"Hər bir soydaşımız bilməlidir ki, onun arxasında güclü Azərbaycan dövləti durur" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciəti iyul ayının 24-də Kaliforniyanın Los-Anceles şəhərində, Avropanın bəzi ölkələrində erməni daşnakları tərəfindən təşkil olunmuş təxribatlar və xain hücumlar nəticəsində soydaşlarımıza qarşı törədilmiş fiziki zorluqlara beynəlxalq birliyin diqqətini cəlb etmək məqsədi daşıyır. Eyni zamanda hörmətli Mehriban xanım, uzun illər Azərbaycana qarşı qərəzli, ermənipərəst mövqeləri ilə seçilən "Freedom House", "Amnesty İnternational" kimi təşkilatlara öz vəzifə borclarını yerinə yetirməyə çağırış etdi". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, adı çəkilən təşkilatların bilavasitə vəzifə borcudur ki, dünyanın istənilən bölgəsində analoji hadisələrə obyektiv münasibət bildirsin: "Ancaq təəssüflər olsun ki, həmişə olduğu kimi, bu dəfə də onlar ənənələrinə sadiq qalaraq, həqiqətin yanında olmadılar. Etiraf etməliyəm ki, Azərbaycan xalqı onlardan hansısa ədalət gözləmirdi. Çünki bir milyon qaçqın və məcburi köçkünlərin taleyinə biganəlik göstərən, hansısa fərdi mülahizələrə görə dövləti sistemli şəkildə əsassız ittiham edən təşkilatlardan ədalətli mövqe gözləmək, sadəcə sadəlövhlük olardı. Bunun bir neçə səbəbi var. Dünyada mövcud olan geosiyasi maraqlar, artıq 100 ildən bəri oturuşmuş erməni diasporası və havadarları, ölkə daxilində fəaliyyət göstərən 5-ci kolon və düşmən dəyirmanına su tökən radikal müxalifət".
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan xalqı, Silahlı Qüvvələrimiz, xaricdə yaşayan soydaşlarımız düşmənə harda olmasından asılı olmayaraq, lazımi cavablar verirlər: "Azərbaycan artıq 90-cı illərin geridə qalmış xaotik ölkəsi deyil. Beynəlxalq nüfuzu olan, kifayət qədər inkişaf etmiş güclü dövlətdir. Siyasi, iqtisadi, maliyyə, sosial, təhlükəsizlik və digər problemlərin həll etmək iqtidarındadır. Təsadüfi deyil ki, ermənilərin törətdikləri ixtişaşlarda xəsarət almış soydaşlarımızın bütün xərcləri dövlətimiz tərəfindən qarşılanır. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir soydaşımız bilməlidir ki, onun arxasında güclü Azərbaycan dövləti durur. Çox hörmətli Mehriban xanımın müraciətinin qayəsində bu amil durur. Hesab edirəm ki, olduqca zamanında edilmiş müraciətdir və tarixi əhəmiyyəti böyükdür. Dövlət vətəndaşının arxasındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB