"Qarabağda formalaşdırılacaq dövlət strukturları harda qərarı biz verəcəyik" - ŞƏRH ÖZƏL

"Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma strukturlarının Xankəndindən Şuşaya köçürələcəyi haqqında məlumat yayılıb. Belə bir məlumatın Şuşanın əsasının qoyulmasının 270 illiyi ərəfəsində yayılması ermənilərin növbəti təxribatıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, bu cür təxribatlar danışıqlar yolu ilə münaqişənin həll edilməsi məsləsini heçə endirir: "Biz bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq və ermənilərin niyyətinin danışıqlar prosesindən yayınmaq olduğunu göstərməliyik. Bununla yanaşı ordumuzu daha da gücləndirməliyik və öz gücümüzlə işğala son qoymağa hazır olmalıyıq".

A.Badamov söyləyib ki, ermənilər bilirlər ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və gec-tez öz torpaqlarını azad edəcəkdir: "Amma zaman-zaman belə təxribatlara əl atmaqla bizdə qıcıq yaratmaq istəyirlər. İşğalçı ermənilər onu da bilməlidirlər ki, o qondarma strukturların harda olmağından asılı olmayaraq ora Azərbaycan əsgərinin gülləsi ilə məhv ediləcəkdir. Torpaqlar Azərbaycanındır və gələcəkdə Dağlıq Qarabağ torpaqlarında formalaşdırılacaq bütün dövlət strukturlarının harda yerləşəcəyinə özümüz qərar verəcəyik. Buna nəinki biz, hətta o işğalçıların özləri də inanırlar".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə