"Əgər işğalçı düşmən sülh yolunu anlamasa və nəzərə almasa..." ÖZƏL-MÖVQE

"Bizim əzəli torpaqlarımızın işğaldan azad edilməsində Prezidentimizin mövqeyi sarsılmazdır. Cənab Prezident İlham Əliyevin məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı qeyd etdiyi cümlələr, xalqımıza əminlik verməlidir ki, peşəkar rəhbərlik bacarıqlarını özündə cəmləşdirən ölkə başçımızın qətiyyətli addımları ilə torpaqlarımız işğaldan azad olunacaq. Artıq bunun nəticəsində məcburi köçkün vətəndaşlarımız tarixi torpaqlarımıza, mədəniyyət beşiklərimizə geri dönəcək". Bunu SİA-ya millət vəkili Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, hal-hazırda ölkəmizin hər bölgəsində aparılan müasirləşmə və infrastruktur yenilikləri, işğaldan azad olunan torpaqlarımızda da gerçkləşdiriləcəkdir: "Ölkəmizin hərbi potensialı və vətənpərvər xalqımız gücümüzü düşmənə sübut edib. Ən son baş tutan Aprel Döyüşlərinin nəticələri, cəbhə xəttində olan peşəkar hərbiçilərimiz və hərbi texnikamız, daima yenilənən müdafiə sənayemiz və ən əsası vətənpərvər oğul və qızlarımız mənfur qonşumuz olan Ermənistana birmənalı olaraq göstəririk ki, biz Ali Baş Komandanın göstərişi ilə ərazi bütövlüyümüzü bərpa etməyə qadir ölkəyik.

Ümumiyyətlə onu deyə bilərəm ki, bu gün Prezident tərəfindən aparılan islahatlar Azərbaycanın daha da güclənməyə doğru inkişafını göstərir. Gələcəyimiz üçün yetişən gənc nəslin savadlı olması, dövlətin iqtisadi və hərbi cəhətdən güclülüyü, aparılan kadr və yenidənqurma islahatlarının müsbət nəticələri Azərbaycanın hər gün daha da gücləndiyi göstəririr. Ölkənin bütün sahələrində yüksək hədəfli inkişaf özünü hərbi sferada, ordumuzda da göstərir. Bacarıqlı hərbçi kadrların formalaşdırılması, vətənpərvər ruhda əsgərlərimizin olması, hərbi texnika bazamızın günü-gündən təkmilləşdirilməsi buna aiddir və ölkəmizin gücünü ortaya qoyur.

Cənab Prezidentin çıxışlarında Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər işğalçılara açıq ismarıcdır və münaqişənin sülh və diplomatiya yolu ilə həlli üçün hal-hazırda da işlər aparılır. Əgər işğalçı düşmən sülh yolunu anlamasa və nəzərə almasa Azərbaycan dövləti sözdən əmələ keçəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə