Mübariz Əhmədoğlu: “İran Ermənistana hərbi yardımını leqallaşdırır və artırır”

Mübariz Əhmədoğlu: “İran Ermənistana hərbi yardımını leqallaşdırır və artırır”

"İranda hakimiyyətdaxili çəkişmələr ölkəni zəiflədir. Bu ziddiyyətlər həm daxilidə cəmiyyət üçün problemlər yaradır, həm də ölkənin xarici siyasətində ciddi qüsurlar ortaya çıxarır". Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. SİA-nın xəbərinə görə, Mübariz Əhmədoğlu bu siyasi kursun İranı iflasa apardığını söyləyib: "İran inqilabının lideri Ayətullah Xomeyni nəzəriyyəçi idi və ümumi siyasi xətti müəyyənləşdirirdi. Dövlətin idarə olunmasına müdaxilə etmirdi. Ancaq hazırkı dini lider Xomneyi bir vaxtlar prezident vəzifəsini tutub və o, idarəçilik vərdişlərini yaddan çıxara bilmir. Vaxtaşırı müəyyən məsələlərdə müdaxilələr edir. Bu isə problemlər yaradır. Ərəb ölkələrində gedən proseslərə İranın müdaxilə etmək imkanının olmamasını xarici siyasətin uğursuzluğu kimi qiymətləndirirəm".

İran-Ermənistan münasibətlərində uzun illərdən bəri baş verənlərə və son vaxtlar bu proseslərdə üzə çıxan yeni elementlərə söykənərək İranın Ermənistandan asılılığı ehtimalını irəli sürmək olar. Politoloq qeyd olunan asılılığı daha çox alkaloid asılılığı ilə müqayisə edib: "Ermənistanın İranın bu qədər yaxşılığının əvəzində atdığı addımlar yuxarıdakı ehtimalı daha da möhkəmləndirir. İranla bağlı, o cümlədən İranın daxili həyatında baş verənlər haqqında neqativ informasiyaların yayılmasında erməni mətbuatı Mərkəzi Asiya da daxil olmaqla region mətbuatı içərisində liderdir və ermənilər İranın antixristian imicini yaradıblar və indi bu imici möhkəmləndirməklə məşğuldurlar. Eyni zamanda ermənilər İranın daxilində müxtəlif təxribatlarla məşğul olmaqda davam edirlər. Belə ki, Ermənistan Oşakan şəhərində İranın tarixini ələ salan abidə qoyub. İran-Ermənistan münasibətlərinin özəlliklərindən biri də budur ki, İranda çörəyin və zəruri məhsulların qiymətinin artmasına, əhalinin sosial vəziyyətinin pisləşməsinə baxmayaraq İrandan Ermənistana gələn yardımın və dəstəyin miqdarı artır".

Politoloq hesab edir ki, Ermənistanın antiirançılığı artdıqca İranda ermənipərəstlik güclənir: "Ermənistan rəsmilərinin verdiyi məlumata görə, Novruz şənlikləri vaxtı İran turistləri Ermənistanda 40 milyon dollara yaxın pul xərcləyiblər. Ermənilər bu rəqəmi 20 milyon dollar proqnozlaşdırmışdılar. Bundan əlavə İran Ermənistan üçün 4 milyard dollarlıq kommunikasiya xətti çəkmək niyyətindədir, "Qaz əvəzinə elektrik enerjisi" proqramını reallaşdırır. Bu proqramın reallaşmasından Ermənistanın qazancı 200 milyon dollardır. Və sonda İran Ermənistana hərbi yardımını leqallaşdırır və artırır".

Mübariz Əhmədoğlunun fikrincə, İranın rəhbərləri Ermənistana antiazərbaycan mahiyyətli yardım etməkdə yarışa giriblər: "Prezident yerində olmayanda ali dini lider Ermənistanla əlaqəni ön plana keçirir və Ermənistanı dünya okeanına çıxaran koridor barədə qərar qəbul edir. Prezident isə fəaliyyətə başlayan kimi işdə olmadığı dövrdə məşğul ola bilmədiyi işləri, o cümlədən ölkənin ağır sosial-iqtisadi məsələlərini bir qırağa qoyur və ilk olaraq Ermənistana köməklə maraqlanır. Müdafiə nazirinin müavinini ora göndərdi. Ola bilər, İranın prezidenti dini lideri sığortalamaq üçün bu addımı atıb. İranın bu addımı bizim üçün gözlənilməz deyildi. Amma bu addımı atmaqla İranın nə qazandığını yaxın zaman göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə