“Ermənistan hakimiyyətinin iqtisadi inkişafla bağlı heç bir addımını görmürəm” Karen Adons

Statistika Komitəsi tərəfindən dərc edilən 2020-ci ilin ilk yarısına aid göstəricilərə görə, iqtisadi geriləmə var və perspektivdən söhbət belə gedə bilməz. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni iqtisadçı Karen Adons bu fikri sözügedən sayta müsahibəsində dilə gətirib.

Onun sözlərinə görə, dünya bazarında misin qiymətinin artması, konsentratların istehsalı və ixracının artması göstəricilərə müsbət təsir göstərməlidir, lakin hələ də əsaslı dəyişikliklər yoxdur.
"Ötən illə müqayisədə eniş 17 faiz, son üç ayda aylıq eniş 12 faiz olub. İqtisadiyyat 17 faiz tənəzzülə uğramışsa, buraya ehtimal olunan 8 faizi də əlavə etmək lazımdır", deyə iqtisadçı bəyan edib.
Karen Adonsun fikrincə, inkişaf üçün iqtisadiyyatın inkişaf etmiş sahələrinə etibar edilməli, investisiyaların stimullaşdırılması üçün bir siyasət hazırlanmalıdır.
"Bu gün bizim bir neçə sahəmiz var: kənd təsərrüfatı, emal, mis konsentrat istehsalı, İT və hamısı da əsas sektorlardır. Digər bazar kənd təsərrüfatı məhsullarının emalı sənayesidir, əsas bazar isə Rusiyadır. Əvvəla, siyasətimiz iqtisadiyyatın daha rəqabətli və perspektivli olması üçün sektor quruluşunu genişləndirmək, yeni sahələri, yeni sektorları inkişaf etdirmək, habelə bazarların coğrafiyasını genişləndirmək olmalıdır ki, iqtisadiyyat Rusiyadan başqa digər bazarlarda da işləsin. Əsas siyasət bazarları genişləndirmək olmalıdır, lakin bunun üçün həm də investisiya təşviqi siyasətinin, yəni investisiya üçün uyğun rəhbərliyin olması vacibdir. Ermənistan hakimiyyətinin iqtisadi inkişafla bağlı heç bir addımını görmürəm", deyə iqtisadçı Karen Adons bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə