"Mövcud şərait vətəndaşların daha məsuliyyətli olmasını zəruri edir" Vüqar Bayramov

“Koronavirus pandemiyasının Azərbaycan vətəndaşına təsirinin minimuma endirilməsi məsələsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarətindədir. Dövlət başçısının həyata keçirdiyi siyasət bir tərəfdən virusun əhalinin sağlamlığına təsirinin minimuma endirilməsi məqsədini daşıyırsa, digər tərəfdən pandemiyanın sahibkarlara, muzdla işləyənlərə, eləcə də işləməyən vətəndaşlara təsirinin azaldılmasına xidmət edir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Prezidentinin tapşırığı ilə dəstək paketləri hazırlandı və onlar hazırda icra olunur. Azərbaycan koronavirusla mübarizədə gözəl nümunə göstərdi, Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, COVID-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələr sırasında yer aldı. Bu da təbii ki, Azərbaycan Prezidentinin birbaşa həyata keçirdiyi qətiyyətli, preventiv siyasətin nəticəsi kimi qiymətləndirilir.

Millət vəkili qeyd edib ki, pandemiya ilə mübarizədə vətəndaşların qaydalara əməl etməsi son dərəcə zəruridir. Təəssüf ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra vətəndaşlarda arxayınlıq yaranıb. İnsanlar sanitar-gigiyenik qaydalara riayət etmir, sosial məsafəni gözləmirlər. Bu da təbii ki, yeni yoluxma hallarının sayında artım müşahidə olunmasına gətirib çıxarıb və əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq çətinləşib. Mövcud şəraitdə hər bir vətəndaşın daha məsuliyyətli olmasına, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi siyasətə daha yaxından dəstək olmasına böyük ehtiyac var.

“Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından koronavirusla mübarizə hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilməlidir. Bu səbəbdən əvvəlki dövrdə nümayiş etdirilən həmrəyliyi yenidən və güclü şəkildə davam etdirmək çox vacibdir. Hər birimiz qaydalara ciddi əməl etməli, xəstəliyə yoluxmamaq üçün təhlükəsizlik tədbirlərinə məsuliyyətlə yanaşmalıyıq. Tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi mütləqdir. Virusun lokallaşdırılması və onun təsirinin azaldılması hər birimizin qaydalara əməl etməyimizdən asılıdır. Məhz bu zaman pandemiyaya qarşı mübarizədə əldə edilmiş uğurları, pozitiv nəticəni qoruyub saxlaya, virusun lokallaşdırılmasına nail ola bilərik”-deyə, deputat söyləyib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə