“Araz və Kürün qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır" Komitə sədri

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmə keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, dinləmədə parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin deputatları da iştirak edib.

Dinləməni Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açaraq bildirib ki, Azərbaycanda su problemlərinin yarandığı hazırkı dövrdə bu dinləmə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunub.

S.Qurbanov qeyd edib ki, dünya əhalisinin sayı ildən-ilə artır, iqtisadiyyat inkişaf edir, sosial vəziyyəti yaxşılaşdırmaq üçün yeni biznes sahələri və zavodlar açılır: "Bütün bunlar isə ekosistemə təsir edir. Dünyada su ehtiyatları azalır. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə, ölkəmizdəki su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Əsas su mənbələrimiz olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır. Azərbaycan su məsələsi ilə bağlı 17 konvensiyaya qoşulub, lakin təəssüf ki, qonşu ölkələr olan Ermənistan və Gürcüstan həmin konvensiyalara qoşulmayıb".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov da dinləmədə iştirak edib və respublikada su təminatı məsələləri, görülən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib.

​Sonra dinləmədə geniş müzakirələr aparılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə