Armenianreport: Sabah müharibə olarsa kimə ümid etməliyik? ANALİTİK + ŞƏRH

Ermənistan təlaş və qorxu içində çabalayır

“Biz kimə ümid etməliyik? Cavab kədərli və həqiqəti əks etdirir – heç kimə”. SİA xəbər verir ki, bu barədə Ermənistanın armenianreport agentliyinin sətiraltı şəkildə Azərbaycanın hərbi qüdrətinin etiraf olunduğu analitik yazısında qeyd olunub. O da bildirilib ki, növbəti dəfə erməni xalqı öz tarixində müqəddəratını qoruyub-saxlamaq üçün ölüm-dirim mübarizəsinə başlamaq məcburiyyətində qalacaq.

Əslində bu zəifliyin, dövlətə və hakimiyyətə etimadsızlığın və ümumiyyətlə, ermənilərin daim kimlərinsə dəstəyinə ehtiyaclı olduqlarının etirafı kimi də qiymətləndirilə bilər. Ona görə də sözügedən yazıda Azərbaycan tərəfi “düşmən” kimi göstərilməklə yanaşı, həm də güclü orduya malik olan ölkə olaraq qəbul olunur. Yəni ermənilər bunu istəsə də, istəməsə də, Azərbaycanın qüdrətli Silahlı Qüvvələri qarşısındakı acizliklərini dərk etmək məcburiyyətindədirlər. Əks halda, “Sabah müharibə başlarsa” başlıqlı təhlili yazı ümumiyyətlə işıqlandırılmazdı....

“Divanda oturan hərbi strateqlər daha yaxşı olardı ki, düşməni qiymətləndirsinlər”

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Mərkəzi qərargah məntəqəsində ordu rəhbərliyi ilə kerçirdiyi xidməti iclasındakı çıxışı da düşməni təlaşlandırıb. Bu baxımdan, ermənilər hər an Ali Baş Komandanımız, cənab İlham Əliyevin hücum əmri verməsi reallığından ciddi şəkildə narahat olublar.

Ancaq daha bir maraqlı məqam sözügedən məqalədə ermənilərin ofis divanında oturub hərbi strateqlərinin və taktiklərinin boş-boş fikirlərinə ironik yanaşmasıdır. SİTAT: “Bəzi divanda oturub hərbi strategiya və taktika barədə danışanlara skeptik yanaşma edim. Guya Həsənov (müdafiə naziri-red.) ilk dəfə deyil ki, bizi təhdid edir. Bəli, ilk dəfə deyil. Lakin daha yaxşı olardı həmin adamlar rəqibi qiymətləndirməmək yerinə, qiymətləndirməyi anlamalı, dərk etməlidirlər. Qiymətləndirməməyin fəsadları çox ağrıdıcı ola bilər”.

Daha bir ilginc məqam isə Ermənistanda tüğyan edən COVİD-19 pandemiyasının verdiyi ağır fəsadlarla bağlıdır. Belə ki, sözügedən təhlildə erməni müəllif qeyd edir ki, hakimiyyət virusun təhlükəsini və dağıdıcı təsirlərini düzgün qiymətləndirməyi bacarmayıb və müharibə olarsa, Ermənistan məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq.

“İqtisadiyyat və səhiyyə tamamilə dağılıb... Bizim ordu güclü ola bilmədi”

“Nəticədə biz kütləvi şəkildə yoluxanların və ölənlərin şahidlərinə çevrilirik, o cümlədən iqtisadiyyat və səhiyyə də tamamilə dağılıb. Sonuncu hal müharibə təhlükəsinin yaxınlaşdığı vaxt xüsusilə vacib əhəmiyyət daşıyır”, yazıda vurğulanır. SİTAT: “Bundan əlavə, təkrar edirəm ki, Bakıda “Düşmən anlamalıdır ki, bizim tərəfimizdən tətbiq ediləcək ölçülər bu dəfə 2016-cı ilin aprel hadisələrindən fərqli olacaq, vurulacaq zərbələr isə bütünlüklə siyasi, iqtisadi və hərbi süquta gətirib-çıxaracaq” bəyanatının verilməsi planlarının açıq şəkildə bəyan edilməsi ciddi təhlükədir”.

Erməni müəllif Ermənistanın mövcud ağır durumunun, həmçinin aprel məğlubiyyətinin əsas baiskarları kimi Serj Sarkisyanı, Seyran Ohanyanı, Yuri Xaçaturovu göstərir və Azərbaycanın hərbi ritorikasını nədənsə onlarla əlaqələndirməyə çalışır. Lakin daha bir fakt budur ki, hətta Ermənistanın Nikol Paşinyan rejimi belə, müharibə başlayarsa, ağır zərbələr altında məğlub olmaq təhlükəsini yaşamalı olacaq.

