“İyrənc fikirlər səslənib, üzr istəməlidirlər”
“Milli Şura”nın koordinasiya mərkəzinin “zoom” torpantısı yalnız məlum cinsi azlıq qalmaqalı ilə müşahidə olunmayıb. SİA-ya daxil olan məlumata görə, sözügedən virtual toplantıda məhz AXCP sədri Əli Kərimlinin özəl sifarişi əsasında qurumun sədri Cəmil Həsənli Müsavat partiyasını və onun başqanını, eləcə də funksionerlərini hədəfə alan fikirlər bildirərək, qarşı tərəfi “demokratik düşərgəyə” xəyanət etməkdə suçlayıb. O cümlədən, qurumun digər üzvləri də səs-səsə verərək, müsavatçıları alçaldan fikirlər irəli sürməklə, qarşı tərəfi təhqirlərə məruz qoyublar.
Görünür, AXCP sədri və onun “Milli Şura”dakı əlaltıları, habelə müqəvva sədr təsiri bağışlayan C.Həsənli hələ də, Müsavat partiyasının onları qapını çırparaq tərk etməsi hadisəsini unutmayıblar və hazırda da, müsavatçılara qarşı nəinki kin, o cümlədən nifrət bəsləyirlər.
Fərəc Kərimli: “İyrənc fikirlər səsləndirilib”
Ancaq bu məsələnin daha bir ilginc tərəfi budur ki, “Milli Şura” qapalı virtual iclas keçirəcəyini xəbər vermişdi və həmin iclasın canlı şəkildə efirə getməsi ilə əvvəlcədən edilmiş xəbərdarlıq üst-üstə düşmür. Daha dəqiq desək, onların fikirlərini guya hakimiyyət tərəfindən ictimailəşdirilməsi iddiası əslində alt-üst olur. Əbəs deyil ki, Müsavat partiyasının başqan müavini Fərəc Kərimli sözügedən məsələyə və əsasən də, “Milli Şura” funksionerlərinin onları təhqir etməsinə münasibət bildirərkən deyib ki, iclasının davamında daha iyrənc fikirlər səsləndirilib. SİTAT: “Müsavat partiyası “Milli Şura”nın sədri tərəfindən, koordinasiya kərkəzinin üzvləri tərəfindən təhqir edilib. Cəmil Həsənli və digərləri Müsavat partiyasından, cəmiyyətdən dərhal üzr istəməlidir. Bu biabırçılıqdan fikir yayındırmaq üçün hələ bir status da yazıb ki, guya iclas qapalı olub və hakerlər tərəfindən yazılıb. Halbuki iclasda xəbərdarlıq edilir ki, iclas canlı efirə gedir”.
Səxavət Soltanlı: “Cəmil Həsənli Müsavat partiyasından üzr istəməlidir”
Arif Hacılının digər müavini Səxavət Soltanlı da “Milli Şura” üzvlərini iclasda Müsavat partiyasının ünvanına səsləndirdikləri fikirlərə görə tənqid edib və belə məsələlərin yolverilməz olduğunu bildirib. “Cəmil Həsənli Müsavat partiyasından üzr istəməlidir”, deyə tələb irəli sürən S.Soltanlının fikirlərini müsavatçılar da dəstəkləyiblər. Onlar qarşı tərəfi tərbiyəsizlikdə, məsuliyyətsizlikdə və s. məsələlərdə ittiham atəşinə tutaraq, “Milli Şura”nın müxalifət düşərgəsi üçün üz qarası olduğunu bildiriblər.
Xatırladaq ki, Müsavat partiyası 2013-cü ilin prezident seçkiləri ərəfəsində “Milli Şura”nın tərkibindən çıxaraq, bu qurumun Rusiyanın qaranlıq dairələri ilə iş birliyində olduğunu bəyan etmişdi. Həmçinin bildirilmişdi ki, qurum sifarişlər əsasında fəaliyyət göstərir və xarici qüvvələrə nökərçilik edir.
Necə deyərlər, köhnə hamam, köhnə tas...
Digər tərəfdən, həmin zamanlarda quruma sədrlik edən Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı mümkünsüzlüyü üzə çıxandan sonra, “Milli Şura” sədrliyinə iddialı olan əsas adamlardan biri də Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər olmuşdu. Ancaq AXCP sədri Ə.Kərimlinin və onun sifarşçilərinin təsiri ilə İ.Qəmbər həmin quruma sədr seçilməməklə yanaşı, həm də müxalifətin vahid namizədi də ola bilməmişdi. Onun iddialı olduğu yerə isə C.Həsənli “seçilmişdi”. Bu faktın üzərindən kifayət qədər zaman keçsə də, tərəflər arasında savaş davam edir və “Milli Şura” funksionerlərinin və sədrinin müsavatçıları təhqirlərə məruz qoymalarının da təməlində həmin məsələnin də dayandığı şübhəsizdir. Necə deyərlər, köhnə hamam, köhnə tas...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB