"Bu, Trampın Dağlıq Qarabağla bağlı verdiyi vədin davamıdır" ÖZƏL - AÇIQLAMA
"Ağ Evin və ABŞ Dövlət Departamentinin Fransa ilə birlikdə səyləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2019-cu il 9 martda təyin etdiyi variant üzrə Dağlıq Qarabağ münaqişəsinin tam tənzimlənməsinin başlanğıcını qoymaq yolundadır". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Mübariz Əhmədoğlu ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə məktubunda təzahürünü tapan məsələləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın Müstəqillik Gününün qeyd olunmasına demək olar ki, 2 həftə qalıb və müqayisə üçün deyə bilərəm ki, ermənilərin Amerikadan gözlədiyi 24 aprel uydurma "soyqrımı" ilə bağlı müraciəti, Tramp, bir sutka yubatdıqdan sonra göndərdi və biz burada ən azı tarix cəhətdən də yanaşmada fərqi görürük:
"Tramp Azərbaycanı Avropanın enerji problemlərinin həllində özünün, yəni, ABŞ dövlətinin birgə tərəfdaşı kimi görür. Bu, birgə tərəfdaşlığın və əməkdaşlığın ömrünü daha da artıq edir. Təxminən 30 ildir ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyi uğrunda birgə mübarizə aparır. Bu indiki dövrdə çox vacib bir geosiyasi işarədir. Çünki, əslində dünyanın koronavirus pandemiyası ilə bağlı böhrana düşdüyü bir dövrdə enerji aktivlərinin rolu və mahiyyəti, enerji təhlükəsizliyinin mahiyyəti dəyişib və bu vaxt Trampın Azərbaycana istinad etməsi ölkə rəhbərliyinin gördüyü işə çox böyük dəstəkdir".
Enerji təhlükəsizliyi ilə bağlı məsələlərin ABŞ üçün əhəmiyyətinin böyük olduğunu vurğulayan ekspert bildirib ki, bu yaxınlarda OPEK+ çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanın neftlə bağlı danışıqlarının bərpa olunmasında Tramp özü şəxsən iştirak etdi:
"Donald Tramp Azərbaycanda aparılan islahatları görür və bu islahatları demokratik idarəetmənin başlanğıcı kimi dəyərləndirir. Bu bizim ölkəmizdə son dövrlərdə aparılan islahatlara verilən ən yüksək qiymətdir. Bu qiymət dünyanın ən böyük və güclü ölkəsinin rəhbəri tərəfindən verilib. İlham Əliyev 2018-ci ildə Prezident seçildikdə bütün sahələr üzrə islahatları vəd etdi və bu istiqamətdə də islahatları reallaşdırdı. Artıq, bütün sahələrdə Azərbaycanda islahatlar gedir".
Mübariz Əhmədoğlu qeyd edib ki, ən vacib məsələlərdən biri Trampın Azərbaycanın dövlət müstəqilliyi və suverenliyini dəstəkləməsidir və əgər həqiqi mənada yanaşsaq Tramp özü də bilir ki, yaxında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sülh müqaviləsi imzalanmalıdır:
"Yəni, Ağ Evin və ABŞ Dövlət Departamentinin Fransa ilə birlikdə səyləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2019-cu il 9 martda təyin etdiyi variant üzrə Dağlıq Qarabağ münaqişəsinin tam tənzimlənməsinin başlanğıcını qoymaq yolundadır. Əslində Tramp, indiki dövrdə Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi prinsiplərinin reallaşacağının anonsunu bir daha verdi.
Onu da deyim ki, ABŞ Dövlət Departamentinə qarşı rəsmi İrəvanın və ABŞ-dakı ermənilərin, məhz, 9 mart 2019-cu ildə yenilənmiş modern prinsiplər əsasında hazırlanmış sənəd üstündə apardığı müharibədən də xəbərdaram. Həmin sənəd üstündə indinin özündə də müharibə gedir. Trampın məqsədi həmin sənəd üzrə müqavilənin reallaşmasıdır. Trampın dediklərini Dağlıq Qarabağla əlaqədar keçən ilki müraciətində verdiyi vədin davamı kimi qiymətləndirirəm. O bildirmişdi ki, müəyyən müddətdən sonra sənəd imzalanacaq. Burada o, vaxt çərçivəsi qoymuşdu. Ermənilər bu prosesi yubatmağa çalışsalar da bu dəfə müqavilənin imzalanmasını yubada bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB