Kremldən Ermənistana “balta” siyasəti

“İrates”: “Rusiya taktikasını dəyişməyə cəhd etməklə yanaşı, həm də Ermənistana təsir dairəsini dəyişdirir”

Ermənistanda anti-Rusiya meyllərinin daha da artdığı bir zamanda Rusiyanın siyasi dairələri cavab tədbirləri görməyə davam edir. Artıq bunun işartıları da görünməkdədir. Əbəs deyil ki, bu yaxınlarda Rusiya Federasiyasının Ermənistandakı səfirliyi son müddətdə erməni KİV-lərində anti-Rusiya xarakterli siyasi şərhləri, açıqlama və bəyanatları, analitik məqalələri bir araya toplayaraq Kremlə göndərib. Bu eyni zamanda belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, artıq rusların siyasi-analitik dairələri cavab atəşini amansızlıqla açmaqla yanaşı, erməni KİV-lərinin ittihamlarını, xüsusilə baş nazir Nikol Paşinyana yaxın media qurumlarının dərc etdikləri yazı və məqalələri arqument olaraq istifadə edəcək.

“Məqsəd: bütün mümkün əlaqələri kəsmək və...”

SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı Ermənistanın “İrates” nəşri maraqlı məqama toxunub. Qəzetin yazdığına görə, Ermənistanda anti-Rusiya siyasətinin güclənməsi Rusiyanı ciddi addımlar atmağa təhrik edir. “Rusiya bu günlərdə Ermənistanın siyasi arenasının müxaifətçilərə aid sahəsində bir neçə istiqamətdə intensiv işlər aparır”, yazan nəşr qeyd edir ki, hətta tanınmış siyasi güclərlə yanaşı, publik dairələrdə elə də nüfuzu olmayanlarla da əlaqələr saxanılır. SİTAT: “Rusiya taktikasını dəyişməyə cəhd etməklə yanaşı, həm də Ermənistana təsir dairəsini dəyişdirir. Əgər rus elitası əvvəllər müxtəlif kanallar vasitəsi ilə Ermənistanın siyasi hakimiyyəti ilə danışmağa səy göstərirdisə və onlara nəyisə anlamağa imkan yaradırdısa, indi həmin elita “balta” siyasətinə keçib. Məqsəd: bütün mümkün əlaqələri kəsmək və öz dairələri vasitəsi ilə situasiyanı öz xeyrinə düzəltməyə çalışmaq...”

“Bütün bunlar hakimiyyətin susqun razılığı ilə edilir və nəticədə rusları daha da qıcıqlandırır”

“İrates” eyni zamanda yazır ki, bütün bunlarla paralel olaraq Ermənistanın qərböyünmlü gücləri öz fəaliyyətlərinin pik həddinə çatıblar və onların əsas hədəfi Rusiya ilə bağlı olan bütün körpüləri yandırmaqdan ibarətdir: “Əlbəttə ki, bütün bunlar hakimiyyətin susqun razılığı ilə edilir və nəticədə rusları daha da qıcıqlandırır. Erməni və rus məmurları arasında keçilməz divar yaranıb”. “Hakimiyyətdə elə bir adam qalmayıb ki, onunla danışıqlara gedilsin. Yəqin ki, yeganə neytralitet yalnız müdafiə idarəsindədir ki, bu da tamamilə ayrı məsələdir”, adıçəkilən nəşrə yaxın mənbə bildirib və əlavə edib ki, Ermənistanın ağılsız hakimiyyətinə görə ölkə qarşıdurmalar ocağına çevriləcək. Burada isə yeganə zərərdidə xalq olacaq. Belə ki, yanlış siyasətə görə hər kəs öz payını alacaq.

“Çiçəklənən Ermənistan Partiyası” Türkiyə və Azərbaycandan niyə narahatdır?

Bu arada, Ermənistanın əsas müxalifət partiyası kimi görülən “Çiçəklənən Ermənistan Partiyası”nın lideri Qagik Tsarukyan ölkədə anti-Rusiya meyllərinin Paşinyan hakimiyyət tərəfindən süni şəkildə yaradıldığını bildirib və bunu edənləri “erməni xalqının düşmənləri” adlandırıb. O, özünün Facebook sosial şəbəkə hesabında yazıb ki, bu güclərin əsas hədəfləri iki xalq arasındakı dostluq münasibətlərini pozmağa hesablanıb.

Onun Rusiyanın 102-ci bazasının Ermənistan ərazisindən çıxarılması tələblərinə reaksiyası da maraq doğurub. Tsarukyan bu baş verərsə, Türkiyə və Azərbaycanın xeyrinə işləyəcəyini bildirib və müharibənin başlayacağı ehtimalını inkar etməyib. Lakin erməni müxalifətinin lideri unudub ki, Azərbaycan üçün 102-ci bazanın olub-olmaması problem yaratmır. Çünki 2016-cı ilin aprelində qazanılmış Aprel zəfəri və sonrakı illərdəki Naxçıvandakı Günnüt qələbəsi zamanı həmin bazanın hər hansı müdaxiləsi və s. addımları ümumiyyətlə atılmadı. Hətta Ermənistanın KTMT-yə üzv olması belə, Azərbaycan Silahlı Qüvvələrinin qələbə marşının qarşısını ala bilmədi.

Görünür, ermənilərin müxalifət lideri b reallıqları unudub. Ancaq bu gün onun baş verənlərə təsirinin olması da inandırıcı görünmür. Çünki artıq Rusiya tərəfi ermənilərin özlərinin də etiraf etdikləri kimi məhz “balta” siyasətini işə salıb. Ermənilərin isə canlarını “rus baltasından” qurtarmaq imkanları əlbəttə ki, sıfır həddindədir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə