Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının sessiyasında iştirak edəcək
Bu gün İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası öz işinə başlayır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sessiya may ayının 13-ə qədər davam edəcək. Azərbaycanı tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri təmsil edəcək. Sessiya çərçivəsində beynəlxalq poçt sahəsi üzrə bir sıra məsələlərin müzakirəsi və ÜPİ-nin bəzi orqanlarına seçkilərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan nümayəndələri sessiyada ölkənin poçt sektorunda ÜPİ-nin texniki dəstəyi ilə həyata keçirilən bir sıra layihələr haqqında məruzələrlə çıxış edəcək.
Həmçinin tədbir əsnasında BMT-nin bu ixtisaslaşmış təşkilatı ilə Azərbaycan arasında gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadilələri aparılacaq. Bundan əlavə sessiya çərçivəsində təntənəli mərasim zamanı sürətli poçt xidmətlərinə (Express Mail Service – EMS) görə "Qızıl səviyyəli Sertifikat" Azərbaycan tərəfinə təqdim olunacaq.

ÜPİ EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil məsləhətçi şirkətlər tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır. Bundan sonra ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. Azərbaycanın EMS operatoru Azərekspresspoçt Rabitə müəssisəsi artıq beşinci dəfədir ki, Qızıl sertifikatla mükafatlandırılıb.
Xatırladaq ki, Azərbaycan ÜPİ-nin iki ali orqanları olan Administrativ Şurasının və Poçt İstismarı Şurasının üzvüdür. Belə vəziyyətdə respublika İttifaqın bütün tədbirlərində iştirak etmək, ümumi işə öz töhfələrini vermək, eləcə də qarşıya qoyulan bütün vəzifələri və öhdəlikləri yerinə yetirmək imkanı qazanır.

Bütün xəbərlər Facebook səhifəmizdə