Beləliklə, Ermənistanın sabiq baş qərargah rəisi və KTMT-nin keçmiş baş katibi Xaçaturovu ittiham edən müəllif yazır: “Təəccüblü deyil ki, Xaçaturov Aprel müharibəsi ilə bağlı parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyasının suallarını cavablandırmaq marağında deyil. Təəccüblü budur ki, ona qarşı hazırkı zamana qədər cinayət işi tətbiq olunmayıb. Lakin daha təəccüblüsü budur ki, Sarkisyan və Ohanyana qarşı hələ də məhkəmə keçirilməyib. Onların günahları bəllidir və onların nəyisə gizlətməyə də imkanları yoxdur. Bütün bunlara baxmayaraq, heç nə edilmədi. Hətta ordunun gücləndirilməsi reallığında da heç bir addım atılmadı. Böyük səs-küylər, piarlar oldu, lakin praktiki cəhətdən bizim ordu güclü ola bilmədi. Əksinə, o zəiflədi, xüsusilə Naxçıvan istiqamətində. Artıq günahların bir hissəsi də yeni hakimiyyətin ayağına yazılır. Yeni hakimiyyətin günahı isə budur ki, düşmən bütün imkanlardan istifadə edə bilir...”

Prezident İlham Əliyevin bəyanatı erməniləri qorxuya salıb, düşməni yerindən oynadıb

Bunun səbəblərindən biri kimi, erməni müəllif Nikol Paşinyanın hakimiyyətdaxili rəqiblərinə qarşı başının qarışmasını göstərir.

Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqınlar və məcburi köçkünlərlə görüşü zamanı “Dünyada güc faktoru birinci plana keçir” fikrini təhlil edən erməni müəllif rəsmi Bakının bu planını da dünya ölkələri tərəfindən dəstəkləndiyini və haqlı müharibə aparan tərəf kimi qəbul olunduğunu bildirir. “Dünyada praktiki olaraq nə Ermənistana, nə də “Artsaxa” dəstək hiss edilmir”, deyə müəllif qorxu hisslərini gizlədə bilmir.

Həmçinin iddia olunur ki, Azərbaycan rəhbərliyi Ermənistanın belə bir çətin vəziyyətə düşməsindən ruhlanır və öz gücünü göstərmək əzmini artırır. Buna misal olaraq, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlər üçün istifadəyə verilmiş yaşayış kompleksinin açılışı zamanı zamanı ifadə etdiyi digər fikri önə çəkilir. SİTAT: “Bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün (qaçqın və məcburi köçkünlər üçün – red.) müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad edildikdən sonra, bu cür gözəl binaları, şəhərcikləri ermənilər tərəfindən dağıdılmış şəhərlərimizdə yenidən tikəcəyik”.

Məhz bu sitatı önə çəkən erməni müəllif Azərbaycanın hər an müharibəyə hazır olduğuna işarə edir.

“Ölkə indi iqtisadi, demoqrafik tənəzzülə uğramaqla yanaşı, həm də ruh düşkünlüyünə düçar olub”

Söz yox ki, bu Azərbaycanın haqq səsidir və dövlət rəhbərliyi tərəfindən verilən bəyanatlar onları ciddi şəkildə narahat etməklə yanaşı, ermənilər beynəlxalq təşkilatların da Azərbaycanın ədalətli mövqeyinə dəstək verdiyindən təlaş keçirirlər. Bu baxımdan, “ATƏT-in Minsk qrupunu təmsil edən üzv ölkələrin həmsədrlərindən heç biri Zakir Həsənovun və İlham Əliyevin açıq şəkildə müharibəyə hazır olduqlarını əks etdirən bu sözlərini ittiham etmirlər. KTMT də susur. Bu zaman kimə ümid etməliyik? Cavab bəlli və səmimidir – heç kimə...”, deyə armenianreport-un analitik yazarı qeyd edir və Paşinyan hakimiyyətini hədəfə alır. SİTAT: “Lakin fakt ondadır ki, mövcud hakimiyyətin əlində bütün “kozırlar” olub ki, vəziyyət bu qədər kritik həddə çatmasın. Bütün demokratik dünya inqilabdan sonra Ermənistanın tərəfində idi... Lakin “məxməri hakimiyyət” əldə olan bütün üstünlükləri bazara çevirdi. Hakimiyyət bununla yanaşı, Rusiya ilə münasibətləri pozdu, həmçinin vəziyyəti o həddə qədər çatdırdı ki, İran daha çox Bakının tərəfindən çıxış etməyə başlayıb. Üstəgəl, ölkə indi iqtisadi, demoqrafik tənəzzülə uğramaqla yanaşı, həm də ruh düşkünlüyünə düçar olub. Məhz qarşı tərəf də (Azərbaycan-red.) mütləq bundan istifadə edəcək”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...