Eldəniz Quliyev: “Milli Şura” mutasiyaya yol verib”
“Milli Şura”nın daxilində, eləcə də ictimai rəydə qalmaqallı, səs-küy yaradan bəlli virtual toplantısından sonra qurumun yaradıcılarından olan koordinasiya şurasının üzvü Eldəniz Quliyevin istefa verməsi və istefasının səbəblərini izah etməsi artıq belə bir qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, əslində AXCP sədri Əli Kərimlinin, məhz onun dirijor çubuğu ilə idarə etdiyi müqəvva sədr Cəmil Həsənlinin, habelə koordinasiya şurası üzvlərinin siyasi sonluqlarına sayılacaq zaman qalıb. Əbəs deyil ki, E.Quliyev “Milli Şura” rəhbərliyini ittiham edərək istefa verməsinin ardınca ona qarşı cəbhəçi trolların hücumlarına start verildi, hətta Ə.Kərimlinin sosial şəbəkədəki söyüş maşını bu dəfə E.Quliyevə tərəf yönləndirildi. Bütün bunlardan sonra isə, E.Quliyev cavab verməliydi və verdi də...
SİA xəbər verir ki, Facebook sosial şəbəkəsində fikirlərini bildirən E.Quliyev yazıb ki, “Milli Şura”dan istefa verməyinin səbəbləri ilə bağlı saysız-hesabsız suallara cavab vermək məcburiyyətindədir və ümid edir ki, dedikləri səmimi qəbul ediləcək. Yəni o, əvvəlcədən özünü Ə.Kərimlinin trollarının söyüş dalğasına hazırlayıb və necə deyərlər, sığortalayıb. Amma buna da rəğmən, tərk etdiyi “Milli Şura”nı hədəfə almaqdan yayınmayıb.
“Mərdi qova-qova... namərd oldular!”
Əbəs deyil ki, “Əgər istefanın səbəbini bir neçə kəlməylə izah etməli olsaydım, deyərdim: mərdi qova-qova... namərd oldular!..”, deyən E.Quliyev ilk başdan Ə.Kərimli-C.Həsənli cütlüyünü, eyni zamanda koordinasiya şurasının üzvlərini namərdlikdə suçlayıb.
Beləliklə, onun “demokratik dəyərlər”, “mübarizə prinsipləri” və s. kimi pafoslu ifadələrini çıxmaq şərti ilə, əsasən, ittihama köklənmiş fikirlərinə nəzər sala bilərik. Daha hansı səbəbləri və qeydləri aparıb E.Quliyev? Məsələn, “Milli Şura” qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi”, deyə qeyd edən E.Quliyev xüsusilə, cinsi azlıqların əvvəlcə hədəfə alınmasını, sonradan isə, buna görə üzr istənilməsini əsas gətirməklə, ittihamlarını davam etdirib. SİTAT: “Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və... o qrupun çəkisi ağır gəldi.(?!). Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cürə qəbul edə bilməzdim...”.
Məhz bu fikirlərdən də belə bir nəticə hasil etmək olar ki, “Milli Şura” onsuz da xalqın mənafeyi barədə heç vaxt düşünməyib, daim özünü xalqdan təcrid edib, xalqın adından pafoslar səsləndirib, ancaq əsasən, Avropadakı donor təşkilatlardan bəhrələnməyi üstün tutub. Nəzərə alarsaq ki, Avropada cinsi azlıqlara və LGBT-yə baxış müsbət cəhətdəndir, bu zaman Gültəkin Hacıbəylinin əvvəlcə cinsi azlıqları hədəfə alması və sonradan üzrxahlıq etməsi bilavasitə Avropadakı dayaqları itirməməyə hesablanmış addımdır. Daha dəqiq desək, AXCP sədri G.Hacıbəylini və onun kimi çıxış edənlərin fikirlərinə görə üzr istəməyə məcbur edib. Bu amil isə E.Quliyevin maraqlarına cavab vermədiyi üçün, o dərhal istefa verərək, “Milli Şura”nın cinsi azlıqlarla, LGBT ilə mutasiya etdiyini bildirib. O cümlədən, sabiq “milli şuraçı” belə fikir dəyişkənliyini qurum üçün intihar olduğunu da istisna etməyib və “Xalqın mental dəyərlərinin ayaqlar altına atılması “Milli Şura” üçün intihara bərabər hərəkət idi” deyə səbəblər toplusunda yazıb.
“Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, “Milli Şura” rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!..”
SİTAT: “Sabah “Milli Şura”ya kim inanacaq, kim dəstək verəcək? Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə taleyüklü məsələləri görməzdən gələk?! Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli sayıram”.
E.Quliyev eyni zamanda bildirib ki, dəfələrlə bu haqda deyib, təkrar edib, tələb, xahiş edib: “Ki, belə fəaliyyət, belə münasibət düzgün deyil, təhlükəlidir, bu yol bir baş məğlubiyyətə aparır və s. və i.a. Sözüm divara dəyib düşdü. Eşidilmədi. Qulaqardına vuruldu. Qəsdən. Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, “Milli Şura” rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!.. Əks halda, hörmətli (inanın ki, bu an “hörmətli” kəlməsini zorla işlədirəm, - E.Q.) Cəmil Həsənli, Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi... Mən yatıb heç yuxuda da görə bilməzdim ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı,ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara bunca sevgi nümayiş etdirərlər. Sədd heyif!..”
Beləliklə, E.Quliyev bütün kartları açığa çıxardı və fakt budur ki, “Milli Şura”nın Qərb dairələri ilə sıx təmasda olduğunu, anti-Azərbaycan təşkilatlarından öhdəlik götürdüyünü açıq-aşkar etiraf edib. Edib və çox yəqin ki, düz də edib. Çünki əvvəl-axır bu reallıq üzə çıxacaq idi...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB