Azərbaycan tərəfi Paşinyana adekvat bir cavab verməlidir - ŞƏRH ÖZƏL

“Qondarma rejimdə andiçmə mərasiminin keçirilməsi Azərbaycan xalqına təpki və təhqirdir. Çünki Şuşa Azərbaycanın mədəni və tarixi göz bəbəyidir. Burada əsrlər boyu Azərbaycan xalqı yaşayıb”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Paşinyan bu addımları qəsdən atır: “Əvvəla bu danışıqlar fonunda sübut etmək istəyir ki, danışıqlar artıq dalana dirənib, mən bildiyimi edirəm və bildiyim də budur: “Mən işğal edilmiş torpaqlarda harada istəsəm bu cür tədbirləri də keçirməyə hazıram. Bütün bunların fonunda düşünürəm ki, Paşinyanın bu addımları həm də bir təxribatdır. Zənnimcə Paşinyanın əsas məqsədi kiçik bir müharibə aparmaqdır. Çünki Paşinyan başa düşür ki, onun reytinqləri aşağı düşüb”.

F.Sadıqov vurğulayıb ki, Paşinyanın 2018-ci illə müqayisədə reytinqi iki dəfə aşağı düşüb və nəsə etməlidir ki, reytinqlərini qaldıra bilsin: “Çünki daxili auditoriya onu görməli və reaksiya verməlidir. Eyni zamanda o başa düşür ki, əgər azərbaycanlıları qıcıqlandırsa, bu cür kiçik müharibə ilə onun qəhrəman kimi qələmə verilməsi məsələsi yenə gündəmə gələ bilər. Fikrimcə Azərbaycan tərəfi Paşinyana adekvat bir cavab verməlidir. Bu hansı şəkildə ola bilər? Təbii ki, aktiv hücumedici diplomatik addımlarımızla. Biz səfirliklərimizi, diaspora təşkilatlarımızı ayağa qaldırmaqla siyasi dairələrlə əlaqə saxlamalı, aparıcı dövlətləri bu məsələyə cəlb etməliyik və cəbhə bölgəsində təlim keçən bizim Silahlı Qüvvələrimiz bəlkə də artıq hücuma keçməlidirlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə