"Bu ilin birinci rübündə Azərbaycanda insan alveri ilə bağlı 43 cinayət faktı aşkarlanıb"

"Bu ilin birinci rübündə Azərbaycanda insan alveri ilə bağlı 43 cinayət faktı aşkarlanıb"

Bu ilin birinci rübündə Azərbaycanda insan alveri ilə bağlı 43 cinayət faktı aşkarlanıb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Şahin Qocayev bildirib. Onun sözlərinə görə, bu müddətdə 18 insan alveri qurbanı müəyyən edilib. İnsan alverinə görə, 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Üç ayda DİN-in "qaynar xətt"inə insan alveri ilə 4650 müraciət daxil olduğunu deyən Ş. Qocayev onlardan yalnız birinin öz təsdiqini tapdığını deyib: "Eyni zamanda Azərbaycandan insan alveri qurbanları əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran və Rusiyaya aparılır. Lakin getdikcə Azərbaycanda insan alveri qurbanlarının sayı azalır".

 

Şahin Qocayev orqan transplantasiyasının insan alverinin tərkib hissəsi olduğunu və bunun vacib problem olduğunu qeyd edib: "Orqan transplantasiyasına qarşı mübarizə aparılır. İnsan alverinin qurbanlarına dövlət tərəfindən 200 manat məbləğində birdəfəlik müavinət verilir. Bu məbləğin yaxın zamanlarda artırılacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə