Xəyanətkarlara güzəşt edilə bilməz RƏY-ÖZƏL

Nuhəli Kərimov: “Satqınların Bakıdakı kuratoru Əli Kərimli də məsuliyyətə cəlb ediləcək”

Son vaxtlar ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Azadlıq", "Amerikanın səsi" radiolarının Azərbaycanla bağlı qərəzli təbliğat apardığı, aqressiv davrandıqları müşahidə olunur. Bu işdə AXCP, “Milli Şura”, xaricdə məskunlaşmış bəzi xəyanətkar şəxslərdən – “5-ci kolon”dan istifadə olunur. Bu qrupların xaricdə yaşayan azərbaycanlıların aksiyalarını gözdən salmaq, ictimaiyyətimizin beynəlxalq hüquq-müdafiə təşkilatlarından bu məsələyə obyektiv münasibət göstərmək tələblərinə başqa don geyindirmək cəhdlərini başqa cür izah etmək mümkün deyil.

“Səs” qəzetinə açıqlamasında AXCP sədri Əli Kərimlinin əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov bildirdi ki, bu gün Azərbaycan dövləti müstəqil olaraq siyasi fəaliyyət göstərir: “Xarici dövlətlərin bəzi qaranlıq dairələri və sapı özümüzdən olan baltalar ölkəmizin beynəlxalq aləmdə qazandığı müsbət uğurlara kölgə salmağa cəhd edirlər. Bu baxımdan, yalan və böhtan xarakterli məlumatlar yayır, pozuculuğa hesablanan ittihamlar irəli sürürlər. Bununla Azərbaycan dövlətinin imicini zədələyə biləcəklərinə ümid bəsləyirlər. Ancaq onların məkrli planları iflasa uğrayır”.

N.Kərimov onu da bildirdi ki, özünü dünyaya demokratiyanın carçısı, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim etməyə çalışan ABŞ kimi dövlətlər əməli fəaliyyətlərində müstəqil siyasət aparan digər dövlətləri özlərindən asılı vəziyyətdə saxlamağa çalışırlar. Bu baxımdan da, ermənipərəst qüvvələrdən və Azərbaycandakı “Milli Şura”, AXCP, Müsavat kimi ələbaxan siyasi partiyalar və qurumlardan alət olaraq istifadə edirlər. Qərəzli fəaliyyətlərində xaricdəki “azərbaycanlılardan”, xüsusilə də, “söyüş müxalifəti”ndən də yararlanırlar. Yəni bütün vasitə və üsullardan istifadə edirlər ki, Azərbaycanın uğurlu inkişafına, hüquqi, demokratik islahatlarına, başlıcası dünyada yerinin və rolunun möhkəmlənməsinə əngəllər yaratsınlar”.

“Azərbaycan fermeri” qəzetinin baş redaktorunun sözlərinə görə, Sevinc Osmanqızının, Arif Məmmədovun, Qurban Məmmədovun, Qənimət Zahidin, Vidadi İsgəndərlinin və digərlərinin ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaları heç də səbəbsiz deyil: “Onları xarici maraqlı dairələr ölkəmizə qarşı şər və böhtanlar səsləndirməyə məcbur edirlər. Qarşılığında onlara yaşadıqları ölkələrdə oturum izni və pul verirlər. Yəni pul-para xatirinə Sevinc Osmanqızı, Arif Məmmədov, Qurban Məmmədov, Qənimət Zahid, Vidadi İsgəndərli ölkəmizə qarşı ermənidən də betər düşmən mövqe sərgiləyirlər. Onların bu əməlləri xəyanətdir, satqınlıqdır. Təbii ki, satqın və xəyanətkar heç zaman bağışlana bilməz. Ona görə də, sözügedən satqınlar harada yaşamalarından və gizlənmələrindən asılı olmayaq gec-tez həbs edilərək, layiq olduqları cəzanı alacaqlar. Söz yox ki, satqınların Bakıdakı kuratoru Ə.Kərimli də məsuliyyətə cəlb ediləcək. Çünki AXCP sədrinin bəd əməlləri hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları da məlumatlıdır. Artıq 14 iyul Bakıda parlamentin qarşısında törədilən təxribatlarda və qarşıdurmalarda Ə.Kərimlinin rolunun olduğunu təsdiq edir. Yəni bütün fakt və dəlillər Ə.Kərimlinin hüquqa zidd fəaliyyət göstərdiyini sübut edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə