"Qlobal həmrəyliyə böyük ehtiyac var" ÖZƏL-MÖVQE

"Dünya müharibələri ilə müqayisə olunan bu pandemiya şəraitində özünütəcrid və ayrı-ayrılıqda bu böhrandan çıxmaq siyasəti əvəzinə qlobal həmrəyliyə böyük ehtiyac var". Bunu SİA-ya millət vəkili Rafuf Əliyev deyib.

Deputatın sözlərinə görə, iyulun 8-də bu məsələ ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin Baş Katibi Antonio Quterreeşə telefonla zəng edib: "Telefon danışığı zamanı cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVİD-19 pandemiyasına qarşı mübarizədə Baş Katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Prezident İlham Əliyev və Baş Katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə edərək bildiriblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəylik nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü iyanə ayırıb, 30-dan çox ölkəyə hümanitar yardım göstərib. Bütün dünyanı bürüyən Pandemiyanın davam etməsi bir daha göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assembleyasının Xüsusi Sesiyası çərçivəsində bir araya gəlməsinə, COVİD-19 bəlasından çıxış yollarının müzakirə edilməsinə və həlli yollarının tapılmasına böyük ehtiyac vardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi Pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sesiyanın keçirilməsi təklifi ilə çıxış etmişdir. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən, BMT-nin Baş Katibi cənab Antonio Quterreş tərəfindən cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sesiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimayyət tərəfindən ölkəmizə olan böyük etimadın, Azərbaycanın ildən-ilə artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğurudur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə