiya və İordaniya, həmçinin tranzit rolunu oynayan Gürcüstanla XİN məşğul olduğu halda, Rusiya ilə məsələni dövlət başçısı şəxsən özü araşdırmaq qərarına gəlib ki, bu da çox ciddi məqamdır. Azərbaycan, hətta beynəlxalq təşkilatlarda Rusiyaya qarşı qəbul olunan sanksiya qərarlarına səs verməyib, üstəlik, sanksiyaya məruz qalan qonşusuna daim dəstəyini ifadə edib. Lakin Ermənistanın xain hücumu zamanı şimal qonşumuz kürəyimizə xəncər saplamağa cəhd göstərib ki, bu da acı təəssüf doğurur”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, 2000 -ci illərin əvvəllərindən başlayaraq, Qərb və İsrail ölkəmizdə hərbi bazalar yaratmaq və ərazimizdən İrana qarşı istifadə etməkdə israrlı idilər: “Rusiyaya qarşı da Qərb fondlarının cənub bazasının Azərbaycanda qurulması da istisna deyildi. Lakin prezident İlham Əliyevin apardığı mehriban qonşuluğa əsaslanan siyasi kurs nəticəsində biz heç vaxt qonşularımıza qarşı koalisiyalarda yer almadıq və bundan sonra da almayacayıq. Lakin təəssüflər olsun kı, biz İran və Rusiyadan münaqişənin həlli ilə bağlı heç bir real addımlar görməməkdəyik. Real addım işğalçı ilə işğalçı dilində danışmaq, işğalçıya iqtisadi və hərbi dəstək verməməkdir. Ən azı, bu dövlətlər Azərbaycanı və Ermənistanı meydanda təkbətək qoysunlar. Tovuz hadisələri zamanı Rusiyanın 400 ton silahı Ermənistana ötürməsi, İranın isə məlum davranışı onu deməyə əsas verir ki, Azərbaycanın Ermənistanın təxribatlarından qorunması üçün Türkiyə ilə fəal hərbi əməkdaşlığına ehtiyac var. Qısacası, bizə ayrı seçim şansını qoymurlar. Rəsmi Bakını Türkiyə bazalarının Azərbaycanda yerləşdirilməsinə təhrik edirlər”.
Z.Məmmədov bildirib ki, müdafiə nazirimizin verdiyi bəyanat və Türkiyə hərbçiləri ilə intensiv dialoq onu deməyə əsas verir ki, iki tərəf arasında mühüm razılaşmalar var: “Ermənistanın havadarları agah olsunlar ki, bundan sonra öz geosiyasi maraqlarına görə Azərbaycana təzyiq edə bilməyəcəklər. Beynəlxalq hüquq çərçivəsində Azərbaycanın maraqlarını nəzərə almayanlar və Bakıya diktə etməyə çalışanlar bundan sonra Azərbaycanda Türkiyə hərbi varlığı ilə barışmalı olacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB