“Ermənilərin bu hərəkəti beynəlxalq hüquqa tam ziddir” ÖZƏL-MÜNASİBƏT

“Düşmən Ermənistan tərəfi 12 iyul tarixində atəşkəsi pozaraq Azərbaycanın mövqelərinə atəş açmış və Azərbaycan ordusu qətiyyətlə onların cavabını vermişdir. Söhbət ondan gedir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi bütün tərəfləri centlmen sazişi bağlamaqla atəşkəsə riayət etməyə çağırır və Ermənistanda bu centlmenlik, mədəni davranış belə yoxdur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədri xüsusilə vurğulayıb ki, Nikol Paşinyanın bir küçə uşağı olduğu bu təxribatla bir daha öz təsdiqini tapdı. “Bir tərəfdən də Ermənistan bu məsələdə Azərbaycan tərəfini günahkar bilir və guya ki, Azərbaycan tərəfi atəşkəsi pozub. Halbuki, ən adi məntiq bunu inkar edir. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Qoşulmama Hərəkatının rəhbəri kimi, həm də Azərbaycan dövlətinin başçısı kimi BMT-yə müraciət edib, koronavirusla bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və 130-dan artıq dövlət buna razı olub Ermənistan istisna olmaqla. Bu böyük bir məsələdir. Hətta Ermənistanın qarantı sayılan Rusiya dövləti belə, həm Rusiyanın Xarici İşlər Nazirliyi, həm də BMT-dəki nümayəndəsi bu koronavirusla bağlı BMT tədbirlərinə dəstək olmağı bəyan edib. Yəni, Azərbaycan rəhbərinin bu beynəlxalq nüfuzu əlbəttə ki, Ermənistanı hədsiz dərəcədə qıcıqlandırıb. İndi sual olunur ki, bütün dünya bu məsələdə Azərbaycanı dəstəklədiyi halda, Azərbaycan belə bir tədbiri keçirmək istədiyi halda nə üçün Azərbaycan atəşkəsi pozmuş olsun? Öz təklifini pozmaqdanmı ötrü? Bu gülüncdür axı. Amma birmənalı şəkildə bütün dünya bu məsələni qeyd edir və hətta Rusiyanın müstəqil politoloqları belə birmənalı şəkildə bildirirlər ki, atəşkəs Ermənistan tərəfindən pozulmuşdur. Cənab Prezident Təhlükəsizlik Şurasında bildirmişdir ki, operativ şərait olan kimi hərbi səfirliklər, ataşelər dəvət olunacaq və həmin mövqelər aparılıb göstəriləcək ki, necə bizim mövqelərimizə, hərbi məntəqələrimizə, mülki əhaliyə, kəndlərimizə atəşlər açıblar və dinc əhaliyə qarşı həm də beynəlxalq müqavilələrə zidd olaraq belə hərəkətlər ediblər.
Bütün bunların əsas səbəbi odur ki, göründüyü kimi, Azərbaycanın fonunda Paşinyanın beynəlxalq səviyyədə nüfuzu getdikcə düşməkdədir. Hətta Ermənistanın lobbiləri belə Ermənistanı hazırda maliyyələşdirməkdən xeyli dərəcədə imtina ediblər. Koronavirus Ermənistanı çulğalayıb, öhdəsindən də gələ bilinmir və Paşinyan da verdiyi vədləri yerinə yetirmir. İndi Paşinyan istəyir ki, Azərbaycan tərəfini münaqişəyə çəkməklə, guya Ermənistan cəmiyyətini birləşdirsin, hamını bir bayraq altında təcavüzə qarşı birləşdirsin və bununla da öz əhalisi arasında itirilmiş populyarlığını bərpa eləsin. Bu birmənalı olaraq belə vəziyyətdir. Onu da deyim ki, Ermənistan tərəfinin bu hərəkəti çox ciddi şəkildə qınanılır. Türkiyə Xarici işlər Nazirliyi bəyanat verərək birmənalı şəkildə Azərbaycanın haqq işini müdafiə edir. İran İslam Respublikası Azərbaycana itkilərlə bağlı başsağlığı verib. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri qarşıdurmadan çəkinməyə çağırmışdır və sair. Göründüyü kimi Azərbaycan özünün mövqelərini möhkəmləndirir. Mən onu da deyim ki, Ermənistan mətbuatı nə qədər gizləsə də 30 nəfərdən artıq itgisinin olduğunu artıq gizləyə bilmir. Özlərinin çəkdiyi videokadrlardan belə görünür ki, xeyli dərəcədə hərbi texnikaları sıradan çıxarılıb və valideyinlər bu təxribat zamanı ölmüş övladlarının cəsədlərinin alınmasından ötrü ölkədə böyük bir mitinq keçirirlər. Yəni ki, Paşinyan öz məqsədinə əslində çatmadı. Ermənistan müxalifətində əslində bir qədər də ona qarşı aqressiya yarandı və onun bu ikiüzlü siyasətinə görə getdikcə qüvvələr artıq bəlli olur.
Mən düşünürəm ki, Ermənistan tərəfi hələ öz cəzasını alacaq. Azərbaycan Respublikasının Prezidenti elan elədi ki, biz qanımızı yerdə qoymadıq, qisası aldıq, cəzanı verdik və verəcəyik. Yəni, ermənilərin bu hərəkəti doğrudan da beynəlxalq hüquqa tam ziddir və Azərbaycan tərəfi bunu diplomatik kanallarla bütün dünyaya artıq çatdırmışdır. Amma təəssüf doğuran məqamlar nədən ibarətdir? Təəssüf doğuran məqamlar ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri buna hələ də reaksiya verməyib. ATƏT-in xüsusi nümayəndəsi buna münasibət bildirməyib. Təsəvvür edək ki, əgər bu addım Azərbaycan tərəfindən olsaydı, indi onun hay-küyü göyə qalxmışdı. Sanki bu Minsk Qrupu Azərbaycanın öz torpaqlarını geri almaqdan çəkindirməkdən ötrü yaranıb. Cənab Prezident də qeyd edib ki, absurd bir məsələ irəli sürürlər ki, atəşkəs pozulmasın. Atəşkəsin pozulmaması nə deməkdir? Bu Azərbaycanın torpaqlarının işğalda qalması deməkdir. Mən bir məsələni deyirəm ki, heç zaman indiki kimi iqtidar-xalq birliyi olmayıb bu məsələdə, Qarabağ məsələsində. Çünki, artıq Azərbaycan Prezidenti çox qəti bəyanatlar verir. Hətta Ermənistanın özünün bizim qədim torpaqlarımızda yaranan bir dövlət olması, Qarabağın qəti şəkildə Azərbaycanın olması barədə bəyanatlar verir ölkə başçımız. Mən görürəm ki, sosial şəbəkələrdə Cənab Prezidentin şəklini qoymaqla hamı onun əmrinə müntəzir olduğunu elan edir ki, bu çox yaxşı haldır. Dövlətlə xalqın birliyi yüksək səviyyədədir. Əlbəttə, bəzi hallarda təxribat yönümlü hərəkətlər də olur ki, buna yol vermək olmaz.
Mən özüm İsmayıllıda şəhidin son mənzilə yola salınması mərasimində iştirak elədim. Mən şəhid atasının öz oğlu ilə fəxr elədiyinin şahidi oldum. İnsanların yaxşı münasibətini, şəhidi ilə fəxr etdiyini gördüm və qürur hissi keçirdim ki, belə bir dövlətlə, belə bir xalqla əlbəttə ki, Azərbaycan torpaqları işğalda qalmayacaqdır. Hər kəs bu saat qisas eşqi ilə yanır. Əlbəttə ki, Cənab Prezidentin dediyi kimi, beynəlxalqın şəraitin yol verdiyi təqdirdə torpaqlarımız mütləq azad ediləcəkdir. Heç kəs buna şübhə etməsin”, deyə Tahir Kərimli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...